Turizm təhsili sahəsində Türkiyənin Selçuk Universiteti ilə əməkdaşlıq imkanları | |
Türkiyənin Selçuk Universitetinin Beyşehir Ali Akkanat Turizm Fakültəsinin dekanı professor Abdullah Karaman Mingəçevir Dövlət Universitetinin (MDU) iqtisadiyyat və idarəetmə fakültəsinin akademik və inzibati heyət üzvləri ilə görüşüb. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən görüşə MDU rektorunun müşaviri Hamiz Mahmudov moderatorluq edib.
Təqdimatla çıxış edən rektorun müşaviri yeni dövrün universitetinə çevrilmək yolunda MDU-da həyata keçirilən tədbirlər, strateji hədəflər və tərəfdaş xarici universitetlərlə əməkdaşlıq istiqamətləri barədə məlumat verib. Turizm təhsilinin inkişaf etdirilməsinin MDU-da prioritet vəzifələrdən biri olduğunu diqqətə çatdıran moderator bu istiqamətdə mövcud ehtiyaclardan danışıb və nüfuzlu beynəlxalq reytinqlərdə əlverişli mövqelərə sahib Selçuk Universiteti ilə əməkdaşlığın yaradılmasının faydalı olacağına əminliyini ifadə edib.
Turizm fakültəsində yüksək ixtisaslı kadrların hazırlanması üçün yaradılan imkanlardan danışan professor A.Karaman universitetdə elm və tədris fəaliyyətlərinin səmərəliliyinin artırılması, tələbələrin və əməkdaşların hərtərəfli inkişafı məqsədilə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Qardaş ölkənin ali təhsil müəssisələri ilə işbirliyinə daim açıq olduqlarını bildirən A.Karaman zəngin turizm potensialına malik Mingəçevir şəhərində yerləşən MDU ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını qeyd edib. Turizm təhsilinin potensialının gücləndirilməsi istiqamətində müvafiq təklif və tövsiyələrini diqqətə çatdıran Selçuk Universitetinin dekanı bu məqsədlə reallaşdırılacaq birgə fəaliyyətlərin mümkün istiqamətləri barədə fikirlərini bölüşüb.
Sonra görüşdə çıxış edən MDU-nun iqtsadiyyat və idarəetmə fakültəsinin rəhbər heyəti, o cümlədən turizm ixtisasları üzrə fənnlərin tədrisini həyata keçirən akademik heyət üzvləri universitetdə turizm təhsilinin keyfiyyətinin yüksəldilməsi baxımından Selçuk Universitetinin turizm fakültəsi ilə əməkdaşlığın imkanlarını yüksək dəyərləndirib və müvafiq təkliflər irəli sürüblər.
|
|
07.02.2023 | 12:00 | |
|
|
|