İctimai Etimad Şurasının üzvləri imtahan prosesini izləyiblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İctimai Etimad Şurasının üzvləri imtahan prosesini izləyib.

 

İctimai Etimad Şurasının üzvləri əvvəlcə ADNSU-nun şəhid məzunlarının xatirəsinə həsr olunmuş kompleksi ziyarət ediblər. Sonra imtahan keçirilən auditoriyaları gəzib, müəllim və tələbələrin imtahanlara hazırlıq səviyyəsi, həmçinin imtahanların şəffaf mühitdə keçirilməsi üçün yaradılan şəraitlə yaxından tanış olublar.

 

İctimai Etimad Şurasının üzvləri ADNSU-nun rektoru professor Mustafa Babanlı ilə də görüşüb, imtahan prosesinin təşkili, həmçinin universitetdə kadr hazırlığı ilə bağlı fikirlərini bölüşüblər. 2022-2023-cü tədris ilində ADNSU-da əldə olunan nailiyyətlərdən və çatışmazlıqlardan, həmçinin hədəflərdən danışan rektor M.Babanlı son dövrdə görülən işlər, yeniliklər və tədris strukturu barədə İctimai Etimad Şurasının üzvlərinə ətraflı məlumat verib. Hazırda 18 ixtisasın beynəlxalq akkreditasiyadan keçdiyini bildirən rektor universitetdə müasir tədris sisteminin qurulması və beynəlxalq əlaqələrin genişlənməsi haqqında da tədbir iştirakçılarını məlumatlandırıb.

 

Şura üzvləri universitetdə imtahanların keçirilməsi üçün yaradılan şəraiti və şəffaf tədris mühitini, həmçinin imtahana nəzarət prosesini yüksək qiymətləndirib və tələbələrin hazırlıq səviyyəsi, eləcə də imtahanların gedişatından razı qaldıqlarını bildiriblər.

 

Sonra şura üzvləri universitetdə yaradılan açıq kitabxana, həmçinin universitetin mətbəəsi ilə də yaxından tanış olublar.

 

 



17.01.2023 | 17:27