Ulduzu parlayan gənc peşə sahibi

Deyir o peşə məktəbinə daxil olanda hər kəs təəccüblənib. Çünki hamı onun universitetə gedəcəyini düşünürmüş. Amma bilmirdilər: Nə onun bu həyatdan gözlədiyini, nə də bu həyatın ona bəxş etməyə hazırlaşdığını. Universitet yolu yox, peşə yolu seçmişdi, bu yolun onu qısa müddətdə əmək bazarına çıxaracağını düşünürdü. Yanılmamışdı, nəinki əmək bazarına çıxan ən qısa, həm də parlaq yol oldu tutduğu yol. Əvvəlcə seçdiyi ixtisas üzrə seçdiyi təhsil müəssisəsinin, indi isə iş yerinin ulduzuna çevrilib. Məzun olmağından heç bir il də keçməyib. Amma artıq iş yerində ulduzu par-par parlayır Əfsanə Vəlilinin.

 

Əmək bazarına aparan qısa yol

 

Əslində, hələ orta məktəbdən parlamağa başlayıb. Dərslərini oxuyub, tapşırıqlarının öhtəsindən gəlib, üstəlik ictimai fəallığı ilə də seçilib.

 

Bir sözlə, təhsil aldığı məktəblərin hər işində iştirak edib. Niyə məktəblər? Çünki ümumi orta məktəbi bitirənə qədər 2 məktəb dəyişib, Tovuzdan Bakıya qədər yol qət edib.

 

Tovuz rayonunda doğulub Əfsanə. IV sinfə qədər də elə orada oxuyub. Onun parladığının ilk fərqində olan ailəsi olub. Hər gün Mollalar kəndindən iki kənd aralıda yerləşən E.Süleymanov adına Kirən kənd tam orta məktəbinə getməyinə ürəkləri dözməyib. Onun daha yaxşı təhsil alması üçün yurd-yuvalarından, el-obalarından çıxıb şəhərə gəlməli olublar. Balaca Əfsanənin də şəhər həyatı Binəqədidə başlayıb. Burada yerləşən 182 nömrəli tam orta məktəbdə oxuyub. Gələcək peşə seçiminə də burada qərar verib: “Universitet mənim üçün çətin, uzun yol kimi görünürdü. Əmək bazarına peşə təhsilindən qısa yol yoxdur. Ona görə də IX sinifdən təhsilimə peşə məktəbində davam etməyə qərar verdim”.

 

“Peşə təhsili yolçusu olduğum yolu aydınlatdı”

 

O da seçdiyi ixtisas üzrə seçdiyi təhsil müəssisəsində - Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Turizm sahəsində İaşə mütəxəssisi ixtisası üzrə təhsil almağa başlayıb: “Bu ixtisasa qəbul olunanda özümü turizm sahəsində görürdüm, bir neçə ilə uçuşları təşkil edən bir şirkətdə işləyəcəyimi təsəvvür edirdim. Təhsil almağa başlayanda yanıldığımı anladım. Birdən-birə işləyəcəyim təcrübə sahəsinin turizm şirkəti deyil, otel və restoranlar olacağını gördüm”.

 

Peşə təhsili müəssisəsində bunu anladığı ilk dərsini belə xatırlayır: “İlk dərs seçdiyimiz ixtisasa həsr olunmuşdu. Müəllimlərimiz bizdən ixtisasımızı seçmə səbəbimizi soruşdu, hər birimiz öz xəyalımızdakı işimizi anlatdıq. Mənim kimi, özünü gördüyü yerdə olmayanlar vardı. Amma qısa zamanda anladıq ki, istənilən işin peşəkarı olmaq üçün köməyə, istiqamətə ehtiyacımız var və bizə lazım olacaq təcrübə və biliyi də burda qazanacağıq. Məncə, müəllimlərimiz “Kim olmaq istəyirsiniz?”, - yox, bu sual altında “İstədiyiniz kimliyə  sahib olmağınız üçün sizə necə kömək edə bilərik?”, - deyə soruşurdular. Ona görə də qətiyyən narahat olmadım bu illər ərzində. Məhz müəllimlərimin sayəsində uğur qazandım”.

 

Orta məktəbdə olduğu kimi, peşə təhsili müəssisəsində də fəallığını qoruyub, maarifləndirici tədbirlərin iştirakçısına çevrilib. Şansındandır, ya bacarığından, bilmirəm, əlini qatdığı hər iş uğurlu alınıb və o, uğur üstünə uğur qazanıb. Özü isə “Məncə, bacarıqlıyam, çünki şans hər kəsin qabağına çıxa bilər, amma hər kəs şansı düzgün dəyərləndirə bilmir”, - deyir.

 

Tələbəsi olduğu peşə təhsili müəssisəsinin iş yerləri ilə əməkdaşlığı da onun uğurunun açarlarından biri olub. Əfsanə  təcrübəyə getdiyi restoranlarda nüfuz qazanıb, işinin nəticəsinə görə qiymətləndirilib.

 

Təcrübəyə “Suşi Azərbaycan”da başlayıb, “Lunchef Catering Services”də xidmət sahəsinə aid vacib bacarıqları əldə edib: “İndi düşünürəm ki, sanki təhsil aldığım Turizm və Sosial Xidmətlər üzrə Bakı DövlətPeşə Təhsil Mərkəzi əməkdaşlıq etdiyi “Lunchef Catrink", “Suşi Azərbaycan”la birlikdə məni “Emirgan Sütiş”ə hazırladı. Təcrübədə müştərilərə xidmət edərək, təlim nəzəriyyəsi, bir çox istehsalat və maarifləndirici təlimlərə qatılaraq dəyərli təcrübəyə sahib oldum”.

 

2022-ci ildə peşə təhsili müəssisəsindən uğurla məzun olan Əfsanə dərhal iş tapıb, özü də heç axtarmadan: “İyulun 31-də məzun oldum, avqustun 1-də iş təklifi aldım. Mənim üçün peşə təhsili yolçusu olduğum yolu aydınlatdı. Ordakı dərslər, təcrübə olmasaydı, bu gün burada olmayacaqdım”.

 

Əfsanə hazırda dünyanın bir çox yerində şöbələri olan “Emirgan Sütiş” restoranlar şəbəkəsinin Bakıdakı şöbəsində çalışır: “Hər gün gəlib işdə rezervasiyaları gözdən keçirirəm. Həm telefonla, həm də birbaşa restorana gələn müştərilərimizlə işləyir, onları yerləşdirməkdə və yola salmaqda iştirak edir, məmnun qalıb-qalmadıqlarını öyrənirəm. 6 aydır əmək fəaliyyətim davam edir, artıq restoranın müştərilərə xidmət bölməsindən ictimaiyyətlə əlaqələr bölməsinə yüksəlmişəm. İndi bu bölmənin kiçik mütəxəssisi vəzifəsindəyəm”.

 

“Bu uğura peşəmə olan sevgidən bəslənərək nail olmuşam”

 

Əfsanə yenidən tələbə olmağa hazırlaşır. O, artıq Kayseri Erciyes Unversitetinin tələbəsidir. Mart ayından Türkiyədə Xalq və İlişkilər ixtisası üzrə əyani təhsilə başlayacaq: “Türkiyədə təhsilə başlamadan öncə iş tapacağımdan əmin olmalıydım. Zəmanət olmadan təhsilə başlaya bilməzdim, onu da iş yerim verdi. “Emirgan Sütiş”in Türkiyədəki şöbələrindən birində işləyərək təhsilimi davam etdirəcəyəm. Burada biznes menecerimizin də gənc olması məni daha böyük xəyallar qurmağa həvəsləndirir, daha böyük qərarlar almağa stimullaşdırır. Odur ki, qarşıma çıxan fürsətləri dəyərləndirməyi düşünürəm. Sevdiyim işlə məşğul olduğum müddətdə yüksəlməkdən qorxmuram. Düşünürəm ki, işimdə ən böyük uğurum müştərilərimizin çöhrəsində yaranan təbəssümdə gizlənib. Mən bu uğura peşəmə olan sevgidən bəslənərək nail olmuşam. Öz səmimi münasibətim, istiqanlılığım, bacarıqlarım da əsas yardımçılarımdır”.

 

Əfsanə Vəlilinin yolunu cızmağa hazırlaşan gənclərə tövsiyəsi də var: “Fikrimcə, təhsil insanı uğura aparan əsas yoldur. Ancaq “uğurlu karyera” deyəndə gənclərin çoxu bunun universitetdən başladığını düşünür. Məncə, uğur təhsil müəssisəsindən deyil, ixtisasdan daha çox asılıdır. Bir də həmin ixtisasa hansı səviyyədə, harada yiyələndiyindən, təbii ki. Parlaq gələcək üçün düzgün peşə seçmək daha önəmlidir. Peşə təcrübədir, sağlam karyeranın təməlidir. Mən deyirəm ki, seçdiyiniz peşənin önəmini anlayın və olmaq istədiyiniz biri olun”.

 

Ruhiyyə DAŞSALAHLI

 



03.02.2023 | 14:11