BŞTİ və AzTU startap layihələrlə bağlı əməkdaşlığa başlayır

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi ilə görüş keçirilib.

 

Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, AzTU-nun rektoru Vilayət Vəliyev, İdarənin struktur bölmə rəhbərləri, universitetin rəhbər şəxsləri iştirak edib.

 

BŞTİ müdiri Mehriban Vəliyeva təhsil pillələri arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi və təhsilin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə sıx inteqrasiyanın təmin edilməsi, həmçinin məktəblilərin innovativ təşəbbüslərinin dəstəklənməsinə və yaradıcı ideyalarının reallaşdırılması üçün münbit şəraitin yaradılmasına xidmət edən startapçılar hərəkatının başlanılması üçün səylərin birləşdirilməsinin mühüm rol oynadığını söyləyib. Bu baxımdan əməkdaşlığa açıq olan ali məktəblərə, o cümlədən AzTU-nun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.

 

İdarə müdiri bilik və bacarığını reallaşdıra, ideyasını məhsula çevirə bilən startapçı gənclərin inkişafında, elmin sirlərinə sahiblənməsində ali məktəblərin dəstəyinin mühüm şərtlərdən biri olduğunu deyib. M.Vəliyeva müvafiq meyarlar əsasında startapçı şagirdlərin seçimi ilə bağlı elektron portalın yaradılması təklifi ilə çıxış edib.

 

Görüşdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev BŞTİ ilə əməkdaşlıqdan məmnunluğunu və bu əlaqələrin qarşılıqlı fayda verəcəyinə əminliyini bildirib. V.Vəliyev qeyd edib ki, bu əməkdaşlıq şagirdlərin universitetin tədqiqat imkanlarından səmərəli istifadə olunmasına şərait yaradılması baxımından faydalı olacaq.

 

Rektor universitetlə ümumi təhsil məktəbləri arasında qarşılıqlı təcrübə mübadiləsinin həm tələbələr, həm də şagirdlər üçün əhəmiyyətli olacağını, startap layihələrlə işləyən gənclərin motivasiyasının yüksəldilməsinə müsbət təsir göstərəcəyini nəzərə çatdırıb.

 

Görüşdə Bakı şəhərində yeləşən ümumi təhsil məktəblərində şagirdlərin startap ideyalarının dəstəklənməsində köməklik göstərilməsi və bu istiqamətdə universitetlə birgə görülə biləcək işlərdən danışılıb, BŞTİ ilə AzTU-nun gələcək əməkdaşlıq perspektivlərinə dair fəaliyyət barədə fikir mübadiləsi aparılıb.

 

 



27.01.2023 | 17:28