ADMİU Kinematoqrafçılar İttifaqı ilə əməkdaşlığını davam etdirir | |
Kino sənətinin müxtəlif sahələri üzrə çap məhsullarının tərtibi, nəşri və təbliği istiqamətində Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) arasında əməkdaşlıq uğurla davam edir.
Universitetdən bildirilib ki, təşkilatın əsas prioritetlərindən biri kimi çapdan çıxan kino sahəsinə dair nəşrlər mütəmadi ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinə hədiyyə olunaraq ixtisaslı oxucu auditoriyasının nəzərinə çatdırılır. AKİ ilə universitetin aktiv əməkdaşlığının bariz nümunəsidir ki, bu günlərdə təşkilatın maliyyə dəstəyi ilə universitetin kino-televiziya sənətləri kafedrasının müdiri Əməkdar incəsənət xadimi, Şöhrət ordenli, professor Rafiq Quliyevin uzun illərin təcrübəsindən bəhrələnərək yazdığı “Vizual informasiya daşıyıcıları və işığahəssas materiallar” adlı dərslik işıq üzü görüb. Nəşrdə peşəkar kino-teleoperator və fotoqraflara kinematoqrafiya və foto sənətində istifadə olunan informasiya daşıyıcıları, işığahəssas qəbuledicilər, real görüntünün rəqəmsal informasiyaya, daha sonra optik təsvirə transformasiya üsulları, işığahəssas qəbuledicilərin həndəsi parametrləri, onların fotoqrafik xassələri, çəkiliş anında, yaxud sonrakı mərhələlərdə həmin xassə göstəricilərinin tənzimlənmə metodları haqqında, kino-fotolent və işığahəssas sensorların fotoqrafik xassələri arasında mövcud olan oxşar və fərqli cəhətlərlə bağlı bilgilər öz əksini tapıb. ADMİU-nun Elmi Şurasının qərarı ilə çapa tövsiyə edilən dərsliyin elmi redaktoru Əməkdar incəsənət xadimi, rejissor
Cəmil Quliyev, rəyçiləri – Əməkdar incəsənət xadimləri Rəfail Qəmbərov, Adil Abbasov və Nizami Abbasovdur.
|
|
25.01.2023 | 15:11 | |
|
|
|