STEAM İnformasiya Mərkəzi | |
Xəbər verdiyimiz kimi, 2023-cü ilin ilk iş həftəsinin birinci günü, yanvarın 5-də Bakıda “STEAM İnnovasiya Mərkəzi”nin açılışı olub. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər. Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və Birinci vitse-prezidentə Mərkəzdə yaradılan şərait barədə məlumat verib.
İqrar Nəzərov: “Mərkəzdə fəaliyyətlər bizim gördüyümüz ənənəvi təhsil metodlarından kifayət qədər fərqli və innovativdir”
Respublikamızda elm və təhsilin davamlı inkişafında, bu sahələrdə yeniliklərin tətbiqində, şagirdlərin müasir bacarıqlarının və texniki biliklərinin aşkara çıxarılmasında, gənc nəslin yeni ideyalarının reallaşdırılmasında mühüm işlər görülür, uğurlu islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın əsas sütunlarından olan innovativ iqtisadi mühitin formalaşması üçün insan kapitalının təkmilləşdirilməsi, əmək bazarında rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması prioritet istiqamətlərdəndir. “STEAM İnnovasiya Mərkəzi”nin istifadəyə verilməsi də ölkə təhsilalanları ilə bağlı müəyyən olunmuş hədəflərə çatmaq məqsədilə yaradılıb.
Ümumi sahəsi 3500 kvadratmetrdən çox olan “STEAM İnnovasiya Mərkəzi” dörd mərtəbədən ibarətdir və hər mərtəbə üzrə ayrılmış məkanlar əsas konseptin müəyyən hissəsini əks etdirir. Mərkəz 4 “Nyuton elm otağı”, “Elmi eksponatlar sərgisi”, “Aviasiya akademiyası”, “İdeya laboratoriyası”, “STEAM TV”, həmçinin köməkçi və funksional sahələrdən təşkil olunub. “Nyuton otağı” aktiv elmi fəaliyyət və təcrübələrin aparılması üçün uyğunlaşdırılmış məkan olub bir neçə otaqdan ibarətdir. Funksional sahələrə ofislər, fəaliyyət sahələri, əlavə avadanlıqların yerləşdirilməsi, həmçinin əməkdaşlar üçün ayrılmış sahələr daxildir. Köməkçi sahələr müxtəlif elmi fəaliyyətlərin nümayişi, təqdimatlar, mühazirələr, toplantı və tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş akt zalı, Elm teatrı, VR (Virtual Reallıq) studiyası, dron sahəsi, 3D holoqram və dükan olaraq müəyyənləşdirilib. Sərgi sahəsi kvest otaq da daxil olmaqla özündə 20 elmi eksponatı birləşdirir. İstifadəsində əsas məqsədin iştirakçılarda əhəmiyyətli bilik və bacarıqların əldə edilməsi olan elmi eksponatlar Azərbaycanda ilk dəfə olaraq “STEAM İnnovasiya Mərkəzi”ndə nümayiş etdirilir.
Bu mərkəzdə həm elm muzeyi, həm də fəaliyyət zonaları mövcuddur. Fəaliyyətlər bizim gördüyümüz ənənəvi təhsil metodlarından kifayət qədər fərqli və innovativdir. Muzey konspektində isə çox interaktiv təcrübələr var. Mərkəzə müxtəlif yaş qruplarından uşaqlar, tələbələr gələ bilər. Mərkəzdə 12 yaşdan yuxarı uşaqlar üçün, eləcə də valideynlərlə birgə həyata keçirilməsi mümkün olan fəaliyyətlər mövcuddur. Buradakı fəaliyyətlərdən istifadə edə bilmək və iştirakçı olmaq üçün ediləcək müraciətlər onlayn formada olacaqdır. Mərkəzin eyni zamanda 300 ziyarətçi qəbul etmək imkanı vardır və qısa zamanda müraciətlərin qəbuluna başlanılacaqdır”.
Yüksəkixtisaslı kadr hazırlığı istiqamətində mütəxəssis yetişməsinə hədəflənmiş “STEAM İnnovasiya Mərkəzi”
Dünya bazarında yeni səviyyəyə malik mütəxəssislərə duyulan böyük tələb səlahiyyətli, rəqabətə davamlı, peşəkar biliklərə sahib, gələcək perspektivləri görən və uzunmüddətli proqnozlar həyata keçirə bilən şəxslər yetişdirməyin vacibliyini ortaya qoyur. STEAM tədris metodikasının tətbiqi yalnız imtahanlara hazırlığa yönəlmiş təhsil modellərindən azad olaraq yaradıcılıq və praktiki öyrənməyə üstünlük verir, şagirdlərdə məntiqi, texnoloji, analitik təfəkkürü inkişaf etdirir. STEAM müxtəlif fənləri birləşdirərək gündəlik həyatdakı reallığı sinfə gətirən təhsil çərçivəsidir. STEAM STEM təhsilinin ikinci pilləsidir ki, burada bədii və dizaynla bağlı bacarıqlar və düşüncə prosesləri şagirdin öyrənmə prosesinə daxil edilir. STEAM XXI əsr bacarıqlarını özündə əks etdirən yeni nəslin formalaşmasına hədəflənib və burada ən vacib məqamlardan biri kimi müxtəlif yaş kateqoriyalarından olan insanların vahid komandalarda birləşərək birgə iş qurmaq, yeni ideyalar üzərində işləmək və düşünmək bacarığını inkişaf etdirməkdir.
STEAM öyrənmə modulları xüsusən də orta məktəblərdə şagirdlərin maraq və idrak resurslarını inkişaf etdirir, onlara dünyanın mürəkkəbliyini dərk etməyə yollar göstərir, hazırkı dövrün, iqlim dəyişikliyi kimi problemlərin öhdəsindən gəlmək üçün düzgün vasitələrlə təmin edir. Gələcək nəsil iqlim dəyişikliyinin cəmiyyət üçün artan potensial təhlükəli təsir anlayışı ilə bu problemlərin gündəlik olaraq konkret tədbirlərlə həll edilməsi zərurətini təmin edəcək bağlayıcı zəncir rolunu oynayır.
Beləliklə, “STEAM İnnovasiya Mərkəzi”nin istifadəyə verilməsi əlamətdar elm və təhsil hadisəsi olmaqla ölkəmizin müasir innovasiyalara, dünyada elm və təhsil tutumlu ölkələrdə tətbiq olunan təhsil yeniliklərinə nə qədər açıq olmasının bariz nümunəsidir. “STEAM İnnovasiya Mərkəzi” müasir dünyanın yeni yaradıcı peşə və ixtisaslarına yiyələnməyə, təkmilləşdirməyə, gələcək ixtisaslarını müəyyənləşdirməyə imkan yaratmaqla bərabər beynəlxalq reallıqlar nəzərə alınmaqla yüksəkixtisaslı kadr hazırlığı istiqamətində mütəxəssis yetişməsinə hədəflənmiş çox vacib təhsil və tədris müəssisəsidir.
Lamiyə ƏLİMƏRDANOVA
|
|
13.01.2023 | 12:22 | |
|
|
|