ADU-da imtahan sessiyasını izləmək üçün mediatur

Azərbaycan Dillər Universitetində (ADU) 2022-2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələri və millət vəkillərinin iştirakı ilə mediatur təşkil olunub.  

 

Media nümayəndələri və millət vəkilləri imtahan otaqlarında olub, imtahan prosesini izləyiblər. KİV təmsilçilərini maraqlandıran suallar cavablandırılıb.

 

ADU-nun rektoru akademik Kamal Abdulla mediaturda iştirak etdiklərinə görə qonaqlara təşəkkürünü bildirib, millət vəkillərinin, medianın tanınmış nümayəndələrinin imtahan prosesində iştirakının tələbələr üçün də yaddaqalan olacağına əminliyini ifadə edib.

 

Qeyd olunub ki, imtahanların gedişatında obyektivlik və şəffaflıq təmin olunub, sessiya normativ sənədlərə uyğun və qərəzsiz keçirilib.

 

Məlumat verilib ki, bakalavriatura səviyyəsində 7 minə yaxın, magistratura səviyyəsində isə 586  tələbə imtahan verəcək. 

 

Sessiya zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün  fevral ayının 6-dən 13-dək şərait yaradılacaq.

 

Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə  Operativ Qərargah və universitet üzrə Apelyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.

 

Sessiya fevralın 3-dək davam edəcək.

 



17.01.2023 | 10:07