Təqaüd artımı, tələbə məmnunluğu

Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin artırılması təhsilalanlar tərəfindən sevinclə qarşılanıb. Tələbələr dövlət başçımızın gənclərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirərək minnətdarlıqlarını ifadə edirlər.

 

Tələbələr yeni ilə xüsusi bir motivasiya ilə başladılar

 

ADPU-nun magistrantı İsmayıl Nəsirov tələbələrə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib: “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətini uğurla davam etdirən, daim tələbələrə, gənclərə xüsusi qayğı ilə yanaşan dövlət başçısına  bütün tələbələr adından dərin minnətdarlığımı bildirirəm. Düşünürəm ki, 2023-cü ilin başlanğıcında təqaüdlərin artımı xəbərini alan tələbələr yeni ilə xüsusi bir motivasiya ilə başladılar. Ümumiyyətlə, təqaüd alan bir tələbə üçün onun miqdarı da kifayət qədər önəm daşıyır. Çünki tələbə kontingentinin böyük hissəsi regionlarda yaşayanlardır. Onlar təhsil müddəti ərzində Bakıda kirayə qalmaq məcburiyyətindədirlər. Bu dövrdə tələbələrin maddi sıxıntılarının aradan qaldırılması baxımından əldə etdikləri təqaüdlər mühüm əhəmiyyət kəsb edir”.

 

“Təqaüdlərin artırılması bizi çox sevindirdi”

 

UNEC-in nəzdindəki Sosial İqtisadiyyat Kollecinin tələbəsi Rasim Kazımov bildirib ki, Prezident İlham Əliyev gənclərin sosial-iqtisadi rifahının yaxşılaşdırılması, tələbələrin özlərini inkişaf etdirməsi istiqamətində bir çox addımlar atır. O, ölkə başçısının gənclərə daim diqqət və qayğı göstərdiyini söyləyib:  “Təqaüdlərin artırılması bizi çox sevindirdi. Təhsil göstəricilərində fərqlənən tələbələrin məhz bu artımlardan sonra daha da səylə çalışacağı şübhəsizdir. Həyata keçirilən yeni sosial islahat mərhələsi çərçivəsində tələbələrin təqaüdlərinin artımı bir daha ondan xəbər verir ki, Azərbaycanda elm və təhsilə, təhsilalanlara göstərilən diqqət yüksələn temp üzrə inkişaf edir”.

 

“Azərbaycanda xüsusi diqqət yetirilən sahələrdən biri də insan kapitalıdır”

 

Nurlan Cəbrayılzadə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təqaüd alan tələbələrdəndir. O, təqaüdlərin artırılması ilə bağlı fikirlərini belə izah edib: “Prezident İlham Əliyev müxtəlif auditoriyalarda çıxışları zamanı dəfələrlə bəyan edib ki, ölkəmizdə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. Bu strateji kursa uyğun olaraq respublikanın iqtisadi-maliyyə imkanları genişləndikcə ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə ayrılan vəsaitlərin həcmi də artırılır. Əgər nəzərə alsaq ki, Azərbaycanda xüsusi diqqət yetirilən sahələrdən biri də insan kapitalıdır, bunun üçün həmin istiqamətdəki əsas addımlar gələcəkdə müxtəlif peşələrə yiyələnəcək tələbələrə göstərilən qayğıdır. Bunun üçün istər təhsil, istərsə də sosial rifah sahəsində aparılan islahatlarda tələbələr xüsusilə diqqətə götürülür. Çünki müasir Azərbaycan gəncliyi daim ölkənin maraqlarını ifadə edən və onu ən layiqli şəkildə bütün platformalarda təmsil edən önəmli rol oynayır. Dövlət başçımız cənab İlham Əliyevin biz tələbələrin sosial rifahının artırılması bizim üçün həm ikiqat motivasiya mənbəyi, həm də təhsil həyatımızdakı uğurlara başlanğıc verəcək bir diqqətin nümunəsidir”.

 

“Gənclərin üzərinə düşən vəzifə dövlətimizin bizlərə yaratdığı şəraitdən maksimum istifadə etməkdir”

 

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil alan Rahidə Abbaslı da təqaüdlərin artımından məmnun olduğunu söyləyib: “I kursda təhsil alıram. Seçdiyim ixtisası çox sevirəm. Dövlətimizin rəhbərinə təqaüdümüzü artırdığı üçün bütün tələbə heyətimiz adından minnətdarlığımı bildirirəm.  Bu, bizi çox sevindirir. Düşünürəm ki, bu kimi addımlar bizim təhsilli, elmli, ölkəmizə və cəmiyyətimizə faydalı bir fərd kimi yetişməyimiz üçün stimuldur. Biz gənclərin üzərinə düşən vəzifə dövlətimizin bizlərə yaratdığı şəraitdən maksimum istifadə etməkdir”.

 

“Layiqli vətəndaş, peşəkar kadr olmağa səy göstərəcəyəm”

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq (AMİU) fakültəsinin tələbəsi Humay Ağayeva orta məktəbdə oxuyanda ən böyük arzusunun AMİU daxil olub, dizaynerlik peşəsinə yiyələnmək olduğunu deyib: “Bu arzum reallaşdı və təbii olaraq bundan sonra mənim yeni arzularım, hədəflərim formalaşdı. Ən böyük hədəfim əla qiymətlərlə oxuyub, təqaüd almaq idi. Bu hədəfimi də reallaşdıra bildim və hazırda mən təqaüdçü tələbəyəm.

 

Cənab Prezidentimiz bir neçə gün öncə sərəncam imzalayaraq təqaüdlərimizin məbləğini artırdı. İndi mən hər ay 175 manat təqaüd alacağam. Bu məbləğ mənim təhsillə bağlı gündəlik xərclərimi qarşılayacaq, həmçinin fərdi inkişafımı da sürətləndirəcək. Dövlətimiz tərəfindən biz gənclərin inkişafı üçün verilən bu qərarın qarşılığı olaraq daha da əzmlə çalışacağam və layiqli vətəndaş, peşəkar kadr olmağa səy göstərəcəyəm”.

 

Niyazi RƏHİMOV

 



20.01.2023 | 14:03