Ankarada elmi qurumlar arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Türkiyə Cümhuriyyətinə səfəri çərçivəsində Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti professor doktor Müzəffər Şəkərlə görüşüb.

 

Türkiyə Elmlər Akademiyasının prezidenti Müzəffər Şəkər AMEA ilə qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyəti olduğunu qeyd edib. TÜBA rəhbəri iki qardaş ölkənin elmi qurumları arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bildirib. Professor TÜBA-nın fəaliyyət istiqamətləri haqqında məlumat verərək nəzərə çatdırıb ki, xüsusən humanitar və ictimai elmlər üzrə əməkdaşlığın genişləndirilməsi, yüksələn xətlə inkişaf etməsi sahəsində hər iki elmi qurum böyük imkanlara malikdir. O, bugünkü mövcud reallığa əsaslanan strateji elmi əməkdaşlıq münasibətlərinin böyük gələcəyinə inamını ifadə edib.

 

Akademik İsa Həbibbəyli isə hər iki ölkə rəhbərlərinin əhəmiyyətli dərəcədə inkişaf etdirdiyi dostluq və əməkdaşlıq əlaqələrinin elm sahəsində də yeni inkişafa geniş yol açdığını bildirib. AMEA rəhbəri qarşılıqlı elmi münasibətlərin müasir mərhələdəki prioritet istiqamətlərindən söz açıb, hazırda yeniləşmə prosesi mərhələsində olan AMEA-nın beynəlxalq elmi qurumlarla əlaqələr yaratmaq sahəsindəki addımları barədə məlumat verib.

 

Sonra AMEA ilə Türkiyə Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə qarşılıqlı olaraq elmi əsərlərin nəşri, ortaq konfrans və simpoziumların keçirilməsi, hər iki qurumda nəşr olunan jurnalların mübadilə edilməsi və s. məsələlər öz əksini tapıb.

 

 



28.01.2023 | 11:32