MDU "IT Hub Azerbaijan" layihəsində təmsil olunacaq

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və “StrategEast” müəssisəsinin birgə əməkdaşlığı ilə “IT Hub Azerbaijan” layihəsinə start verilib. Müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, elm və təhsil müəssisələrinin nümayəndələrinin təmsil olunduğu layihənin açılış tədbirində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov da iştirak edib.

 

Rektor təmsil etdiyi ali təhsil müəssisəsinin sözügedən layihəyə cəlb olunmasına görə təşəkkürünü bildirib, layihənin gənclərin İT sahəsində karyera inkişafı üçün unikal imkanlar yaratdığını deyib. Ş.Bayramov bu təşəbbüsün qlobal və milli əmək bazarının tələblərinə cavab verən kadr potensialının gücləndirilməsinə və regional ekosistemin inkişafına mühüm töhfə verəcəyinə əminliyini vurğulayıb.

 

Qeyd edək ki, layihənin məqsədi regionlarda informasiya texnologiyaları sahəsində bilik və bacarıqların artırılmasına, bu sahəyə investisiyaların cəlb edilməsinə, yeni iş yerləri və karyera imkanlarının yaradılması proseslərinə dəstək göstərməkdır. Layihə çərçivəsində ilkin mərhələdə Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikası olmaqla Azərbaycanın regionlarında 19-30 yaş kateqoriyasına aid gənclərin ödənişsiz şəkildə İT təlimlərində iştirak etməsi və proqramı uğurla bitirən gənclərin sırasından seçilmiş namizədlərin ölkəmizdə qalmaqla xarici şirkətlərdə işlə təmin edilməsi nəzərdə tutulur. Təlimlər beynəlxalq ekspertlər tərəfindən kompüter elmləri, proqramlaşdırma, biznes təhlili və digər mövzularda 11 ay müddətində onlayn şəkildə aparılacaq.

 



09.02.2023 | 10:04