Heydər Əliyevin xaricdə təhsil strategiyası

XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyətlərindən biri elm və təhsilin sürətlə inkişaf etməsidir. Şübhəsiz ki, ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanda elm və təhsilin təşəkkülü və inkişafı bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Onun genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı prioritet sahə kimi mühüm yer tuturdu.

 

Heydər Əliyevin xalqımız qarşısında ən böyük və tarixi xidmətlərindən biri  müstəqil Azərbaycanın milli sərvəti olan zəngin intellektual potensialının təmin edilməsi idi. Elm və təhsili milli intibahın təminatında başlıca vasitə hesab edən Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə elmin, təhsilin hamisi olmuşdur. Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində ali təhsil müəssisələrinin zəngin şəbəkələri yaradılmış, onların maddi-texniki bazası qurulmuş, respublikadan kənarda Azərbaycan üçün yüksəkixtisaslı mütəxəssislərin, xüsusən milli hərbi kadrların hazırlanması, elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması, Azərbaycanın milli təhsil sisteminın əsasının qoyulması üçün fövqəladə işlər görülmüşdür. 

 

Ulu Öndərin qarşıya qoyduğu strateji hədəflərdən biri də respublikada güclü kadr potensialı yaratmaq, iqtisadiyyatın çoxşaxəli inkişafını təmin etmək üçün yüksəkixtisaslı mütəxəssislər yetişdirmək idi. Azərbaycana rəhbərliyinin ilk illərində, xüsusən də ötən əsrin 80-ci illərində gənclərimizin keçmiş ittifaqın aparıcı ali məktəblərinə təhsil almağa göndərilməsi isə Ümummilli Liderin Azərbaycanın gələcəyi üçün üzərinə götürdüyü tarixi missiya ilə bağlı idi: “Mən 14 iyun 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra, ilk növbədə, təhsillə məşğul olmağa başladım. O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar Azərbaycana lazım olacaqdır. Vaxt gələcəkdir ki, nəhayət, Azərbaycan müstəqil olacaqdır və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər. O vaxt gəlib çatdı”.

 

Bu mənada Ulu Öndərin ötən əsrin 70-80-ci illərində böyük uzaqgörənliklə həyata keçirdiyi ali təhsil sahəsindəki uğurlu siyasətin bəhrələri ölçüyəgəlməzdir.

 

Heydər Əliyevin müdrik siyasəti və qətiyyətli iradəsi sayəsində bu dövrdə 15 mindən çox Azərbaycan gənci respublikamızdan kənarda - keçmiş SSRİ-nin 50-dən artıq şəhərinin 170 ali məktəbində 250-yə yaxın ixtisasa yiyələnmişdir.

 

Ümummilli Lider Azərbaycandan kənarda təhsil alan gəncləri diqqət mərkəzində saxlayır, hər cür qayğı göstərir, onları “Azərbaycanın milli sərvəti” adlandırırdı.   Beləliklə də Ulu Öndərin uzaqgörən siyasəti sayəsində bu illərdə Azərbaycanın gələcəyi üçün güclü kadr potensialı yaradılırdı. Məhz bu kadr potensialı hazırda ölkəmizin, müstəqil dövlətimizin uğurlu inkişafını təmin, Azərbaycanı ləyaqətlə təmsil edirlər. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş xaricdə təhsil siyasəti Azərbaycanın kadr potensialının təkmilləşdirilməsinə böyük zəmin yaratmışdır.

 

Prezident Heydər Əliyev 27 fevral 1998-ci ildə Yaponiyada təhsil alan azərbaycanlı tələbələrlə görüşdə bildirirdi: “Mən Azərbaycana neçə illər rəhbərlik etmişəm. Mənim çox arzum olub ki, Azərbaycan gəncləri dünya ölkələrinə səpələnsinlər, orada təhsil alsınlar. O vaxt dünya ölkələrinə getmək mümkün deyildi, mən bunu SSRİ miqyasında edirdim. Amma indi dünya ölkələri bizim üçün açıqdır. İndi Amerikada da, Avstraliyada da, Meksikada da, Yaponiyada da gedib oxumaq olar”.

 

Qürurverici haldır ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xaricdə təhsil siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Prezident İlham Əliyev ölkəmizin gələcək inkişaf perspektivlərini nəzərə alaraq müstəqil Azərbaycanın istedadlı gənclərinin dünyanın nüfuzlu universitetlərində təhsilinin təmin edilməsi üçün xaricdə təhsil proqramlarının əsasını qoyub. 

 

Dövlət başçısının müvafiq sərəncamları ilə təsdiq olunan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, eləcə də “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” kimi mühüm dövlət sənədlərinin uğurlu icrası ölkənin sosial-iqtisadi həyatına, eləcə də insan kapitalının milli sərvətdə payının artmasına, ali təhsil müəssisələrinin akademik potensialının güclənməsinə, həmçinin ölkədə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsinə təkan verib.

 

...Ötən əsrin 80-ci illərində Bakıda keçmiş SSRİ-nin ayrı-ayrı şəhərlərində nüfuzlu universitetlərə təhsil almağa göndərilən gənclərlə görüşlərin keçirilməsini çağdaş dövrümüzün orta və yaşlı nəsli çox yaxşı xatırlayır. Ümummilli Lider SSRİ-nin müxtəlif şəhərlərinə yola düşməyə hazırlaşan gənclərlə görüşür, onlara arzu və istəklərini bildirir, tövsiyələrini verirdi. Bu görüşlərin iştirakçısı olmuş və təhsil həyatlarında Heydər Əliyevin diqqət və qayğısından bəhrələnmiş, hazırda ölkəmizin inkişafı naminə öz töhfələrini verən vətəndaşlarımız o günləri böyük qürurla xatırlayır və Ulu Öndərin xatirəsinə yüksək ehtiramlarını bildirirlər.

 

“SSRİ-nin bir çox şəhərlərinə oxumağa göndərilən yüzlərlə tələbədən biri oldum”

 

Nazim İMAMVERDİYEV, Bakı Dövlət Universitetinin “Ümumi və tarixi geologiya” kafedrasının müdiri, geologiya-minerologiya elmləri doktoru, professor

 

Gənclərin bilik və bacarıq səviyyəsinin yüksəldilməsi, layiqli vətəndaş kimi yetişməsi Ümummilli Lideri daim düşündürərdi. Ulu Öndər 1975-ci il avqustun 28-də mənim də iştirak etdiyim Azərbaycandan kənarda təhsil almağa göndərilən tələbələrlə görüşündə qeyd etmişdi: “Siz bu əsrin axırıncı onilliklərində və gələn əsrin əvvəllərində işləyəcəksiniz. O zaman elmi-texniki tərəqqi üfüqlərinin necə cazibədar olacağını bu gün təsəvvür etmək mümkündür. Sabahkı gün sizə yeni, yüksək tələblər verəcəkdir. Əgər mütəxəssis həqiqətən yaradıcı şəxsiyyətdirsə, o, sadəcə olaraq, zamanla ayaqlaşmalı deyil, həmişə zamanı bir qədər qabaqlamalıdır. Bu isə o deməkdir ki, daim öyrənmək lazımdır, buna görə də bilik, bacarıq, vərdiş bünövrəsi möhkəm olmalıdır”. Həmin nitqində Ümummilli Lider daha sonra qeyd edirdi: “İqtisadi və mədəni quruculuq sürəti də, gələcəkdə respublikamızın ictimai həyatının səviyyəsi də nəticə etibarı ilə sizdən, gənclərin bütün indiki nəslindən, onların bacarığından, qabiliyyətindən, biliyindən asılı olacaqdır. Siz elmi-texniki inqilabı irəli aparmalı, elm və mədəniyyəti inkişaf etdirməli, cəmiyyətin yeni maddi və mənəvi sərvətlərini yaratmalı olacaqsınız”.

 

1969-1982-ci illər Azərbaycan elm və təhsilinin intibah dövrü hesab olunur. Həmin illərdə Ümummilli Liderin təşəbbüsü ilə ölkədə ali təhsil müəssisələrinin sayı 12-dən 17-yə, burada təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatmışdır. Ümummilli Lider Heydər Əliyev sovet dönəmindəki rəhbərliyi dövründə 10 mindən çox gənci keçmiş SSRİ respublikalarının ali təhsil ocaqlarında təhsil almağa göndərərək onların yüksəkixtisaslı və peşəkar kadr kimi hazırlanması məsələlərinə ciddi önəm vermişdir. Heydər Əliyev bir sıra yeni ixtisaslar - informasiya texnologiyaları, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, aviasiya, geokimya və s. üzrə Azərbaycanda mütəxəssis hazırlığının olmadığını nəzərə alaraq minlərlə azərbaycanlı gəncin Moskva, Kiyev, Leninqrad, Minsk və başqa şəhərlərdəki nüfuzlu ali məktəblərə göndərilməsini təmin etmişdir. Ulu Öndər müsabiqədənkənar bu ali məktəblərdə oxumağa göndərilən gənclərin sayının ildən-ilə artırılmasına, onların təhsilinin ümumittifaq büdcəsindən maliyyələşdirilməsinə nail olmuşdur.

 

1975-ci il, həyatımın ən mənalı illərindən biri... Şirin xatirələrə dönən həmin ildə doğulub boya-başa çatdığım Tovuz rayonunun Sarıtala kənd orta məktəbini əla qiymətlərlə başa vurub, sənədlərimi Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Geologiya fakültəsinə verdim. Qəbul imtahanında yüksək qiymətlər aldığım üçün universitet rəhbərliyi tərəfindən mənə M.S.Lomonosov adına Moskva Dövlət Universitetinin Geologiya fakültəsinin “Geokimya” ixtisası üzrə təhsil almağım üçün bu ali məktəbə göndərilməyim təklif  olundu. Mən bu təklifə razı olub, qalan imtahanları da müvəffəqiyyətlə verərək o vaxtlar SSRİ-nin bir çox şəhərlərinə oxumağa göndərilən yüzlərlə tələbədən biri oldum. Onu da qeyd edim ki, Sovetlər birliyinin aparıcı universitetlərinə azərbaycanlı tələbələrin göndərilməsi birmənalı olaraq Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü idi. Biz tələbələr universiteti bitirənədək Ulu Öndər bir neçə dəfə Moskvada bizimlə görüşlər keçirmişdi. 1976-cı ildə Ulu Öndərin iştirakı ilə Moskvada Böyük Teatrda görkəmli Azərbaycan şairi Səməd Vurğunun 70 illik yubileyi təntənəli surətdə qeyd edildi. Yubileydə Moskvada təhsil alan azərbaycanlı tələbələrlə yanaşı digər millətdən olan insanlar da iştirak edirdi. Yadımdadır, “Qarabağ bülbülləri” çıxış edəndə bütün zal onları ayaq üstə alqışladı. Daha sonra isə Azərbaycanın Moskva şəhərindəki Daimi Nümayəndəliyində Ulu Öndərin biz tələbələrlə görüşü oldu. O vaxtlar Respublika və Moskva qəzetləri bu görüşlər haqqında çoxlu reportajlar hazırlayır, bizimlə müsahibələr aparır, rektorluqda görüşlər keçirilirdi.

 

Universiteti bitirdikdən sonra Bakı şəhərində də Ümummilli Lider bizimlə bir neçə görüş keçirdi. Gənclər Gününə həsr olunmuş görüşlərdən biri Respublika sarayında keçirildi və orda çıxış edən gənclərin əksəriyyəti Moskva, Kiyev, Leninqrad, Minsk və başqa şəhərlərdəki nüfuzlu ali məktəblərin məzunları idi.

 

Təmsil olunduğum İmamverdiyevlər ocağından tək mən yox, kiçik qardaşım Fazil İmamverdiyev də müsabiqədənkənar Moskva Nəqliyyat Mühəndisliyi İnstitutuna göndərilmiş və oranı 1983-cü ildə bitirmişdir. Tale elə gətirmişdir ki, Fazil Dövlət Təhlükəsizlik Xidməti sahəsində xidmət etməyə üstünlük vermiş və 1986-cı ildə Minsk şəhərinə oxumağa göndərilmişdir. Fazil İmamverdiyev torpaqlarımızın erməni qəsbkarlarından azad olunmasında da fəal rol oynamış, 1992-ci ildə Goranboy rayonunun bir çox kəndlərinin ermənilərdən təmizlənməsində fəal iştirak etmişdir. Göstərdiyi xidmətlərinə görə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunmuşdur. 

 

Bizim ocağın ənənəsini oğlum Nizami və gəlinim Gülmirə də davam etdirmişdir. BDU-nu “İqtisadi nəzəriyyə” ixtisası üzrə bitirdikdən sonra onlar Gürcüstanda İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin nəzdindəki Beynəlxalq İqtisadi Məktəbinin (İSET) magistratura səviyyəsini bitirərək magistr elmi dərəcəsi almışlar. Daha sonra Nizami Avropa Şurasının sponsorluğu ilə Belçika Krallığının Avropa Kollecini, Gülmirə də “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə Böyük Britaniyanın Reading Universitetinin magistratura pilləsini başa vurmuşlar. Sonra  Almaniyanın Halle (Saale) şəhərində Martin Luther Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi adını almışlar.

 

Mən bir alim kimi bu gün özümü çox xoşbəxt sanıram. Ona görə ki, Ulu Öndərin xeyir-duası ilə ali təhsil pillələrini aşaraq alimlik zirvəsinə yüksəlmiş, apardığım elmi işlərin nəticələri “Thomson Reuters”, “Scopus”, “Georef”, “Google Scholar” bazalarına daxil olan beynəlxalq səviyyəli yüksək impakt faktorlu jurnallarda çap olunmuş və bu məqalələrə çoxlu sayda istinadlar edilmişdir. 200-dən çox elmi əsərin, o cümlədən 7 monoqrafiya və dərsliyin, 3 xəritənin müəllifiyəm. Onlarla magistrantım, 2 doktorantım dissertasiyalarını müdafiə etmiş, respublikanın elmi müəssisələrində, beynəlxalq şirkətlərdə çalışırlar.

 

Mən bir daha ona görə özümü xoşbəxt sanıram ki, Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi bir dövrdə elmi fəaliyyətimi davam etdirirəm.

 

“Ancaq Azərbaycandan gələn tələbələr öz ölkəsində imtahan verirdilər”

 

Azər ŞÜKÜROV,  Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyəti sədrinin müavini, texnika elmləri üzrə fəlsəfə doktoru

 

1985-ci ildə ali təhsil almaq üçün sənədlərimi Azərbaycan Sənaye İnstitutuna verdim və məlum oldu ki, Moskvada və ittifaqın digər institutlarında respublikamızda imtahan verərək orada təhsil almaq imkanı var. Orta məktəbdən geologiya və dağ-mədən sahəsinə böyük marağım var idi. Bu maraqdan irəli gələrək yaranmış imkandan istifadə etmək üçün sənədlərimi Moskva Dağ-Mədən İnstitutuna verdim və respublikamızda imtahanlardan uğurla keçdim. Qeyd edim ki, bu imkandan mənimlə yanaşı respublikamızdan bir neçə tələbə də istifadə edə bildi və biz təhsil almaq üçün Moskvaya yola düşdük. İlk günlərdən məlum oldu ki, digər respublikalardan da bu proqramla gələn tələbələr var. Bizim o tələbələrdən əsas fərqimiz onda idi ki, biz öz ana dilimizdə və öz respublikamızda imtahan verdiyimiz halda digər respublikaların tələbələri göndərişlə gələrək imtahanlarını Moskvada verməli idilər. Bu isə əksər halda uğurla nəticələnmirdi. Ulu Öndərin uzaqgörənliyinin nəticəsi idi ki, ancaq Azərbaycandan gələn tələbələr öz ölkəsində  imtahan verirdilər. Məhz Ümummilli Liderin xidməti idi ki, bizi təhsil alacağımız ali təhsil müəssisəsində çox yüksək səviyyədə qarşıladılar və heç bir problem olmadan yataqxana ilə təmin etdilər.

 

Xüsusi qeyd etmək istərdim ki, təhsil aldığımız illərdə Moskvada keçirilən Azərbaycan günlərində Ulu Öndər şəxsən iştirak edirdi. Bu cür tədbirlərdə tələbə və aspirantlarımız Ulu Öndərin səyləri nəticəsində heç bir problem olmadan iştirak etmək hüququ qazanırdı.

 

Burada bir məqama toxunmaq istərdim. Ulu Öndərin uzaqgörənliyi nəticəsində Azərbaycan Sənaye İnstitutunda geologiya və dağ-mədən kafedrası yaradılmışdı. Belə bir kafedranın yaradılması gələcəkdə Azərbaycanda dağ-mədən sektorunun inkişafı və bu sahədə işləyəcək kadrların hazırlığı üçün nəzərdə tutulmuşdu. 1988-ci ildə SSRİ Təhsil Nazirliyi Azərbaycanda bu kafedranın bağlanmasını müzakirəyə çıxarmışdı. Ancaq o zaman artıq bizim təhsil aldığımız institutun - Moskva Dağ-Mədən İnstitutunun rektoru akademik V.V.Rjevski bu kafedranın bağlanmasına qarşı çıxmışdır. Mənimlə söhbətlərinin birində Rjevski bildirmişdir ki, onun respublikamıza və Heydər Əliyevə böyük rəğbəti var və bu kafedranın da əsasını Heydər Əliyev qoyduğu üçün bu cəhdin qarşısını almışdı. Gələcəkdə Azərbaycanın bu sahənin kadrlarına böyük ehtiyacı olacaq. Buna görə də bu kafedranın bağlanmasına imkan vermək olmazdı.

 

Qeyd etmək istərdim ki, 1970-ci illərə qədər Azərbaycanda 70-ə qədər faydalı qazıntı yatağı kəşf edilmişdir. Heydər Əliyevin hakimiyyəti illərində bu rəqəm 600-ə yaxın olmuşdur. Ulu Öndərin davamçısı Prezident İlham Əliyev bu strategiyanı uğurla davam etdirərək yataqların sayı daha da artmışdır və bu gün iqtisadiyyatımızın rentabelli sahələrindən birinə çevrilmişdir. Böyük əminliklə deyə bilərəm ki, respublikamızın dağ-mədən sektoru iqtisadiyyatımızın flaqmanına çevrilməkdədir. Mənim üçün əlamətdar haldır ki, hazırda 80-ci illərdə təhsil aldığım ixtisas üzrə keçmiş SSRİ Təhsil Nazirliyinin ləğv etmək istədiyi kafedrada (faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi) müəllim kimi fəaliyyətimi davam etdirirəm. 

 

Oruc MUSTAFAYEV

 



13.01.2023 | 10:29