ATU-nun İmtahan Mərkəzi əlavə imtahanlar təşkil edib

Azərbaycan Tibb Universitetində (ATU) qış imtahan sessiyası başa çatıb. Üzrlü səbəbdən imtahanda iştirak etməyən və ya sessiya ərzində 2 fəndən müvəffəqiyyət qazana bilməyənlər ATU-nun İmtahan Mərkəzinin fevralın 3-ü, 6-sı və 7-də təşkil etdiyi imtahanlarda iştirak ediblər.

 

Bu barədə məlumat verən İmtahan Mərkəzinin rəhbəri filologiya üzrə fəlsəfə doktoru Ülkər Cəfərova imtahanların yüksək səviyyədə təşkil olunduğunu bildirib. Tələbələrin ən çox “Histologiya” fənnindən müvəffəqiyyət qazanmadığını qeyd edib: “Bu semestr müalicə-profilaktika fakültəsində oxuyan və “Histologiya”dan kəsiri olan 48 əcnəbi tələbə yenidən imtahana qatıldı. Stomatologiya fakültəsindən isə 103 tələbənin adıçəkilən fəndən kəsirləri var idi. Onlardan Azərbaycan bölməsindən 35 nəfər təkrar imtahan verdi”.

 

Ü.Cəfərova tələbələrin digər fənlərdən də kəsirləri olduğunu qeyd edib. Fənlər sırasında “Anatomiya”, “Patoloji fiziologiya” və s. adlarını çəkib. O, eyni zamanda imtahan nəzarətçilərinin aşkar etdiyi qayda pozuntularından da söhbət açıb: “Nəzarətçilərimiz tərəfindən bir tələbənin digər tələbənin əvəzinə imtahan verməsi faktı üzə çıxıb. Bu barədə rektorluğa təqdimat yazılıb. Həmin tələbə ilə bağlı uyğun qərar qəbul ediləcək”.

 

 



09.02.2023 | 11:15