Rektor: “Tələbələr İndoneziyanın mədəniyyətini, tarixini, ədəbiyyatı və dilini böyük həvəslə öyrənirlər”

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla İndoneziya parlamentinin üzvü Muhammad İqbalın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Qonaqları universitetdə görməkdən məmnun olduğunu deyən K.Abdulla ADU tələbələrinin İndoneziya dili, ədəbiyyatı, mədəniyyəti və tarixinə olan marağından danışıb. Universitetdə İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyət görtərdiyini deyən rektor hər il “İndoneziyaşünaslıq” ixtisasına qəbul olan tələbələrin bu dili həvəslə öyrəndiyini diqqətə çatdırıb: “İki ölkə arasında  elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığın inkişafı müsbət dinamika ilə artmaqdadır.  Bu əlaqələrin qurulmasında müəllim-tələbə mübadiləsinin əhəmiyyətini də vurğulamaq lazımdır. Məmnuniyyətlə qeyd etmək istərdim ki, bizim tələbələr İndoneziyanın mədəniyyətini, tarixini, ədəbiyyatı və dilini böyük həvəslə öyrənirlər”.

 

Nümayəndə heyətinin rəhbəri Muhammad İqbal səmimi qarşılanmaya və qonaqpərvərliyə görə universitet rəhbərliyinə və kollektivinə öz təşəkkürünü bildirib.

 

Qeyd olunub ki, Azərbaycan Dillər Universiteti ilə əməkdaşlıq çərçivəsində bir sıra layihələrin həyata keçməsi üçün mühüm addımlar atılmaqdadır. Burada fəaliyyət göstərən İndoneziya Araşdırmaları Mərkəzi bu baxımdan xüsusi olaraq seçilir.

 

Mərkəzin fəaliyyətini yüksək qiymətləndirən qonaq bildirib ki, bu, iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

 

Görüşdə İndoneziyada ADU-nun Mədəniyyət Mərkəzinin fəaliyyət perspektivləri, qarşılıqlı öyrənmə, araşdırma və s. məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

Daha sonra qonaqlar İndoneziya Araşdırmalar Mərkəzində olublar.

 

 



01.02.2023 | 15:34