ADNSU tələbələrinin “Technoil” MMC-yə ekskursiyası təşkil olunub

Martın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) iqtisadiyyat və menecment fakültəsinin tələbələrinin Azərbaycanda və eyni zamanda Qafqaz regionunda mühərrik və sürtkü yağları istehsal edən ilk sənaye müəssisəsi olan “Technoil” MMC-yə ekskursiyası təşkil olunub.

 

Universitetdən verilən məlumata görə, ekskursiyaya başlamazdan əvvəl “Technoil” MMC-nin marketinq direktoru Pərviz Əzimov şirkət haqqında təqdimatla çıxış edib. Təqdimatda şirkətin istehsal etdiyi məhsullar, əməkdaşlıq edilən qurumlar, həyata keçirilən layihələr, gələcəkdə görülməsi planlaşdırılan işlər və s. haqqında məlumat verilib.

 

“Technoil” MMC-nin direktoru Murad Rəfiyev şirkətin əsas məqsədinin ölkə və dünya bazarında hər zaman müştərilərin tələblərinə cavab verə bilən yüksək keyfiyyətli məhsullar istehsal etmək olduğunu deyib.

 

Sonra tələbələr “Technoil” MMC-də iş prosesini izləyib, laboratoriya və anbarla tanış olublar.

 

Universitetin iqtisadiyyat və menecment fakültəsinin dekanı, dosent İlham Rüstəmov göstərilən diqqətə görə ADNSU rəhbərliyi adından “Technoil” MMC-nin nümayəndələrinə təşəkkürünü bildirib.

 

Qeyd edək ki, “Technoil” MMC 2016-cı ildən etibarən “Technol” ticarət markası  altında  Azərbaycan bazarında fəaliyyət göstərməkdədir. Bütün növ nəqliyyat vasitələri, minik və yük maşınları, motosikletlər,  sərnişin və yükdaşıma gəmiləri üçün mühərrik, ötürücü qutu yağları istehsalını həyata keçirən zavod ,eyni zamanda, sənaye  məqsədli yağlar, reduktor yağları, hidravlik yağlar, müxtəlif növ sürtkü yağları və antifrizlər də istehsal edir.

 

Samirə KƏRİMOVA

 

 



06.03.2018 | 09:45