IELTS imtahanlarında 100 faizlik nəticə | |
Layihə iştirakçılarının uğur hekayələri
Yanvarın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA), Təhsilin İnkişafı Fondu (TİF) və Britaniya Şurası ilə (British Council, BŞ) tərəfdaşlıq əsasında təşkil olunan IELTS (İnternational English Language Testing System) imtahanlarında iştirak edən universitetin bir qrup müəllim və tələbələrinə sertifikatların təqdim olunması mərasimi keçirildi.
Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov dedi: “Pedaqoji Universitetlə Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Təhsilin İnkişafı Fondu arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında insan kapitalının formalaşdırılmasının gücləndirilməsi və istedadlı tələbələrin ingilis dilini mənimsəməsi məqsədilə universitetimizin bir qrup müəllim və tələbəsi üçün IELTS imtahanı təşkil edilmişdır. Britaniya Şurasının təşkilatçılığı ilə keçirilən imtahanda universitetdaxili müsabiqə əsasında seçilmiş 9 müəllim və 10 tələbə iştirak etmiş və hər biri yüksək nəticə ilə beynəlxalq dil sertifikatı qazanmışdır. Cari il ərzində daha artıq tələbənin imtahanlara cəlb olunması nəzərdə tutulur”.
Daha sonra Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova və Britaniya Şurasının Cənubi Qafqaz üzrə İmtahanlar Meneceri Nərgiz Əkbərova çıxış ediblər. Diqqətə çatdırılıb ki, bu imtahanların təşkilində məqsəd universitetlərdə beynəlxalq dil sertifikatlarının təşviqi, gələcəkdə tədris prosesində IELTS sertifikatı kimi akkreditasiya olunmuş beynəlxalq dil sertifikatına malik olan tələbələrin müvafiq proqramların tədrisindən azad olunmalarını stimullaşdırmaqdır. Çıxışlarda xüsusilə vurğulandı ki, ötən ilin sonunda 6 dövlət ali təhsil müəssisəsi ilə birgə icra olunan layihənin ilk ilində Pedaqoji Universitetdən namizədliyi irəli sürülmüş bütün müəllim və tələbələr yüksək nəticə ilə IELTS sertifikatı almağa müvəffəq olmuşlar. Layihənin növbəti illərdə də davam etdiriləcəyi qeyd olundu.
Daha sonra müəllim və tələbələrə müvafiq sertifikatlar təqdim olundu. İlk təltifetmə mərasiminin də layihə çərçivəsində təşkil olunan IELTS imtahanlarında 100 faiz nəticə ilə ilk yer tutan Pedaqoji Universitetdə keçirilməsi heç də təsadüfi xarakter daşımır.
Sertifikatların təqdimatından sonra qonaqlar ADPU-da qış imtahan sessiyasının gedişi, imtahanların nəticələrinin yoxlanılması və apellyasiya prosesi ilə yaxından tanış olaraq, imtahanların yüksək səviyyədə təşkilindən məmnunluqlarını ifadə etdilər.
Biz də həyacanlı təltifetmə mərasimindən sonra bu ilk layihənin ilk uğur qazananlarının təəssüratlarını öyrənmək qərarına gəldik. Heç şübhəsiz, bu gün alınan sertifikatların arxasında böyük əzm və gərgin əmək dayanır.
“Namizədlər əldə etdikləri nəticələrlə etimadı doğrultdular”
ADPU-nun Xarici Dillər Mərkəzinin baş müəllimi Simuzər Muxtarova universitetdə son illərdə aparılan yenilənmədən söz və keyfiyyət göstəriclərinin artmasından söz açır:
“Azərbaycan Dövlər Pedaqoji Universitetində son bir neçə ildə zəruri islahatların aparılması və müasir tədris metodlarının tətbiqi nəticəsində tədrisin keyfiyyəti əhəmiyyətli dərəcədə artmışdır. Bunu həm pedaqoji heyətin peşəkarlaşmasında, həm də tələbələrimizin göstərdiyi nəticələrdə görmək olur.
Müxtəlif ölkələrin aparıcı universitetləri ilə yaradılan əlaqələr, müəllim və tələbə mübadilə proqramları gənclərin diqqətini cəlb etməyə başlamışdır. Bunun nəticəsi olaraq son illərdə yüksək bal toplamış abiturientlər ixtisas seçimlərində ADPU-nu göstərirlər və bu il də universitetə qəbul planı 100% dolmuşdur.
ADPU-nun professional komandası bu il də bir çox layihələrə start vermişdir və onlar arasında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA), Təhsilin İnkişafı Fondu (TİF) və Britaniya Şurası ilə birgə əməkdaşlıq xüsusi önəm daşıyır. Belə ki, bu layihə çərçivəsində ADPU-nun müəllim və tələbə kollektivinin bir hissəsi universitetdaxili seçim mərhələsindən keçərək IELTS imtahanında iştirak etmək şansı qazanmışdır. Xarici Dillər Mərkəzinin müəllimi Talehə Əhmədovanın apardığı uğurlu təlimlər namizədlərin imtahanda yüksək nəticə göstərməsinə kömək etmişdir. Bu layihənin təşkili müəllim və tələbələr üçün həm maddi, həm də mənəvi dəstək oldu.
Britaniya Şurasının yüksək səviyyədə təşkil etdiyi imtahan, gərgin iş rejiminə baxmayaraq qeydiyyatın aparılmasında göstərilən qayğı və anlayış kollektivimizə verilən dəyərin göstəricisidir. Çox sevindirici haldır ki, namizədlər imtahandan əldə etdikləri nəticələrlə onlara göstərilən etimadı bir daha doğrultdular”.
“IELTS imtahanları müəllim və tələbələrimiz üçün böyük bir fürsətdir”
Xarici Dillər Mərkəzinin müəllimi Talehə Əhmədova ingilis dilinin həyatımızda mühüm rol oynadığını vurğulayaraq, müasir dünyada istənilən elmi öyrənmək üçün ingilis dilinin əsas dil olduğunu qeyd edir:
- IELTS iş, təhsil və miqrasiya üçün dünyada ən məşhur ingilis dili imtahanıdır. Test dörd bacarıq üzrə ingilis dili bacarıqlarını qiymətləndirir. Qeyd olunanların əhəmiyyətini nəzərə alaraq vurğulamaq istərdim ki, təşkil olunan IELTS imtahanları müəllim və tələbələrimiz üçün böyük bir fürsətdir.
Hazırlıq prosesi və seçim mərhələsi seçilən namizədlər üçün bir aylıq IELTS təlimləri ilə davam etdirildi. Bu kursun təlimçisi kimi qeyd edə bilərəm ki, bu müddət ərzində müəllim və tələbələrimizə IELTS imtahanının dörd bacarığının hər birinin inkişafı yönündə lazım olan strategiya ve texnikalar, imtahanda uğurlu nəticə əldə etmək üçün praktik məsləhətlər və hazırlıq prosesinin keyfiyyətini təmin etmək məqsədi ilə bütün resurslar təqdim edildi. Təlimlərdə hər bir namizədin aktiv və davamlı şəkildə iştirak etməsi, hər bir tapşırığı məsuliyyətlə icra etməsi sonda əldə edilən uğurlu nəticənin xəbərçisi idi. Xüsusi vurğulamaq istərdim ki, bir namizəd kimi özüm ilə bərabər təlim keçdiyim müəllim və tələbə heyətinin də uğurlu nəticə əldə etməyi məni ikiqat sevindirir. Bizə yaradılan bu fürsətə görə Elm və təhsil naziri Emin Əmrullayeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərova, Təhsilin İnkişafı Fonduna, Təhsildə Keyfiyyət Təminatı Agentliyinə və bu layihənin həyata keçməsində müstəsna xidmətləri olan hər kəsə dərin təşəkkürümü bildirirəm.
“Çəkilən zəhmət sonda uğurla, əldə edilən mükafatlarla nəticələndi”
Mərkəzin imtahanlarda uğur qazanmış digər müəllimi Ülviyyə Ağamirova həm də Pedaqoji Universitetin gənc məzunlarından biridir.Tələbələrə və akademik heyətə, xüsusən gənc kadrlara göstərilən qayğıya və hərtərəfli dəstəyə görə universitet rəhbərliyinə minnətdarlığını bildirərək, universitetin inkişafı, yenilikləri və nailiyyətlərinin bundan sonra da davamlı olacağına əmin olduğunu deyir.
IELTS imtahanında uğurlu nəticə əldə etdiklərinə görə sevincini gizlətməyən Ülviyyə müəllim həmkarlarını və tələbələrini təbrik etməyi də unutmur.
İmtahanlardan əvvəl universitetdə yüksək səviyyədə yoxlama test imtahanlarının və daha sonra ciddi hazırlıqların keçirilməsinə görə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynovaya və Xarici Dillər Mərkəzinin müdiri dosent Ülviyyə Hacıyevaya təşəkkürünü bildirən Ü.Ağamirova hazırlıq prosesinin təşkili haqqında təəssüratlarını bizimlə bölüşür: “Test imtahanından uğurla keçən müəllim və tələbələr üçün IELTS imtahanına hazırlıq məqsədilə ötən ilin avqust-sentyabr aylarında universitet rəhbərliyinin təşkil etdiyi onlayn təlimlərə qatıldıq. Həmkarımız - Xarici Dillər Mərkəzinin müəllimi T.Əhmədova təlim müddətində bizə böyük kömək oldu, öz bilik və bacarığını nümayiş edərək imtahan mövzularını ardıcıl, sistemli və çox mükəmməl şəkildə izah etdi, bizi düzgün istiqamətdə yönləndirdi və hər birimizi imtahanda iştirak etməyə cəlb etdi. Onun əziyyəti də danılmazdır. Çəkilən zəhmət sonda uğurla, əldə edilən mükafatlarla nəticələndi.”
“Bu layihədə iştirak etdiyim üçün çox şadam”
Öz təəssüratlarını bölüşən magistrant Nərmin Ataşova deyir: “Mən də ötən ilin may ayında Elm və Təhsil Nazirliyinin dəstəyi ilə TKTA, TİF və BŞ-nin ADPU ilə birgə əməkdaşlığı nəticəsində həyata keçirilən IELTS imtahanına təşviq proqamından yararlandım.
Universitetin təşkil etdiyi seçim imtahanında iştirak edərək yüksək bal toplayıb, hazırlıq mərhələsinə seçildim. Təlimçimiz Talehə müəllimin səyləri nəticəsində imtahan üçün lazımi bilik və bacarıqlarımızı inkişaf etdirdik. Daha sonra IELTS imtahanında iştirak etməyə şans qazanan 19 müəllim və tələbədən ibarət heyətin bir üzvü oldum. Belə bir şans əldə etdiyim üçün çox sevincli idim.
İmtahan ötən ilin sonlarında - dekabrın 17-də keçirildi. Hər şey çox şəffaf və standartlara uyğun idi, heç bir çətinlik və ya problemlə qarşılaşmadım. Bu, mənə imtahanda daha diqqətli olmağıma şərait yaratdı. İmtahan nəticələrimiz iki həftə sonra açıqlandı. Bu gün isə ADPU-da keçirilən möhtəşəm tədbirdə rektorumuz Cəfər müəllim və digər rəsmilər tərəfindən sertifikatlarımız təqdim edildi. Belə bir layihədə iştirak edə bildiyim üçün çox şadam, mənə gələcək iş həyatımda yararlı olacaq sertifikat üçün universitet rəhbərliyinə və əməyi keçən hər kəsə təşəkkür edirəm”.
“Bu layihənin uzun müddət davam etməsini, daha çox iştirakçının cəlb olunmasını istərdim”
Tahirə Hüseynova isə ADPU-nun Şamaxı filialının tələbəsidir. O da uğur qazananlar arasındadır:
“Abituriyent olan zaman ingilis dilinə, riyaziyyat və informatikaya marağım böyük idi. Seçim qarşısında qalmışdım. Düşündüm ki, ingilis dili ixtisasını seçsəm, riyaziyyat-informatikadan uzaq düşmüş olacağam. Amma ingilis dilini müstəqil öyrənə bilərəm. Belə də etdim. Riyaziyyat-informatika müəllimliyi ixtisasında təhsil alaraq, ingilis dilini də öyrənməyə davam etdim.
Bu layihə mənə və mənim kimi digər ixtisas seçib, ingilis dilini öyrənmək istəyən tələbələrə dəstək oldu. Belə bir layihənin keçirilməsi, həmçinin filialların da cəlb olunması çox xoş təəssürat bağışladı. Müəllimlərin və tələbələrin eyni vaxtda iştirakı çox maraqlı idi. Birinci dəfə belə layihə keçirilməsinə baxmayaraq, qeydiyyat prosesi operativ şəkildə aparıldı. Təlim onlayn keçirilsə də, təlimçimiz maksimum nəticə əldə etmək üçün əlindən gələni etdi. Belə bir şans verildiyi üçün təşkilatçılara, müəllimlərə təşəkkür edirəm. Bu layihənin uzun müddət davam etməsini, daha çox iştirakçının cəlb olunmasını istərdim”.
“Nəticəmi gördükdə özümü xoşbəxt hiss etdim”
Tarix və coğrafiya fakültəsində təhsil alan Rafael Cəfərov deyir ki, layihə elan olunanda o özünü sınamaq qərarına gəlib:
“Hazırkı dövrdə IELTS imtahanı həm təhsil, həm də iş həyatımızda olduqca böyük əhəmiyyətə malikdir. Lakin təəssüflər olsun ki, bu imtahana hazırlaşmaq həm maddi, həm də peşəkar müəllim tapmaq baxımından tələbələrə çətinlik törədir. Belə bir zamanda, gözləmədiyim anda ADPU rəhbərliyinin üçün belə gözəl fürsət yaratması məni çox sevindirdi. Mən şansımı sınamaq istədim. Həm buradakı fəaliyyətim, həm də xaricdə təhsil almaq planım üçün IELTS mənə lazım idi. Böyük bir kollektivin içindən seçilmiş olmanın sevincini sözlə ifadə edə bilmərəm. Şövqlə hazırlığa başladım. Müəllimimiz, dərs metodikası, izah üsulları və s. - hər şey çox əla idi. Nəticəmi gördükdə layihəyə qatıldığım üçün bir daha özümü xoşbəxt hiss etdim. Hesab edirəm ki, bu tip layihələr gənclər üçün böyük bir motivasiya mənbəyidir. Artıq xaricdə təhsilim üçün ilk addımı atmış sayılıram. Buna görə də, başda rektorumuz Cəfər müəllim olmaqla, Elm və Təhsil Nazirliyi və Britaniya Şurasına, layihənin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə dərin təşəkkürümü bildirirəm”.
“Bizə belə bir fürsətin verilməsində rolu olan hər kəsə öz minnətdarlığımı bildirirəm”
Uğur qazanan tələbələrdən olan Nuray Məmmədzadə yaradılan imkana görə Elm və Təhsil Nazirliyi və universitet rəhbərliyinə minnətdarlığını bildirərək, imtahanlarla yanaşı keçirilən təlimlərin, hazırlıqların önəmini vurğulayır:
“Biz tələbələr üçün hər bir şərait yaradıldı. Yayda bir aylıq IELTS təlimi keçirildi. Bunun üçün Talehə müəllimə təşəkkür etmək istəyirəm. O, bizə IELTS imtahanı ilə bağlı hər bir incəliyi izah etdi. Bundan başqa, Xarici Dillər Mərkəzinin müdiri Ülviyyə xanıma və bütün tələbələrin qeydiyyat proseslərini tamamlayan Simuzər müəllimə hər zaman yaxın və isti münasibət göstərdikləri üçün minnətdaram. Bizə belə bir fürsətin verilməsində rolu olan hər kəsə öz minnətdarlığımı bildirirəm.
Taleh MİRZƏYEV
|
|
27.01.2023 | 15:35 | |
|
|
|