Sanballı tədqiqat əsəri | |
Bu yaxınlarda professorlar Hümeyir Əhmədov və Xatirə Bəşirlinin “Xalq bayramları və inanclarının milli-mənəvi dəyərlərimizin formalaşmasında rolu” (Bakı-2022, 132 səh.) adlı monoqrafiyası Azərbaycan Respublikasının Təhsil İnstitutu Elmi Şurasının müvafiq qərarı ilə çap olunub və geniş təhsil ictimaiyyətinin mühakiməsinə təqdim edilib.
Həmin kitab xalqımızın milli, dini və dövlət bayramlarının, eləcə də dini-fəlsəfi inanclarının, mifik görüşlərinin milli-mənəvi dəyərlərin formalaşmasında rolunun sistemli şəkildə araşdırılmasına, qloballaşma şəraitində milli-mənəvi dəyərlərin qorunmasına, Azərbaycan gəncliyinin milli və bəşəri dəyərlər əsasında tərbiyə olunmasının elmi-pedaqoji aspektlərinə həsr olunmuşdur.
Xüsusi olaraq vurğulamaq istərdik ki, son onilliklərdə təhsil sahəsində aparılan genişmiqyaslı islahatlar, o cümlədən ümumi təhsilin səriştəəsaslı məzmununun formalaşdırılması istiqamətində atılan kardinal addımlar, ümumi təhsil prosesində təlim və tərbiyənin üzvi əlaqəsinin təmin olunması təhsildə keyfiyyətin yüksəldilməsinə şərait yaratmışdır.
Prezident İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan strateji hədəflər içərisində təlimlə tərbiyənin vəhdətdə götürülməsi başlıca hədəf kimi müəyyənləşdirilib: “Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onun biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və layiqli vətəndaşa çevirir”.
Açıq etiraf etməliyik ki, son illərdə təhsilin məzmununda milli tərbiyənin yeri və roluna, o cümlədən milli tərbiyənin aparıcı komponenti sayılan milli-mənəvi dəyərlərin pedaqoji-psixoloji aspektlərinə, çağdaş qloballaşan dünyanın müasir çağırışlarına uyğun olaraq həmin dəyərlərin qorunması və inkişafına, ən başlıcası isə təhsilalanların bu əsasda tərbiyə olunub yetişdirilməsinə dair kifayət qədər sistemli və geniş araşdırmalar aparılmamış, milli tərbiyənin bitkin və mükəmməl konsepsiyası işlənib hazırlanmamışdır.
Bu baxımdan H. Əhmədov və X.Bəşirlinin təhsil ictimaiyyətinə təqdim olunan “Xalq bayramları və inanclarının milli-mənəvi dəyərlərimizin formalaşmasında rolu” adlı araşdırması müasir təhsil fəlsəfəsində milli tərbiyənin təməl prinsiplərindən olan milli-mənəvi dəyərlərin, öyrənilməsinə həsr olunmuş sanballı tədqiqat əsəri, bu istiqamətdə atılmış uğurlu addımlardan biri kimi yüksək qiymətləndirilməlidir.
Kitabın başlıca leytmotivini və fəlsəfəsini Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidirlər. Gənclərimiz bizim tariximizi, milli dəyərlərimizi və dilimizi yaxşı bilməlidirlər. Milli dəyərlərimizi, milli ənənələrimizi, milli tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz” kimi konseptual fikir təşkil edir.
Təqdirəlayiq haldır ki, müəlliflər əvvəldən axıradək bu müdrik kəlamda səslənən nurlu ideyaları addım-addım izləməklə, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini özündə yaşadan milli, dini və dövlət bayramlarının analitik təhlilini verməklə, hər bir milli adət və ənənələrdə, müxtəlif xalq və dövlət mərasimlərində qorunub saxlanılan milli dəyərlərin sistemini peşəkarcasına ümumiləşdirməyə, elmi-pedaqoji əsasda təqdim etməyə nail olmuşlar.
Təqdim olunan kitab quruluşca giriş, dörd başlıca bölmə (1.Xalq mərasimləri - milli bayramlar; 2.Dini bayramlar; 3.Milli adət-ənənələr; 4.Dövlət bayramları) və 17 paraqrafdan ibarətdir.
Sevindirici haldır ki, hər bir mövzuya daxil olan ayrı-ayrı xalq mərasim və bayramları, dini bayramlar, əsrlərin sınağından keçərək günümüzədək gələn milli adət-ənənələr, milli əxlaq, milli mentalitetlə bağlı dəyərlərin tarixi təkamülü kitabda elmi əsaslarla aydınlaşdırılmış, hər bir milli dəyərin formalaşmasında onların rolu inandırıcı faktlar, təkzibolunmaz dəlillərlə müasir oxucuya çatdırılmışdır. Kitabda NOVRUZ- milli bayramı, RAMAZAN və QURBAN - dini bayramlarının xalqımızın milli adət və ənənələrinin, milli mənəviyyatının, milli əxlaqi dəyərlərinin qorunub saxlanılmasında müstəsna rolu peşəkarlıqla incələnmişdir. Müəlliflər xalqımızın milli müqəddəratının zirvə nöqtəsi, milli tarixinın qızıl tacı sayılan müstəqil dövlətçilik tarixinə dair dövlət bayramlarının formalaşdırdığı Azərbaycançılıq, dövlətçilik, Vətənçilik, İstiqlalçılıq, milliyyətçilik, vətənpərvərlik, vətənsevərlik, millətsevərlik,bayraqsevərlik və digər bu kimi milli-mənəvi dəyərləri son dərəcə elmi və milli dövlətçilik düşüncəsi əsasında, Azərbaycançılıq milli məfkurəsi işığında verməyə müvəffəq olmuşlar.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev şanlı tariximiz olan İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi şərtləndirən amillərdən danışarkən demişdir: “Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ən vacib məsələlərdən biridir. İkinci Qarabağ müharibəsi göstərdi ki, bu sahədə də böyük uğurlar əldə edilib...”
Hesab edirik ki, dövlət başçısının bu konseptual xarakterli müdrik kəlamı Azərbaycan təhsilinin məzmununda tərbiyə amilinə prioritet kimi yanaşmağı, bu yöndə məqsədyönlü və ardıcıl işlərin aparılmasını tələb edir. Düşünürük ki, Zəfərlə başa çatan Vətən müharibəsinin təhsil sistemi qarşısında qoyduğu tarixi vəzifələrdən biri də məhz budur...
Bu tarixi vəzifənin həllinə kömək baxımından haqqında söhbət açdığımız kitabın təhsilalanların milli vətənpərvərlik tərbiyəsinin təşkili və formalaşmasına töhfələr verəcəyinə inanırıq.
Yeri gəlmişkən burada, bir tarixi təcrübəni də yada salmaq istərdik. Qardaş Türkiyə Cümhuriyyətində ümumi təhsil müəssisələrində “Milli və dövlət bayramları” adlı xeyli əlavə tədris resursları nəşr olunmuş, onlardan tədris prosesində və məktəbdənkənar tədbirlərdə də geniş istifadə olunmaqdadır.
Bu baxımdan haqqında danışılan kitab təkcə sanballı tədqiqat əsəri olmayıb, həm də ümumi təhsildə təhsilalanların milli vətənpərvərlik tərbiyəsinə zəngin material verə biləcək əlavə tədris resursu, tədris vəsaiti kimi də yüksək qiymətə layiqdir.
Kitabın başlıca məziyyətlərindən biri də araşdırmanın dil və üslubunun sadəliyi, irəli sürülən mülahizələrin aydınlığı, mühakimələrin məntiqiliyi, elmi şərhlərinin dəqiqliyi və anlaşıqlığı sayıla bilər.
İnanırıq ki, professorlar H.Əhmədov və X.Bəşirlinin gərgin axtarışları, peşəkar alim səriştəsi və yaradıcı düşüncəsi nəticəsində təhsil ictimaiyyətinə təqdim olunan bu dəyərli tədqiqat əsəri təhsil işçilərinin, müəllimlərin, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələri tərbiyəçilərinin stolüstü kitabına çevriləcəkdir.
Əsgər QULİYEV, filologiya üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim
|
|
03.02.2023 | 17:08 | |
|
|
|