Unudulmaz Cəmil MÜƏLLİM

2022-ci il  fevralın  5-i... 2020-ci ildən bütün dünyanı cənginə almış koronavirus infeksiyası gənc alim Cəmil Məmmədovdan də yan keçmədi. Ömrünün 40-cı baharını qarşılamağa bir ay qalmış Cəmil müəllim yaşlı, gənc tanımayan ölümcül virusun qurbanı oldu. Bir ay müddətində COVID-19-a yoluxan mərhum xəstəliklə mübarizə aparsa da, onun həyatını xilas etmək mümkün olmadı...

 

Məmmədov Cəmil Oxtəkin oğlu 1982-ci il martın 25-də Ağdaş şəhərində anadan olub. 1987-ci ildə Ağdaş şəhər Müşviq İsayev adına tam orta məktəbə gedib, 1994-cü ildən isə təhsilini Ağdaş Özəl Türk Liseyində davam etdirib. Həmin illərdə sinif nümayəndəsi kimi müəllimlərin, şagird yoldaşlarının böyük hörmətini qazanıb. 1998-1999-cu tədris ilində Ağdaş şəhəri üzrə tarix fənnindən keçirilən bilik yarışmasında yüksək nəticə əldə edərək fəxri fərmanla təltif olunub. Humanitar fənlərə xüsusi maraq göstərən Cəmil ingilis dili ilə yanaşı doğma ana dilini, ədəbiyyatı, türkcəni, tarix və coğrafiyanı, eləcə də kompüter proqramlarını mükəmməl öyrənib. 2000-ci ildə Cəmil Məmmədov Bakı Dövlət Universitetinin tarix fakültəsinə, eyni zamanda Türkiyə Respublikasının Uludağ Universitetinə qəbul olunub və oxumaq üçün Uludağ Universitetini seçib. 2000-2004-cü illərdə Cəmil Məmmədov Türkiyə Respublikasının Uludağ Universitetinin Pedaqoji Fakültəsinin ingilis dili müəllimliyi ixtisasında təhsil alıb, 2008-ci ildə isə İstanbul Universitetinin Sosial Elmlər İnstitutunun Pedaqoji Elmlər ixtisasında magistr dərəcəsinə yiyələnib. Türkiyədə oxuduğu illərdə özünün ən yaxşı keyfiyyətləri ilə seçilərək müəllim və tələbə yoldaşlarının sevimlisinə çevrilib. Onlar bu azərbaycanlı gəncin yüksək qabiliyyəti və istedadı ilə mükəmməl bir mütəxəssis kimi doğma Vətəninə layiqincə xidmət edəcəyinə böyük inam bəsləyiblər.

 

2014-cü ildə Cəmil Məmmədov AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. İlk iş fəaliyyətinə 2006-cı ildə Qafqaz Universitetində başlayıb. Qafqaz Universitetində müəllim, baş müəllim, dosent vəzifələri ilə yanaşı 2012-2016-cı illərdə həmin universitetin Pedaqoji Tədqiqat və İnkişaf Mərkəzinin müdiri, 2016-cı ildən Qafqaz Universitetinin Pedaqogika kafedrasının müdiri, daha sonra isə Bakı Mühəndislik Universitetinin Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinin direktoru vəzifələrində işləyib.

 

Filologiya üzrə fəlsəfə doktoru Cəmil Məmmədov qısa və mənalı ömrünü təhsilimizin, elmimizin inkişafına həsr edib, son nəfəsinədək bu missiyanı uğurla davam etdirərək əlindən gələni əsirgəməyib. O, bir çox elmi məqalələrin, monoqrafiyanın və “Şəxsiyyət nəzəriyyələri haqqında” adlı dərs vəsaitinin müəllifidir. İstedadlı alim haqqında Əlövsət Zaman və Daşqın Qaraşlının birgə nəşr etdirdikləri “Azərbaycan 21-ci əsrə istedadlarla” adlı kitabında ətraflı məlumat verilib.

 

Əgər ömür vəfa etsəydi, heç şübhəsiz ki, Cəmil müəllim onlarla yeni-yeni elmi əsərlərin müəllifi olacaqdı, elm aləminə, xalqına samballı töhfələr verəcəkdi. Çox təəssüf ki onun böyük arzuları, məqsədləri və planları ömrü kimi yarımçıq qaldı.

 

“Övladları üçün nümunəvi ata olub”

 

Cəmil Məmmədovun ömür-gün yoldaşı Vüsalə Məmmədova: “Bizim toyumuz Cəmil müəllimin doğum gününə - 25 mart 2007-ci ilə təsadüf edib. Bir il sonra, 2008-ci ildə oğlumuz Murad, 2010-cu ildə isə İnci qızımız dünyaya gəlib. O çox gözəl insan olmaqla yanaşı yaxşı həyat yoldaşı, dost, övladları üçün nümunəvi ata olub. Boş vaxtlarını övladları ilə keçirməyi sevirdi, onların dünyagörüşünün formalaşması üçün çalışırdı. Gələcək hədəfi o idi ki, gücü yetdiyi qədər uşaqlarını xarici ölkələrə aparsın, həmin ölkələrin mədəniyyəti, tarixi ilə tanış etsin. Apardığı yerlər barədə uşaqlara o qədər geniş məlumat verirdi ki, hər detala qədər izah edirdi. Ümumiyyətlə, səyahət etməyi çox sevirdi. Bir dəfə xarici ölkələrin birində olarkən kiminsə onu çağırdığını eşitdik. İllər öncə dərs dediyi tələbəsi idi. Tələbə müəllimini görməkdən çox şad olmuşdu. Cəmil müəllim illər sonra tələbələrini görəndə, onların xoş sədalarını eşidəndə çox sevinirdi, onlarla fəxr edirdi.

 

Cəmil Məmmədov hələ uşaqlıqdan dost-tanış arasında hörməti olan şəxs olub. Dostları onu dinləməyi sevirdilər, çünki bilirdilər ki, o çox oxuyur, öyrəndiklərini təhlil edir və ona əsasən danışır. Ümumiyyətlə, deyə bilərəm ki, yaşı az olmasına baxmayaraq çox müdrik və uzaqgörən idi. Nəinki ailəsi, qohumları, həmçinin dostları, tələbələri, hətta özündən yaşca böyük olan insanlar da onunla məsləhətləşir, fikrini öyrənirdilər. Həmişə də onun dedikləri doğru çıxırdı.

 

Vətənini, millətini çox sevirdi. Düşünürdü ki, hər kəs Vətənə fayda verməlidir. Özü də müəllim kimi faydalı olmağa çalışırdı. Deyirdi: “Bir cəmiyyətin xilası təhsildədir”. Məqsədi tələbələrinə nümunəvi, dürüst, vicdanlı müəllim olmaq idi ki, onlar da gələcəkdə yaxşı müəllim kimi yetişsinlər. Eyni zamanda, Cəmil müəllim tələbələrə qarşı çox diqqətcil idi. Bir universitet tələbəsi danışırdı ki, Cəmil müəllim bizə dərs deməsə də, dəhlizdə görəndə onunla salamlaşırdıq. Tələbələrdən birinin problemi var imiş, həmişə kefsiz olurmuş. Cəmil müəllim bir gün onu otağına çağırıb kefsiz olmağının səbəbini öyrənib, ona kömək edib.

 

Cəmil müəllim ömrünün son anlarına qədər təhsil üçün çalışırdı, təhsil üçün faydalı layihələrdə işləyirdi. Hətta xəstə olanda halsız idi, lakin yenə də kompüter başına keçib işlərini bitirmək istəyirdi. Onu da qeyd edim ki, dünyasını dəyişəcəyini öncədən hiss eləmişdi. Son vaxtlar bizi bu gedişə hazırlayırdı sanki. Vəfatından sonra da yuxularımızda bizə köməyə gəlir. Nə vaxt problemimiz olsa, hansısa məsələdə qərarsız qalsaq yuxumuza gələrək bizə yol göstərir”.

 

“Cəmil müəllim Azərbaycan təhsilinə töhfə vermək istəyən ziyalılardan idi”

 

Bakı Mühəndislik Universitetinin Maliyyə və mühasibat kafedrasının müdiri Firudin Sultanov: “Cəmil Məmmədovla ilk dəfə Türkiyədə tələbə olarkən qiyabi tanış olmuşduq. Sonralar eyni ali təhsil müəssisəsində müəllim kimi həmkar olduq. Cəmil müəllimi “Bu günün və sabahın direktorları” layihəsi vasitəsilə daha yaxından tanıdım. Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən və beş ilə yaxın davam edən bu layihəyə Cəmil müəllim rəhbərlik edirdi, mən isə təhsildə maliyyə menecmenti üzrə təlimçi kimi dəvət olunmuşdum. Layihə o dövr üçün bütün Azərbaycanı əhatə edən və strateji əhəmiyyət kəsb edən mühüm addım idi. Bunun məntiqi nəticəsidir ki, layihəni uğurla bitirən bir çox məzunlar hazırda Bakıda və digər şəhər və rayonlarda məktəb direktoru  vəzifəsində çalışırlar. Bu çətin prosesdə, xüsusən də namizədlərin seçilməsində, təlim proqramının hazırlanmasında və təşkilində Cəmil müəllimin çox xüsusi rolu olub. Onun başqa bir xüsusiyyəti komandada işləmək bacarığı idi. O, layihəyə dəvət olunmuş təlimçilərlə davamlı görüşlər keçirib birgə qərarlar qəbul etməyə çalışırdı.

 

Daha sonra Cəmil müəllimlə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və British Councilun birgə təşkil etdiyi İngiltərənin Lester Universitetində “Məktəb liderlərinin təlimi” proqramında iştirak etdik. Bu insanı daha yaxından tanımaq üçün onunla səyahət yoldaşı olmaq fürsətim oldu. Həmin xarici səfərdə mən onda qarşılıqlı hörmət, əməkdaşlıq, bərabər hərəkət etmə, liderlik və bir sıra müsbət keyfiyyətlər kəşf etdim. Son vaxtlar işdən sonra Cəmil müəllimlə tez-tez görüşürdük. Bizim müzakirələrimiz bir qayda olaraq Azərbaycanın ümumi problemləri, xüsusən də ali təhsil müəssisələri və onların idarəolunması ilə bağlı olurdu.

 

Cəmil müəllim şəxsi maraqlarını bir kənara qoyub Azərbaycan təhsilinə töhfə vermək istəyən nadir ziyalılardan idi. O, kafedra müdiri olmasına baxmayaraq, Bakı Mühəndislik Universitetində COVID-19 pandemiyası ilə əlaqədar ilk dəfə yaradılmış Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinə direktor təyin olundu, bu da, öz növbəsində, Cəmil müəllimə təhsilə töhfə vermək üçün yeni imkanlar yaratdı. BMU-da ilk dəfə distant təhsillə bağlı əsasnamənin, tələbə və müəllim heyəti üçün “googleclassroom” platformasından istifadə qaydalarının yazılması, onlayn dərslərin monitorinqi və distant imtahanların keçirilməsi sistemlərinin qurulmasında Cəmil müəllimin xidmətləri əvəzsiz olub. Onun kollektivdə, xüsusilə prorektor, dekan, dekan müavinləri və kafedra müdirləri ilə işləmək bacarığı, təkbətək məsləhətləşmələri və onların fikirlərinə hörmətlə yanaşması universitetdə distant təhsilin uğurla həyata keçirilməsinə öz töhfəsini verdi.

 

COVID-19 pandemiyası Azərbaycan təhsilinə təsirsiz ötüşmədi. “Bu günün və sabahın direktorları” layihəsinin məzunu, Təhsil İnstitutunun Metodik Təminat Mərkəzinin direktoru Namiq Nağıyev koronavirus infeksiyasından dünyasını dəyişəndə Cəmil müəllim bu xəbəri göz yaşları içində mənə çatdırmışdı. Tale elə gətirdi ki, o özü bu xəstəliyə tutuldu. Cəmil müəllimin xəstəliyi zamanı ona kömək əlini uzatmaq istəyənlər çox idi. Bu dönəmdə xüsusilə Elm və Təhsil Nazirliyinin prosesdə iştirak etdiyini və vəziyyəti nəzarətdə saxladığını da ayrıca vurğulamaq lazımdır”.

 

“İnsanların qarşısında davamlı gülərək, səs qaldırmadan, heç kəsi incitmədən, sözləri seçərək danışırdı Cəmil müəllim”

 

Bakı Mühəndislik Universitetinin Keyfiyyətin təminatı şöbəsinin müdiri Sevil İmanova: “Mən 2019-cu ilin yanvarında Bakı Mühəndislik Universitetindən müəyyən səbəblərə görə ayrıldım. Ayrıldım, amma tam deyil təbii. Dostlarım, əzizlərim orada idi. Onlar illər boyu dəyərləri, xarakteri, davranışı ilə hörmət və etibar qazanırlar. Bir il  on ay sonra mən yenidən universitetə qayıtdım. Səbəb isə yeni bir mərkəzin qurulması (Bakı Mühəndislik Universitetinin Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzi) və bu sahənin mütəxəssisi olmağım idi. Ancaq işə düzəlməyimin əsas səbəbi Cəmil müəllimin sözü oldu, mən ona güvənərək bu işin altına imza atdım. Cəmil müəllim məni yola gətirmək üçün bir ay hər gün zəng vurdu, israr etdi. Onun bir sözü məni işləməyə razılıq verməyə vadar etdi. O dedi ki: “Axı bizim əsas dəyərimiz bir-birimizə olan güvənimizdir!”. Və beləcə Cəmil müəllimlə bir yola çıxdıq, güvəni sarsıtmadan. İndi isə bu yolu onsuz davam edirik, amma tək deyil, güvənlə yanımızda olan dostlarla... Hər üsyanını içində yaşayır, insanların qarşısında davamlı gülərək, səs qaldırmadan, heç kəsi incitmədən, sözləri dənə-dənə seçərək danışırdı Cəmil müəllim. Hətta əsəbləşdiyini belə hamı başa düşmürdü. Ancaq onu yaxşı tanıyanlar baxışlarından və qızarmağından anlayırdı.

 

Cəmil müəllimin vəfatından sonra universitetə hər gəldiyimdə və otağının yanından keçdiyimdə mənə elə gəlirdi ki, o otağındadır və qapını arxadan bağlayıb işləyir. Hər açar səsi gələndə elə bilirdim otağı açır və gələcək ki, yoruldum, bir çayınızı içək... İndi artıq bilirəm ki, bu çayları içmək üçün gərək gözləyə Cəmil müəllim. Biz onu yox, o bizi gözləyə...”

 

“O əsl təhsil sevdalısı idi”

 

Bakı Mühəndislik Universitetinin Keyfiyyətin təminatı şöbəsinin baş mütəxəssisi Qafar Ocaqlı: “Pandemiya bir çox dəyərli insanı sıralarımızdan alıb apardı. Cəmil müəllim də məhz belə alimlərdən, müəllimlərdən biri idi. Artıq 1 ildir ki, haqq dünyasına köçüb. Ancaq elə gün olmur ki, Cəmil müəllimi xatırlamayım. O, əsl təhsil sevdalısı idi. Müasir təlim texnologiyalarının mükəmməl bilicisi olmaqla yanaşı həm də onun tətbiqinə çalışan pedaqoq idi. Vəfatı sadəcə iş yoldaşlarını, müəllim kollektivini deyil, dərs dediyi tələbələri də çox üzdü. Cəmillə uzun illər dostluq edirdik. Ancaq mənə elə gəlir ki, onu eyni şöbədə işləməyə başladıqdan sonra daha yaxşı tanıdım. Dostluqda olduğu kimi, idarəçilikdə də olduqca mükəmməl insan idi. Hər şeydən öncə işlə dostluğun sərhədlərini qoruya bilirdi. Olduqca əməksevər insan idi. Görülən işlərin hər birini nəzarətdə saxlamaq, şöbənin əməkdaşlarına yardım etmək Cəmil müəllim üçün sıradan bir hal idi.

 

Son gün işdə olanda dedi soyuqlamışam, icazə alıb evə gedəcəyəm. Otağına getdim ki, onu görüm, hal-əhval tutum. Amma qapını açmadı. Dedi, virusa yoluxmuş ola bilərəm. Sanki yoluxduğunu da hiss etmişdi. Heç kəsi riskə atmadan çıxıb getdi...Cəmil müəllimin unudulmaz xatirəsi ürəyimizdə hər zaman əziz olaraq qalacaq. Yetişdirdiyi fidanların içindən onun yolunu davam etdirəcək bir çox təhsil sevdalısı çıxacağından əminəm. Allahdan ona rəhmət və bütün sevənlərinə səbir diləyirəm”.

 

Göründüyü kimi, gənc alimin qəfil ölümü ailəsini, yaxınlarını, dostlarını, iş yoldaşlarını çox sarsıdıb. Onlar hələ də başlarına gələn faciənin  həqiqiliyinə inanmır, zəhmətkeş bir insan, gözəl müəllim Cəmil Məmmədovun yoxluğunu qəbul edə bilmirlər. İtkisi hər birimiz üçün ağırdır, onu yaxından tanıyanlar üçün də, ondan dərs alanlar üçün də, yaşasaydı irəlidə elm və təhsilimizin inkişafına nə qədər töhfə verəcəyini dərk edənlər üçün də... Cəmil Məmmədov cismən bu dünyadan getsə də daim onu sevənlərin ürəyində yaşayacaqdır. Mərhumun yaxın dostu Abdulxaliq Qafaroğlunun bu ağır itkiyə həsr etdiyi şerindən:

 

Xatirən zehnimdə canlanıb durur,

Sanki xəyalınla danışır qəlbim.

Keçmişə boylanır nəmli gözlərim,

Sən varsan, mən varam, xatirələr var,

Dostumu axtarır qəmli gözlərim.

 

Lamiyə ƏLİMƏRDANOVA

 



03.02.2023 | 13:16