Gənc qızların təhsilinə DƏSTƏK | |
Dünən “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində növbəti görüş keçirilib. Gənclər Gününə həsr olunan görüşə layihə çərçivəsində təqaüd proqramına cəlb edilən və müxtəlif ali təhsil müəssisələrində təhsil alan 25 qız qatılıb. Layihənin genişləndirilməsi imkanları müzakirə olunub.
“Bu il Fond 25 qızın təhsilinə maliyyə dəstəyi verir”
Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov görüşdə çıxış edərək bildirib: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsünə Elm və Təhsil Nazirliyi həvəslə qoşulub və Təhsilin İnkişafı Fondunun maliyyə dəstəyi ilə təqaüd proqramı təsis edilib. Bu il Fond 25 qızın təhsilinə maliyyə dəstəyi verir. Təqaüd proqramı çərçivəsində hər birinə hər ay 200 manat təqaüd ayrılıb”.
E.Nəsibov layihənin 2023-cü ildə də davam edəcəyini vurğulayıb: “Layihənin davam edəcəyi və özəl sektorun, sahibkarların dəstəyi ilə genişləndiriləcəyi planlaşdırılır.
“İctimaiyyəti də prosesə cəlb etməklə layihəni genişləndirmək istəyirik”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova məlumat verərək deyib ki, bu layihə Zeynalabdin Tağıyevin Qızlar Məktəbinin 100 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində həyata keçirilməyə başlanıb və onun ənənəsini davam etdirmək məqsədi daşıyır. Elə həmin il ali təhsil müəssisələrinə yüksək bal toplayaraq daxil olan və imkansız ailələrdən seçilən qızlara sahibkar qadınlar dəstək veriblər: “Bir sahibkar qadın bir qızı öz öhdəsinə götürdü. Layihənin davam etməsi üçün 2022-ci ildə Elm və Təhsil Nazirliyinə, Həmkarlar İttifaqları Konfederasiyasıana müraciət etdik. Hər iki qurum təklifimizi məmnuniyyətlə qəbul etdi və prosesə Təhsilin İnkişafı Fondu cəlb olundu. Biz ictimaiyyəti də prosesə cəlb etməklə layihəni genişləndirmək istəyirik. Düşünürük ki, gələcəkdə ölkəmizdə fəaliyyət göstərən böyük şirkətləri də bu işə cəlb edək”.
S.Qəhrəmanova qızları necə seçdiklərindən də danışıb: “11 rayonda uşaq və ailələrə dəstək mərkəzlərimiz fəaliyyət göstərir. Onlar regionda ali məktəbə daxil olanların maddi vəziyyəti barədə məlumatlıdırlar və verdikləri məlumatlar əsasında qızları seçirik. Bu il Bakı ilə yanaşı, regionlarımızdan - Biləsuvar, Masallı, Neftçala, Tərtər, Qusar, Göyçay, Füzuli, Ağcabədi və Bərdə rayonlarından da qızlar seçilərək təqaüdə cəlb olunub. Qızlar və ailələr seçilmələrindən və təqaüdə cəlb olunmalarından ancaq biz onları dəvət edəndə xəbər tutublar”.
“Dünyada 2 ayrı elm sahəsi üzrə Nobel mükafatına layiq görülən yeganə şəxs qadındır”
Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli layihəni xüsusi qiymətləndirərək qeyd edib ki, daha yaxşı övlad böyütmək istəyiriksə qadınlarımız savadlı olmalıdır. Ailədə uşaqların tərbiyəsi ilə daha çox onlar məşğul olduğundan qızların savadlı olması savadlı nəsil yetişməsinə daha çox təsir edir. “Kişilər bu məsələdə elə də böyük rol oynamırlar”, - deyən müşavir qadınların təhsilli olmasının ayrı-ayrı sahələrin inkişafına təsirindən aparılan araşdırmalara istinad edərək danışıb: “Ailədə qadın təhsillidirsə, həmin ailənin gəliri 10 -20 faiz artır. Uşaq ölümləri də araşdırılıb və məlum olub ki, təhsilli qadınların uşaqları daha sağlam böyüyür. Çünki təhsilli qadınlar uşaqların vaxtında vaksinasiyasına diqqət edirlər. Qadınların təhsilli olmasının kənd təsərrüfatının inkişafına təsiri də araşdırılıb. Nəticə ondan ibarətdir ki, qadınları təhsilli olan ölkələr, şəhərlər, ailələrdə kənd təsərrüfatı sahəsində uğurlar böyükdür”.
N.Məmmədli qadınların elm sahəsində də öz sözünü dediyini vurğulayıb: “Çoxları hesab edir ki, qadınlar elm sahsində kişilərlə müqayisədə daha azdır. Amma bu, belə deyil. Biz Nobel mükafatı alanları ən ağıllı adamlar sayırıq. Dünyada 2 ayrı elm sahəsi üzrə Nobel mükafatına layiq görülən yeganə şəxs qadındır”.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova gənclərin ölkəmizdə və həyatımızda roluna toxunaraq deyib: “Xüsusən müharibədən sonra özümüzü gənclərə borclu hesab edirik. Ancaq mübarizəmiz indən sonra daha çox olacaq. Bir deyil, neçə dil bilmək, daha çox bacarıqlar qazanmaq lazımdır”.
“Layihə təhsilimin xüsusilə ilk aylarında çox böyük kömək oldu”
Layihənin iştirakçılarından biri Sərfi Həbibovadır. 18 yaşındadır. Xəzər Universitetində kompüter elmləri ixtisası üzrə təhsil alır. Gələcək planlarını çoxdan qurub: “İxtisasımdan da bəlli olduğu kimi, proqramçı olacağam. Yaxşı proqramçı olmaq həm xəyalım, həm də hədəfimdir. Bunun üçün də növbəti təhsil səviyyələri üzrə xaricdə də təhsil almağı planlaşdırıram”.
5 uşaqlı ailədə böyüyən Sərfi üçüncü uşaqdır: “İmtahanlarda yüksək - 638,3 bal yığdım. Cavabları bəlli olandan sonra yüksək bal yığmış və ailəsinin maddi vəziyyəti yaxşı olmayan qız tələbələr üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Elm və Təhsil Nazirliyinin birgə layihəsindən xəbər tutdum. Həm mənim, həm ailəm üçün ümid doğdu bunu eşidəndə. Layihə təhsilimin xüsusilə ilk aylarında çox böyük kömək oldu”.
Sərfinin fikrincə, hələ də qızların təhsil almasına qarşı olanları nəzərə alanda, layihə nəinki maddi, həm də mənəvi dəstək olacaq: “Layihənin rəhbərləri mənə çox səmimi təsəvvür bağışladılar, əlavə nəyəsə ehtiyacımız olsa, onlarla əlaqə saxlamağımızı deyərək hər məsələdə yanımızda olduqlarını hiss etdirdilər”.
Sərfi Həbibova layihənin onun əhatəsini də genişləndirəcəyinə ümid edir: “Mən sosial biri deyiləm, amma düşünürəm ki, bir-birimizlə ünsiyyət içində olmağın həm universitet həyatımızda, həm də gələcək həyatımızda köməyi olacaq”.
“Gənc qızların cəmiyyətdə rolunu artıracaq layihədir”
Məleykə Məmmədova atasız böyüyür. Amma anası və qardaşı ilə həyata ümidlə sarılıblar: “2022-ci ildə orta məktəbi yüksək qiymətlərlə bitirərək 653 balla Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə qəbul olundum. Məqsədim peşəkar həkim kimi yetişməkdir. Həkimliyin incəliklərinə dərindən bələd olmaq üçün əzmlə öz üzərimdə çalışıram”.
“Gənc qızların təhsilinə dəstək” layihəsində iştirakından danışan Məleykənin sözlərinə görə bu, onun təhsildə qazandığı uğurların nəticəsidir: “Orta məktəbi fərqlənmə ilə bitirdim, topladığım yüksək balla məktəb birincisi oldum. Qazandığım uğur bu layihədə mənə üstünlük qazandırdı”.
Layihə ilə bağlı düşüncələrinə gəlincə, tələbə qızların təhsili, onların əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsini təqdirəlayiq hesab edir: “Gənc qızların cəmiyyətdə rolunu artıracaq layihədir. Məncə, qızların daha da inkişaf etməsinə dəstək olacaq. Mənim kimi gənclərin təhsildə uğurunu stimullaşdıran hər kəsə dərin təşəkkürümü bildirirəm”.
Məleykənin gənc qızlara məsləhəti də var: “Bütün çətinliklərə baxmayaraq, dik durmağı bacarmaq lazımdır. Ən kiçik uğurumuzu böyütmək üçün səy göstərməliyik. Çünki hədəfimiz böyük, rəqiblərimiz güclüdür. Ona görə də durmadan çalışıb daha yaxşı nəticələr üçün öz üzərimizdə işləməliyik”.
“Layihə bir neçə qıza dəstək verərək minlərlə qıza ümid olacaq”
Aysu İsmayılova da üçuşaqlı ailədə böyüyür: “Bu layihə həyatımızda mühüm rol oynadı. Qızların təhsili, məncə, mühüm əhəmiyyətə malikdir. Çünki savadlı ailə, hətta cəmiyyət məhz qızların təhsil alması ilə mümkündür. Layihə bir neçə qıza dəstək verərək minlərlə qıza ümid olacaq. Bu baxımdan, onun yeri önəmlidir. İnanıram ki, qızların həyatında həlledici yer tutacaq və daha da genişləndiriləcək”.
Aysu 614.3 bal toplayaraq Bakı Dövlət Univeristetində təhsil almaq hüququ əldə edib. Burada aldığı hüquq təhsilini uğurla tamamlayıb vəkil kimi fəaliyyət göstərməyi arzulayır: “Layihə çərçivəsində 200 manat təqaüd alıram. Hesab edirəm ki, çox uğurlu, xeyriyyəçi bir işdir. Təşəbbüskarlar sağ olsun!”
“Mənim kimi onlarla, yüzlərlə qız özünü bu layihədə görərək təhsilinə davam edə biləcək”
Aydan Ağayeva bu tədris ilindən Milli Aviasiya Akademiyasında Aerokosmik fakültənin Kompüter mühəndisliyi ixtisasında təhsil alır: “Hər kəs məktəbdə oxumağı öyrənir, sonra qarşısına məqsəd qoyub o hədəf üçün təhsil alır. Mən ilk gündən anam üçün oxudum. Mənim oxumaq istəyimin yeganə səbəbi o idi. Dərsdən gələndə qiymətlərimi görüb özünü bacımla mənə həsr edən, bizim oxumağımız üçün əlindən gələni edən o zəhmətkeş qadının gözlərindəki sevinc mənim üçün ən böyük qiymət, əvəzolunmaz sevinc, xoşbəxtlik olurdu. Böyüdükcə bu istəyimin üstünə başqa arzular da əlavə olundu. Həyatı anlamağa başlayanda anama, özümü də xoşbəxt etməklə sevinc bəxş etməyin yollarını axtarmağa başladım. Bunun da uğurlu karyera qurmaqdan keçdiyini anladım. Həyatdakı əsas hədəfimi müəyyənləşdirdim. Bu hədəfə çatmaq üçün yüzlərcə yol var. İT sahəsi o yollardan, sadəcə biri və mənim maraqlandığım, sevdiyim, məşğul olarkən xoşbəxt olduğum sahədir. Bu sahəyə yönəlməyimin əsas səbəbi proqramlaşdırmadan zövq almağımdır. Bu sahədə ən yaxşılardan biri olmaq əsas məqsədlərimdəndir”.
Bəs, müəyyənləşdirdiyi o böyük hədəf nədir, bilirsiniz: “Əsas hədəfim, həyatdakı qayəm Nitsenin təbirincə desək, fövqəlinsan yetişməkdir. Bunun üçün də əlimdən gələni edəcəyəm”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə birlikdə həyata keçirdiyi “Gənc Qızların Təhsilinə Dəstək” layihəsinə riyaziyyat müəlliminin vasitəçiliyi ilə qatılıb: “Əsas səbəbkar “müqəddəs müəllim” adını layiqincə daşıyanlardan biri Şəlalə Əhədova oldu. Həm ona, həm də bu layihədə təşəbbüsü olan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Fikrimcə, bu layihə hələ çox qızın təhsilinə dəstək verəcək. Mənim kimi onlarla, yüzlərlə qız özünü bu layihədə görərək təhsilinə davam edə biləcək. Arzu edirəm ki, layihə daha da genişlənsin, hər il daha çox qızı əhatə etsin”.
Ruhiyyə DAŞSALAHLI
|
|
03.02.2023 | 10:57 | |
|
|
|