MDU-da gənc əməkdaşlar və tələbələrlə görüş

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Azərbaycan Gəncləri Günü münasibətilə bu ali təhsil müəssisəsinin bir qrup gənc əməkdaşı, tələbə və magistrantları ilə görüşüb.

 

MDU ailəsinin gənc üzvlərini təbrik edən Ş.Bayramov cəmiyyətin aparıcı qüvvəsi olan gənclərə dövlətin yüksək diqqət və qayğısından danışıb. Bildirib ki, gənclərə hər zaman böyük dəyər verən ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:”Bu gün gənclərin sağlam, geniş dünyagörüşünə, yüksək mənəvi keyfiyyətlərə və intellektə sahib mütəxəssis kimi formalaşması, onların bilik və bacarıqlarının davamlı surətdə artırılması istiqamətində yaradılan kompleks imkanlar məhz parlaq gələcəyimizin təmin olunmasına hədəflənib”.

 

MDU-da gənclərin hərtərəfli inkişafını dəstəkləyən əlverişli ali təhsil mühitinin təmin olunmasına prioritet əhəmiyyət verildiyini qeyd edən rektor son dövrdə universitetin müasirləşməsi istiqamətində atılan addımlarda gənclərin fəal rolundan və əldə etdikləri uğurlardan danışıb. 2023-cü il üçün Mingəçevir şəhərinin “Gənclər paytaxtı” seçilməsindən söhbət açan Ş.Bayramov universitet gənclərini bu fürsəti maksimum dəyərləndirməyi və həyata keçiriləcək tədbirlərə fəal qoşulmağı tövsiyə edib.

 

Sonda Ş.Bayramov 2 Fevral- Azərbaycan Gəncləri Günü münasibətilə universitetdə çalışan və təhsil alan bir qrup gənc fəala “Təşəkkürnamə” təqdim edib və onlara uğurlar arzulayıb.

 



02.02.2023 | 18:39