Vətən alın yazımdır

Yaradıcısı xalq olan, əsrlərin yaddaşından süzülə-süzülə gələn və insan qəlbinin ən ülvi hiss və duyğularını əks etdirən bayatılarımız Azərbaycan folklorunun ən qədim janrlarından biri olmaqla böyük və dolğun fəlsəfi məna yükü daşıyır. Zaman-zaman təkcə şair və ədiblərimiz deyil, digər sahələrdə öz sözünü demiş nüfuzlu elm xadimlərimiz - fizik, riyaziyyatçı, həkimlərimiz  və s. də bayatılar qoşaraq dərin fəlsəfi məna kəsb edən ədəbi nümunələr yaratmışlar.  Ötən ilin sonlarında oxuculara təqdim olunan “Laləzar”  bayatılar toplusunun müəllifi də respublikamızda tanınmış kardiocərrah, tibb elmləri doktoru, professor Fazil Eyvaz  oğlu Abbasovdur.

 

Professor Fazil Abbasov 1950-ci ildə Cəbrayıl rayonunun Horovlu kəndində müəllim ailəsində dünyaya göz açıb. 1973-cü ildə Azərbaycan Tibb Universitetini  bitirdikdən sonra M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində kiçik və  baş elmi işçi vəzifələrində çalışıb, kəskin ürək çatışmazlığı söbəsinin rəhbəri (1973-1986-cı illər) olub. Sahiyyə Nazirliyinin göndərişi ilə Moskva şəhərində aspirantura və doktorantura təhsili alıb, namizədlik (1983) və doktorluq (1990) dissertasiyalarını müdafiə edib.

 

1994-1999-cu illərdə M.Topçubaşov adına ECM-də direktorun elmi işlər üzrə müavini olub. 1994-cü ildən bu gunə qədər  isə Ürək cərrahlığı şöbəsinin rəhbəri vəzifəsində çalışır. Dəfələrlə dünyanın bir çox qabaqcıl kardiocərrahiyyə mərkəzlərində (ABS, İngiltərə, Avstraliya, Rusiya Federasiyası, Türkiyə, Çin Xalq Respublikası, İran İslam Respublikası) ezamiyyətlərdə olub və beynəlxalq konqreslərdə iştirak edib, gördüyü tibbi yenilikləri respublikamızda tətbiq edib. Milli elmi kadrların və yüksəkixtisaslı mütəxəssislərin hazırlanması həmişə onun üçün prioritet məsələ olub. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında, tibb elmləri üzrə  ekspert kimi çalışıb. 200-dən artıq elmi əsərin, səmərələşdirici təkliflərin və metodik tövsiyələrin müəllifi olan alimin  rəhbərliyi altında 8 namizədlik dissertasiyası müdafiə olunub.

 

Fazil Abbasov (Horovlu) tanınmış ürək carrahı olmaqla yanaşı, həm da bir çox gözəl şeirlərin, poemaların, bayatıların, rübai va qəzəllərin müəllifidir. “Ruhun üsyanı” (2019) və “Salam verək insanlara” (2021) kitablarından sonra ötən il çapdan çıxmış  “Laləzar” bayatılar toplusu onun oxucularla üçüncü görüşüdür. Qarabağ mövzusu alimin ədəbi yaradıcılığında mühüm istiqamətdir. Fazil Abbasovun son 30 ildə yazdığı şeir və bayatılarda torpaqlarımızın işğalı, yurd həsrəti, xalğımızın düçar olduğu çətinliklər, 44 günlük Vətən müharibəsində Şanlı Ordumuzun qazandığı böyük Qələbənin qüruru, azad olmuş torpaqlara Böyük Qayıdışın sevinci, vətən torpaqlarının  azad olunması yolunda öz canlarını fəda etmiş qəhrəman oğulların misilsiz qəhrəmanlıqları tərənnüm  olunur.

 

Müəllifin “Laləzar” toplusunda  da Vətən, ana torpağa həsr olunmuş bayatılarında vətənpərvərlik motivləri üstünlük təşkil edir:

...Başlar qoyulan Torpaq,

 yenilməz, Vətən olar!

  Qanla yuyulan Torpaq,

  alınmaz, Vətən olar!

Ana deyilən Torpaq,

bölünməz, Vətən olar!

 

Və yaxud

 

Vətən alın yazımdır,

Çörəyimdir, duzumdur.

Qarabağ taleyimdir,

Şuşa, bəxt ulduzumdur.

          ***

Mən sənsiz heçəm, Vətən,

Qanad ver uçum Vətən.

Cəbrayıl cənnətimdir-

Qoynuna köçüm, Vətən.

 

Müəllif bayatılarında igid oğulların qəhrəmanlığı sayəsində torpaqlarımızın düşmən əsarətindən azad olunması müjdəsini verir:

Şuşa, nazəndə yarım,

Otuz illik qubarım.

Xarıbülbül gül açdı-

Qayıtdı növbaharım.

          ***

Düşməni xar elədik,

Dünyasını dar elədik.

Qarabağ azad oldu-

Dünyaya car elədik.

          ***

Dedik, Vətən var olsun,

Şuşa laləzar olsun.

Qarabağ torpağında,

Əbədi bahar olsun.

 

“Laləzər”kitabında yer almış “Zəfər bayatıları”, “Düşüncələr”, “Təbriz bayatıları”nda alim-şairin bir sıra fəlsəfi fikir və düşüncələri əks olunub.

 

Xüsusən də “Təbriz bayatıları”nda yer almış

“Bir torpağın barıyıq,

Bir bağın nübarıyıq,

Bir almaydıq, bölündük-

Biz quzeyli yarıyıq”.

 

Və yaxud

 

“Bu arzum, son ahımdır,

Ümidim-günahımdır.

Bakı ruhumun evi,

Təbriz qibləgahımdır”

 

motivlərində bugünlə səsləşən aktual düşüncələrini dilə gətirir.

Ümumilikdə, sözün qüdrətindən yaranmış bu bayatılar insanı düşünməyə vadar edir, doğma Vətəni sevməyi aşılayır və müdrikliyi tərənnüm edir. 

 

Nizami MİRZƏ

 



29.01.2023 | 10:38