BMU-da payız semestrinin qış imtahan sessiyası başa çatıb

Bakı Mühəndislik Universitetində (BMU) bakalavriat və magistratura səviyyələrində keçirilən 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başa çatıb.

 

29 dekabr 2022-ci il tarixində start verilən və cari il fevralın 1-dək davam edən sessiya ərzində ümumilikdə 1402 imtahan keçirilib.

 

Mövcud normativ sənədlər əsasında və təlimata uyğun təşkil olunan imtahanlarda tələbələrin bilik və bacarıqlarının lazımi şəkildə nümayiş etdirilməsi və obyektiv dəyərləndirilməsi üçün hərtərəfli şərait yaradılıb, imtahan zallarında bütün zəruri tədbirlər görülüb.

 

Sessiyanın gedişatı İmtahan Qərargahı tərəfindən daimi diqqət mərkəzində saxlanılıb, eyni zamanda imtahanlar məsul şəxslər tərəfindən ardıcıl izlənilib. BMU-nun rektoru, professor Havar Məmmədov başda olmaqla  ali təhsil ocağının rəhbərliyi imtahan keçirilən otaqlara bir neçə dəfə əyani baxış keçirib, tələbələrlə söhbətlər aparılıb, proseslə bağlı onların fikirləri öyrənilib.

 

Bundan başqa, sessiya dövründə yarana biləcək şikayətlərin dərhal araşdırılması məqsədilə fəaliyyət göstərən Apelyasiya Komissiyasına  müraciət üçün bütün imkanlar yaradılıb. Daxil olan müraciətlər komissiya tərəfindən dərhal araşdırılıb və müvafiq qərarlar qəbul olunub.

 

 



01.02.2023 | 17:47