“Qarabağda ekoloji terrora son”

Bakı Mühəndislik Universitetinin (BMU) ev sahibliyi, Fitoterapevtlər İctimai Birliyi, Respublika Qadınlar Cəmiyyətinin birgə təşkilatçılığı, Əməkdar incəsənət xadimi, dosent Fəxriyyə Xələfovanın layihə rəhbərliyi ilə “Qarabağda ekoloji terrora son” adlı elmi-praktik konfrans keçirilib.

 

Tədbirdə əvvəlcə  “Qarabağnamə” adlı videoçarx nümayiş etdirilib.

 

Bir sıra nazirlik rəsmiləri, millət vəkilləri,  tanınmış ictimai-siyasi və elm xadimləri, həmçinin ölkəmizdə təhsil alan xarici tələbələrin qatıldığı konfransda açılış nitqi ilə çıxış edən BMU-nun rektoru professor Havar Məmmədov tədbirin həsr olunduğu mövzunun aktuallığına diqqət çəkib.

 

Rektor Ermənistanın ölkəmizə qarşı təcavüzünün davam etdiyi 30 il müddətində işğal olunmuş ərazilərdə təbii ehtiyatların qeyri-qanuni istismarının ekoloji faciələrə yol açdığını qeyd edib. H.Məmmədov ermənilər tərəfindən Qarabağın flora və faunasının məqsədli şəkildə məhv edilməsindən, torpaqlarımızın ciddi deqradasiyaya məruz qalmasından, eləcə də həmin ərazilərdə mövcud olan faydalı qazıntıların, şirin su resurslarının, meşə fondunun amansız formada talan olunmasından ətraflı danışıb.

 

Vətən müharibəsində qazanılmış Qələbədən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanıldığını deyən H.Məmmədov Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə azad Qarabağımızda aparılan quruculuq işlərini və ekoloji tarazlığın bərpası üçün atılan addımları, yaşıl enerji layihələrini xüsusi vurğulayıb.

 

Tədbirin əhəmiyyətini qeyd edən Fitoterapevtlər İctimai Birliyinin sədri tibb elmləri doktoru Məlahət Qəhrəmanova Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının təbiətinin zənginliyindən danışıb. O, çıxışında bu təbii gözəlliklərin erməni vandalları tərəfindən qəsdən məhv edilməsi, bundan irəli gələn ekoloji fəlakətləri, həmin ərazilərin flora və faunasının işğaldan əvvəlki və mövcud vəziyyəti ilə bağlı məlumatları nəzərə çatdırıb.

 

Əməkdar incəsənət xadimi, “Qarabağın flora və faunası” layihəsinin ideya müəllifi Fəxriyyə Xələfova işğal dövründə Qarabağda baş verən ekosidin yalnız Azərbaycan üçün deyil, ümumilikdə bəşəriyyət üçün ciddi faciələrə yol açdığını bildirib. F.Xələfova işğal olunmuş ərazilərdə aparılan qeyri-qanuni fəaliyyəti, onun meydana gətirdiyi ekoterrorun acı nəticələrini faktlarla diqqətə çatdırıb. Əməkdar incəsənət xadimi Qarabağ torpaqlarında ətraf mühitə, ekosistemə, flora və faunanın vahidliyinə vurulan sistemli zərbələrin təbiətdə tarazlığın pozulmasına gətirib çıxardığını deyərək, bu terrorun səbəblərinin beynəlxalq müstəvidə araşdırılaraq hüquqi qiymət almasının vacibliyini vurğulayıb.

 

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da mövzunun aktuallığını önə çəkərək, ekosidin yalnız milli zəmində deyil, qlobal məkan üçün də ciddi təhdidlər doğurduğunu bildirib. Ermənilər tərəfindən yürüdülən ekoloji terror siyasəti nəticəsində 30 il ərzində ölkəmizin təbiətinə, biomüxtəlifliyinə, flora və faunasına, həmçinin su mənbələrinə vurulmuş zərbələrə toxunan ombudsman transsərhəd çay olan Oxçuçayın uzun illər Ermənistan ərazisində kəskin çirklənməyə məruz qaldığını, Cənubi Qafqazın ikinci böyük çayı olan Arazın və şirin su ehtiyatlarının qəsdən çirkləndirildiyini deyib. Ümumilikdə işğal altında olmuş ərazilərimizin ekologiyası, regionun ekosisteminə ciddi zərər vurulmaqla, beynəlxalq səviyyədə ekoloji cinayət törədildiyini vurğulayan S. Əliyeva bütün bu faktlarla bağlı Ombudsman Aparatı tərəfindən beynəlxalq aləmin diqqətinə çatdırılması üçün geniş hesabat hazırlandığını bildirib.

 

Millət vəkilləri Qənirə Paşayeva, İlham Məmmədov, Müşfiq Məmmədli, AMEA Coğrafiya İnstitutunun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminov çıxışlarında mövzunun önəmini və qloballığını vurğulayıblar. Çıxışlarda Qarabağdakı ekoloji terrorların yalnız bir ölkəyə qarşı deyil, ümumilikdə bəşəriyyətə qarşı yürüdülən siyasət olduğu bildirilib. Bununla yanaşı, təcavüzkar Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində beynəlxalq hüququn bütün prinsiplərini pozduğu, transsərhəd çayları ağır formada çirkləndirdiyi, açıq təxribatçı fəaliyyət göstərərək ekoloji terror əməlləri törətdiyi qeyd olunub və beynəlxalq ictimaiyyətin Ermənistanın qanunsuz fəaliyyətini sərt şəkildə qınamalı, müvafiq addımlar atmalı olduğu bəyan edilib.

 

Konfrans işğal zamanı Ermənistan tərəfindən törədilmiş ekoloji cinayətlərin acı nəticələrinin geniş müzakirəsi ilə davam edib.

 

 



27.01.2023 | 17:33