ATU-da qış imtahan sessiyası davam edir

Azərbaycan Tibb Universitetində (ATU) 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir.

 

İmtahanlar hər gün saat 8.30-17.50 arasında keçirilir. Hər bir fənn imtahanı 40 dəqiqə çəkir. Bu müddət ərzində 200-ə yaxın tələbə imtahanda iştirak edir.

 

ATU İmtahan Mərkəzinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ülkər Cəfərova bildirib ki, bu ildən etibarən 1-ci və 2-ci kurslarda oxuyan tələbələr üçün test bazasına 100 nümunəvi test yerləşdirilib:”Onlardan 10-u təkrarçılıq olmadan, yenilənmə ilə imtahana salınır, 15 sual isə internetdə yerləşdirilməyən suallar olur. Bu, o məqsədlə edilir ki, tələbə əzbərçilikdən kənar olsun, kitab oxusun. Artıq hiss olunur ki, 1-ci, 2-ci kurs tələbələri ciddi şəkildə kitab oxumağa başlayıblar. Bəzi kafedralar bu məsələdə bizə yaxından kömək edir, test suallarını vaxtaşırı təzələyirlər”.

 

İmtahan Mərkəzinin müdiri yuxarı kurs tələbələrinin verdiyi imtahanların nəticələrinə də toxunub: “Görülən işlərin və tədbirlərin nəticəsində yuxarı kurs tələbələri də aydın dərk edir ki, yalnız yaxşı oxumaqla yüksək nəticələr əldə etmək olar. Onlar arasında belə fikir formalaşmağa başlayıb ki, oxumasan, heç bir güzəşt olmayacaq. Bu günlərdə 5-ci kurs tələbələri “Daxili xəstəliklər” fənnindən imtahan verdilər. Yüksək göstəricisi olanlar az oldu. Çünki tələbələr şişirtmə deyil, real qiymətlərini aldılar. Bunun isə yaxşı nəticə olduğunu deyə bilərik”.

 

Qeyd edək ki, ATU-da imtahanlar fevralın 1-dək davam edəcək.  Üzrlü səbəbdən iştirak edə bilməyənlər fevralın 6-8-də təşkil ediləcək imtahanlara qatıla bilərlər.

 



16.01.2023 | 10:08