Şəhidlər ölməz, Vətən bölünməz! | |
(20 Yanvar faciəsində şəhid olan üç məktəblinin əziz xatirəsinə)
REKVİUM
...Onlar üç şagird idilər. Hərəsi bir məktəbdə təhsil alırdı. Kimisi gələcəkdə müəllim, kimisi həkim, kimisi isə mühəndis, yaxud başqa bir sahənin mütəxəssisi olmaq arzusu ilə. Kim idi bu yeniyetmələrin müqəddəs arzularını ürəkərində qoyan, onları reallaşmağa qoymayan? Tək onlarınmı arzusu ürəklərində qaldı? Əlbəttə, yox. Onları boya-başa çatdıran, illər boyu nazlarını çəkən, keçirdikləri yuxusuz gecələrin bəhrəsin görmək arzusu ilə ümid dolu sabaha nikbin baxan anaların, əliqabarlı, dağ vüqarlı ataların ümidləri idi puç olan o gecə.
Bu gün 20 Yanvar tarixinin millətimiz üçün ən qanlı səhifəsini vərəqləyərkən o qanlı təqvim günü üç balamızın - Larisa Məmmədovanın, Vera Bessantinanın və İlqar İbrahimovun tarimar olan uşaq dünyalarının dağ boyda yükü altında təngnəfəs olmaya bilmirsən. Unutmaqmı olar həmin gecə baş verən o dəhşətli faciəni?! Biri atası ilə avtobusda evə qayıdarkən yolda qaniçən qəsbkarların gülləbaranına tuş gələrkən, biri öz yastığında nağıl dünyasına qovuşduğu məqamda ürəyindən güllə yarası alarkən, birisi isə öz həyət evlərində Bakının səmasını al qana boyayan, ağzından od püskürən güllələri seyr edərkən əbədiyyətə qovuşdu. Bu, sözün tam mənasında tarixi bir faciə idi.
... Müstəqilliyimiz uğrunda şəhid olan övladlarımızın sırasında-Şəhidlər Xiyabanında bu üç balamızın gül çələngi ilə əhatə olunmuş portretlərini görən hər bir kəs addımını yubadır, insan qanına susayanları lənətləyərək dərin xəyal aləminə qərq olur və haçandan-haçana özünə gələrək sıraya düzülmüş növbəti şəhid qardaşbacılarımızın məzarlarını ziyarət etməyə davam edir.
...Onların hər üçü şagird idi. Onlar hələ müharibənin mahiyyətini, onun olduqca acı olan dadını , ümumiyyətlə, bəşəriyyət üçün faciə olduğunu dərindən dərk etmirdilər. Məktəbə qədəm qoyduğu gündən dilindən və dini mənsubiyyətindən asılı olmayaraq bütün insanlara doğma hisslər aşılamağın vacibliyini özündə əxz etdirən bu yeniyetmələr hansı günah sahibi idilər?! Onlar öz canları bahasına bizim hamımızı müstəqilliyə qovuşdurdular. Biz yenidən doğulduq, inkişaf etdik və torpaqlarımızı erməni faşistlərin işğalından azad etdik. Onlar isə 1990-cı il 20 Yanvar tarixindən etibarən əbədiyaşarlıq statusu qazanaraq Ulu Tanrının günahsız insanlar üçün nəzərdə tutduğu “Ağ Saray”da bərqərar oldular. Bu, onların haqqı idi, hər bir kəsə nəsib olmayan haqqı.
Otuz üç ildir ki, Vətən üç ana ilə, üç ata ilə bərabər həyatın acılı-şirinli dadını dadmağa macal tapmayan bu üç balasına ağı deyir:
Dağlarda talam qaldı, Biçmədim, lalam qaldı, Araya dava düşdü, Orda üç balam qaldı.
Sifai SƏFƏROVA
|
|
20.01.2023 | 11:02 | |
|
|
|