BMU-da 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri | |
Bakı Mühəndislik Universitetində (BMU) 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) BMU ərazi partiya təşkilatı ilə birgə gerçəkləşdirilən mərasimdən öncə tədbir iştirakçıları şəhidlərin əziz xatirəsinə həsr olunmuş sərgi ilə tanış olublar.
Sonra faciə ilə bağlı videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən BMU-nun rektoru professor Havar Məmmədov 20 Yanvar 1990-cı ilin Azərbaycanın müasir tarixində faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi yer aldığını bildirib. Rektor Ümumxalq Hüzn Gününün müstəqillik, azadlıq uğrunda mübarizəni daha da alovlandırmaqla xalqımızın yenilməz iradəsinin rəmzinə çevrildiyini diqqətə çatdırıb. Keçmiş sovet ordusunun dinc və silahsız vətəndaşlarımıza qarşı görünməmiş qətliam törətdiyini xatırladan ali təhsil ocağının rəhbəri vurğulayıb ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. H.Məmmədov Ulu Öndərin bütün təzyiqlərə baxmayaraq faciədən dərhal sonra yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gələrək sovet hakimiyyətinin qanlı siyasətini ifşa etdiyini və törədilən faciəyə görə məsuliyyəti bilavasitə SSRİ rəhbərliyinin daşıdığını bəyan etdiyini bildirib. Rektor 20 Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymətin də məhz Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra verildiyini tarixi faktlarla nəzərə çatdırıb.
H.Məmmədov sovet totalitar rejimi tərəfindən bəşəriyyət tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi dəyərləndirilən Qanlı Yanvarın xalqın yaddaşından heç zaman silinməyəcəyini, faciənin günahsız qurbanlarının isə daim böyük sevgi və ehtiramla yad olunacağını deyib. Bu gün ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhunun şad olduğunu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan Ordusunun xalqımızın 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad etdiyini vurğulayan rektor doğma Qarabağımızda Azərbaycanın üçrəngli bayrağının əbədi dalğalanacağını bildirib.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı Aydın Hüseynov 20 Yanvar faciəsini şərtləndirən əsas amillərə, tarixi faktlara toxunub. Millət vəkili o zamankı rejimin süqutunu daha da sürətləndirən qanlı cinayətin Azərbaycan xalqının azadlıq mübarizəsinin qarşısını nəinki ala bilmədiyini, əksinə, dinc əhaliyə qarşı misli görünməmiş qətliamın xalqımızın tarixində yeni qəhrəmanlıq salnaməsinə yol açdığını vurğulayıb.
Müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün təmin olunması yolunda görkəmli dövlət xadimi Heydər Əliyev fenomeninin böyük roluna diqqət çəkən millət vəkili Ulu Öndərin 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi istiqamətindəki tarixi addımlarına diqqət çəkib.
YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev də o dövrün totalitar rejiminin milli azadlıq, istiqlaliyyət uğrunda aparılan mübarizədə xalqın əzmini qırmaq cəhdlərinin boşa çıxmasından söz açıb. 20 Yanvar faciəsinin vurduğu sağalmaz yaraların xalqımızın xatirəsində hər zaman yaşağacağını deyən A.Əliyev şəhidlərimizin qanı bahasına əldə olunan azadlıq və müstəqilliyin heç vaxt əldən verilməyəcəyini bildirib.
Anım tədbiri universitet tələbələrinin iştirakı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə başa çatıb.
|
|
18.01.2023 | 17:06 | |
|
|
|