“Gənc istedadlar” liseyində ekoklub yaradılıb

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində 26 yanvar - Dünya Ekoloji Təhsil Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib. 

 

Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin Ekoloji təhsil və davamlı inkişaf bölməsinin müdiri Jalə İsmayılova “Ekoloji yönümlü və enerji effektli məktəblərin Yaşıl Şəbəkəsi” layihəsi barədə məlumat verib. Qeyd edib ki, layihənin əsas ideyası məktəblərin “yaşıl” və ya “ekoloji” status almasıdır: “Bunun üçün il boyu su və enerjiyə qənaət, tullantıların  çeşidlənməsi və təkrar emala göndərilməsi, yaşıl guşələrin yaradılması istiqamətində tədbirlər görülür, fasiləsiz ekoloji maarifləndirmə proqramı həyata keçirilir. 20 məktəbin iştirakı ilə keçirilən layihəyə 2015-ci ildə start verilib. Hazırda “Yaşıl Şəbəkə” Bakıda 40, regionlarda 57 məktəbi əhatə edir. Hər il layihəyə yeni qoşulmaq istəyən məktəblərin sayı artır. Ekoloji maarifləndirmə proqramı çərçivəsində “Gənc istedadlar” liseyi də daxil olmaqla, digər məktəblərdə də ekoklublar yaradılıb. Əsas məqsəd uşaq və gənclərin ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf sahəsində biliklərini artırmaq, onları bu sahədə məsuliyyətli olmağa cəlb etməkdir”.

 

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları Şəbnəm Qurbanova və Mircavad Seyidli təqdimatlarla çıxış edib, hava proqnozlarının hazırlanması qaydası, ölkəmizdə hidrometeoroloji şəbəkə barədə məlumat veriblər.

 

Sonra şagirdlər arasında sual-cavab yarışı keçirilib, qaliblərə kitablar hədiyyə olunub.

 



27.01.2023 | 11:04