Tanınmış ziyalıların iştirakı ilə "Oxu mədəniyyəti" layihəsinə start verilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər planı çərçivəsində “Oxu mədəniyyəti” layihəsinə start verilib.

 

Tədbirdə millət vəkilləri Etibar Əliyev, Fazil Mustafa, Nizami Cəfərov, ölkənin tanınmış ictimaiyyət nümayəndələri professor Şahlar Əsgərov, Kərim Tahirov, Rəşad Məcid, Elçin Şıxlı, Qulu Məhərrəmli, Seyran Səxavət, Şahbaz Xuduoğlu, Teymur Kərimli, Aqşin Yenisey, Qismət Rüstəmov iştirak ediblər.

 

UNEC rektoru professor Ədalət Muradov qonaqları salamlayaraq, ölkənin sevilən və seçilən ziyalıları ilə görüşün universitet həyatında özünəməxsus yeri olduğunu bildirib. Rektor “Heydər Əliyev İli” çərçivəsində gənclərin mütaliəyə marağının artırılması və oxu mədəniyyətinin formalaşdırılması məqsədilə universitetdə “Oxu mədəniyyəti”nə həsr olunan müxtəlif məzmunlu tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb. Ə.Muradov cəmiyyətə kitab oxumağı aşılamağın vacibliyindən danışıb. “Bu gün cəmiyyətdə kitaba maraq azalır. Cəmiyyəti irəli aparan şəxsiyyətləri məhz mədəniyyət yetişdrir. Universitet isə bilik və elm verir, şəxsiyyət yetişdirmir. Bu gün “Z” nəslinə kitab oxumağı aşılamaq üçün kitabların dizaynında, çapında həmin nəslin zövqü və marağı nəzərə alınmalıdır”- deyə rektor bildirib.

 

UNEC-də biri 24/7 olmaqla, 5 kitabxananın fəaliyyət göstərdiyini deyən rektor, kitab  fondunun son 4 ildə 7 faiz, ənənəvi kitabxanadan istifadənin 84 faiz, elektron kitabxanadan istifadənin 47 faiz, kitab dövriyyəsinin isə 190 faiz artığını qeyd edib.

 

UNEC Kitabxana İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva dünya ölkələri üzrə oxu statistikası, mütaliənin faydaları barədə maraqlı təqdimatla çıxış edib. Həmçinin UNEC kitabxanalarından istifadə üzrə statistikanı açıqlayıb.

 

Tədqimatdan sonra Milli Kitabxananın direktoru Kərim Tahirov kitaba və kitabxanalara verilən yüksək dəyərin təbliğinin, eləcə də nəşriyyatların kitab çapında gənclərin maraqlarını və tələblərini nəzərə almasının vacibliyindən danışıb.

 

Millət vəkili Etibar Əliyev gənclərin hərtərəfli şəxsiyyət kimi yetişməsində mütaliə mədəniyyətinin böyük təsiri olduğunu qeyd edib. Tələbələrə biliklə yanaşı, oxu mədəniyyətinin aşılanmasının, onların tədqiqata cəlb edilməsinin universitetlərin əsas missiyalarından olduğunu deyib.

 

Mətbuat Şurasının sədri Rəşad Məcid mütaliənin insanların söz bazasının zənginləşməsi, özgüvəninin artması, natiqlik bacarığının formalaşması istiqamətində qazandırdığı üstünlüklərdən danışıb.

 

Tanınmış şair, yazıçı, nasir-tərcüməçi Seyran Səxavət kitaba sevginin aşılanmasında ailənin rolundan söz açıb.

 

Millət vəkili Nizami Cəfərov hər bir Azərbaycan gəncinin dahi şairlərimiz N.Gəncəvi, M.Füzuli, İ.Nəsiminin əsərlərini oxumalı olduğunu bildirib.

 

Millət vəkili Fazil Mustafa mütaliə ilə bağlı şəxsi təcrübəsini iştirakçılarla bölüşüb. Oxu mədəniyyətinin təbliği ilə bağlı universitetlərin üzərinə böyük missiyanın düşdüyünü və bu tip tədbirlərin ənənə halına çevrilməli olduğunu qeyd edib.

 

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu kitab alıcıları arasında yeni “Z” nəslin nümayəndələrinin daha çox olduğunu diqqətə çatdıraraq, bu tendensiyanı yüksək qiymətləndirib. O, yeni nəsil yazıçı, bəstəkar, iqtisadçı, ümumilikdə bütün sahələrdə təmsil olunan nümayəndələrin bir araya gətirilərək, müzakirələr aparılmasının önəmindən  danışıb.

 

Professor Şahlar Əsgərov ulu öndər Heydər Əliyevin kitaba verdiyi dəyərdən danışıb, bununla bağlı xatirələrini bölüşüb.

 

Dünyada 78 mədəniyyət dilinin mövcud olduğundan danışan gənc şair Aqşin Yenisey kitaba qayıdış baş verməsə, Azərbaycan dilinin şifahi dillər mərhələsində qalacağından narahatlığını ifadə edib, oxuculara dünyaya kitabdan baxmağı aşılamağın vacibliyini bildirib.

 

 



08.02.2023 | 16:02