“İbtidai sinif şagirdlərinin ideya inamının formalaşmasında Heydər Əliyev irsindən istifadə” | |
Monoqrafiya ümumtəhsil məktəblərində Ulu Öndər Heydər Əliyevin irsi nümunəsində tərbiyə işinin təşkili, bu zəngin mənbədən tədris prosesində istifadənin elmi-pedaqoji əsasları müasir təlim texnologiyası kontekstində araşdırılmasına həsr olunub
Qloballaşan çağdaş dövrdə böyüyən nəslin müasir çağırışlara cavab verməsi üçün mənəvi yetkinliyi, ideya-siyasi və milli tərbiyəsi işinin təkmilləşdirilməsi ümumtəhsil məktəblərinin qarşısında duran çox mühüm hədəflərdən biridir. Gəncliyin yüksək ideallar ruhunda tərbiyə edilməsi, milli-mənəvi dəyərlər əsasında formalaşdırılması müstəqil ölkəmizin gələcəyinin və bəşəri təminatının başlıca amalıdır. Gələcək vətəndaşın ictimai-siyasi proseslərdə iştirakı bugünkü məktəblinin milli-mənəvi tərbiyəsindən asılıdır. Bu mənada Ümummilli Lider, milli təhsilin böyük qurucusu Heydər Əliyevin parlaq şəxsiyyətinin nümunəsi və nurlu ideyalarının, zəngin irsinin təsir gücü çox mühüm mətləblərdən biridir.
Heydər Əliyevin istər şəxsiyyəti, istərsə də fenomenal dövlətçilik fəaliyyəti qüdrətli tərbiyəedici, təhsilləndirici və inkişafetdirici təsirə malikdir. Odur ki, təlim və tərbiyə işlərinin təşkilində Ulu Öndərin özünün yüksək mənəvi keyfiyyətlərinə, dərin zəkasına, güclü məntiqinə, uzaqgörənliyinə, idarəetmə qabiliyyətinə aid xüsusiyyətləri diqqət mərkəzində olmalıdır. Bu istiqamətdə təhsilin bütün pillələrində təhsilalanlar arasında məqsədyönlü, planlı və fasiləsiz iş aparılmalıdır və aparılır. Çünki Heydər Əliyevin irsi xalqımızın milli sərvətidir və bu tükənməz xəzinədən hamıya, o cümlədən böyüməkdə olan uşaq və gənclərə pay düşür. Bu tarixi reallıqdır ki, hər bir insan istər bu gün, istərsə də gələcəkdə bu xəzinədən bəhrələnəcək, xüsusən Azərbaycan gəncliyi Ulu Öndərin zəkasının nurundan, zəngin və çoxcəhətli irsindən faydalanacaq, təhsil işçiləri və alimlər bu dəyərli mənbədən hər zaman bəhrələnəcək, bu əvəzsiz xəzinənin sirlərini araşdırmağa dönə-dönə müraciət edəcəklər.
Bu baxımdan, Naxçıvan Müəllimlər İnstitutunun dosenti Lalə Allahverdiyevanın bu yaxınlarda çapdan çıxmış “İbtidai sinif şagirdlərinin ideya inamının formalaşmasında Heydər Əliyev irsindən istifadə” adlı monoqrafiyasında ümumtəhsil məktəblərində Ulu Öndər Heydər Əliyevin irsi nümunəsində tərbiyə işinin təşkili, bu zəngin mənbədən tədris prosesində istifadənin elmi-pedaqoji əsasları müasir təlim texnologiyası kontekstində araşdırılmasına həsr olunub.
Azərbaycan müstəqilliyini əldə etdikdən sonra təhsil sistemimizin təkmilləşdirilməsi, yeniləşdirilməsi, müasirləşdirilməsi istiqamətində səmərəli tədbirlər həyata keçirilməyə başladı. Müstəqil dövlətin müstəqil təhsil sistemi olmalıdır. Bu müddəa əsas götürülərək milli təhsilin formalaşdırılması istiqamətində məqsədyönlü işlər görülməyə başlandı. Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə bütün sahələrdə, o cümlədən təhsil sahəsində islahatlar həyata keçirildi. Nəticədə, Ulu Öndər ölkəmizdə milli təhsil quruculuğunun memarı və banisi kimi təhsil tariximizə öz imzasını qoydu.
Ulu Öndər ölkə vətəndaşlarına, xüsusən gənclərə öz tarixi keçmişini, Azərbaycan tarixini və coğrafiyasını, milli adət və ənənələrini, mədəniyyətini, ana dilini dərindən bilməyi tövsiyə edirdi. Ulu Öndər tariximizi dərindən bilməyin vacibliyini vurğulayarkən diqqəti aşağıdakı məsələlərə yönəldirdi: “Əgər bunu bilmirsə, o, həqiqi vətənpərvər ola bilməz. Əgər bunu bilməsə, o, millətini qiymətləndirə bilməz. Əgər onu bilməsə, o, millətinə olan mənsubiyyəti ilə istənilən səviyyədə fəxr edə bilməz”. Heydər Əliyev uşaqların milli-mənəvi və bəşəri dəyərlər, milli adət-ənənələrimiz ruhunda tərbiyə olunmasında valideynlərin və məktəbin üzərinə düşən vəzifələrə də aydınlıq gətirmişdir.
Monoqrafiyada ilk dəfə olaraq:
Monoqrafiyanın “Heydər Əliyev irsindən istifadə etməklə ibtidai sinif şagirdlərinin ideya inamının formalaşdırılması üzrə işin mahiyyəti, pedaqoji-psixoloji əsasları” adlanan birinci fəslində dahi şəxsiyyətin şərəfli ömür yolu, parlaq ideyaları tədqiq edilmiş, onun milli azərbaycançılıq ideologiyasının formalaşdırılması istiqamətində gördüyü işləri, onun tətbiqi sahələri, vasitələri və imkanları ortaya çıxarılmış, bu sahədə Ulu Öndərin milli tərbiyə konsepsiyasının əsas prinsipləri açıqlanmışdır.
Yetişməkdə olan gənc nəslin mənəvi tərbiyəsi məsələsini Heydər Əliyev təhsil işçiləri qarşısında mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirirdi. “Mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz”- deyən Ulu Öndərin bu istiqamətdə gördüyü tarixi işlər, onun məzmunu, məqsəd və vəzifələri monoqrafiyada yüksək alim səriştəsi ilə müəyyənləşdirilib.
Kitabın I fəslinin “Məktəblilərin Heydər Əliyev nümunəsində ideya inamı tərbiyəsinin məzmunu” adlanan ikinci yarımfəslində elmi-pedaqoji ədəbiyyatlarda yer alan “ideya”, “ideya-siyasi tərbiyə”, “inam” kimi anlayışların mahiyyəti ilə bağlı fikirlər təhlilə cəlb edilmiş, şagirdlərin ideya inamı tərbiyəsinin müxtəlif forma və üsulları, bu istiqamətdə aparılacaq işin sistemi peşəkarlıqla müəyyənləşdirilmişdir. Şagirdlərdə ideya inamının formalaşdırılması, möhkəm əqidəli nəslin yetişdirilməsi məktəb tərbiyəsi işində başlıca yer tutur. Bu işdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyət nümunəsi əvəzedilməzdir. Bunu Heydər Əliyevin bu sözləri də təsdiqləyir: “Həyatın mənası çox, yaxud az yaşamaqdan ibarət deyil, onun mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır”. Onun həyat amalı bu sözlərdə çox yaxşı ifadə edilmişdir.
Kitabın “Ümumtəhsil məktəblərində Heydər Əliyev nümunəsində ideya inamı tərbiyəsinin mövcud vəziyyəti və əsas istiqamətləri” adlanan I fəslin üçüncü yarımfəslində ümumtəhsil məktəblərində şagirdlərin Ulu rəhbərin nurlu ideyaları ruhunda tərbiyə edilməsi üçün mövcud olan imkanlar araşdırılmışdır. Elmi təhlil göstərir ki, Heydər Əliyev ideyalarının, işinin əzəmətini, böyüklüyünü başa düşməyin bünövrəsi isə ibtidai siniflərdə qoyulur.
Monoqrafiyada qeyd edilən fikirlərdən də aydın olur ki, ibtidai siniflər üzrə proqram və dərsliklərdə Ulu Öndərin fəaliyyəti və irsinə aid öyrədilən nümunələrin həm məzmun, həm də say və həcm etibarı ilə artırılmasına bu gün daha çox ehtiyac vardır. Milli özünüdərk, müstəqillik yolunun davamlılığı və əbədiliyinin təmin olunması üçün elə azərbaycançılıq məfkurəsi, ideya əqidəli nəsillər yetişdirmək lazımdır ki, onlar nəsillərin qanı və canı bahasına qazanılmış bu müstəqilliyi qoruya və möhkəmləndirə bilsinlər. Bu müqəddəs vəzifənin yerinə yetirilməsi üçün Ümummilli Liderin ideyalarını, həyat və fəaliyyətini dərindən öyrənmək və ona sadiq qalmaq qənaətinə gəlinmişdir.
Monoqrafiyanın “İbtidai siniflərdə Heydər Əliyev irsindən istifadə etməklə şagirdlərin ideya inamı tərbiyəsinin formalaşdırılması imkanları və yolları” adlanan ikinci fəslində ibtidai siniflər üçün “Azərbaycan dili”, “Həyat bilgisi” dərslikləri təhlil olunmuş, Ulu Öndərə həsr edilmiş mövzular və digər əlaqələndirici xarakterli mövzuların Heydər Əliyev nümunəsi ilə ideya inamı tərbiyəsinin formalaşdırılması imkanları araşdırılmışdır. Bu və digər əlaqələndirici mövzuların vasitəsi ilə Azərbaycan dili fənni üzrə standartların mənimsənilməsinə diqqət yetirən müəllifin yeni təlim metodlarından istifadə etməklə Heydər Əliyev ideyaları ruhunda ideya inamı tərbiyəsinin formalaşdırılması üçün geniş imkanlara malik olduğu qənaətinə gəlinmişdir.
Monoqrafiyanın II fəslinin “Heydər Əliyev nümunəsi ilə sinifdənxaric və məktəbdənkənar tədbirlər zamanı şagirdlərdə ideya inamının formalaşdırılması” adlı paraqrafında isə belə bir qənaətə gəlinmişdir ki, müəllim ilk gündən təlim prosesinin verdiyi imkanlardan əlavə digər vasitə və yollarla da şagirdlərdə doğma yurda, Vətənə, onun qəhrəmanlarına, mütəfəkkirlərinə məhəbbət hissi aşılamaq, mənəviyyatını və ideya inamını, davranışını, mədəniyyətini formalaşdırmaq məqsədilə mənalı və zəngin iş formalarına müraciət etməli, onlardan məharətlə istifadəni bacarmalıdır. Monoqrafiyada kiçikyaşlı məktəblilərin Heydər Əliyevin fəaliyyəti nümunəsində ideya inamının formalaşdırılması üçün ibtidai siniflərdə sinifdənxaric iş formaları müəyyənləşdirilmiş və geniş təhlil edilmişdir. Müşahidə və təhlillərdən bu qənaətə gəlinmişdir ki, kiçikyaşlı məktəblilərin Heydər Əliyevin həyat və fəaliyyəti nümunəsində ideya inamının formalaşdırılması üçün ibtidai siniflərdə sinifdənxaric iş formaları kimi aşağıda adları göstərilən tədbirlər yüksək səmərə verə bilər:
Monoqrafiyanın bu fəslində həmçinin “Naxçıvan Muxtar Respublikası Heydər Əliyev muzeyi və ümumtəhsil məktəbləri muzeylərinin şagirdlərin ideya inamı tərbiyəsində rolu” da tədqiq edilmişdir. Bu yarımfəsildə kiçik məktəbyaşlı şagirdlərin ideya tərbiyəsi işində yüksək səmərə verə biləcək tədbir kimi muzey işi elmi tədqiqata cəlb edilmişdir. Hazırda dünya pedaqoji fikrində yetişən nəslin muzeylər vasitəsilə tərbiyəsi ilə bağlı zəngin təcrübə toplanmış, hətta “Muzey pedaqogikası” adlı ayrıca elm-fənn sahəsi formalaşmışdır. Muzey pedaqogikası tərbiyə prosesinə müstəsna dərəcədə kömək göstərir. O, məktəblilərin yaradıcı şəxsiyyət kimi işləyib yaşamasına, mədəniyyət, elm, siyasi-mənəvi ideallara bağlı olmasına şərait yaradır, təkcə öz həyatı ilə yox, digər böyük mütəfəkkirlərin həyat amalları ilə yaşamasına kömək edir.
Bu gün müasir müəllimlərin qarşısında şagirdlərin təlim - tərbiyəsi sahəsində son dərəcə mühüm vəzifələr durur. Müasir müəllim dövrün xüsusiyyətlərini, buna uyğun olaraq kurikulumun tələblərinin əsaslarını dərindən bilməli və öz işində yaradıcılıqla tətbiq etməklə yetirmələrinin dünyagörüşü və baxışlarına lazımi təsir göstərə bilməyi bacarmalıdır. Hazırkı mərhələdə şagirdlər arasında Ulu Öndər Heydər Əliyev ideyalarının anlaşıqlı və ardıcıl təbliği, ideya inamı keyfiyyətlərinin daha yaxşı formalaşdırılması istiqamətində pedaqoji kollektivlər tərəfindən ardıcıl və sistemli iş aparılmalıdır.
Prezident İlham Əliyev 2022-ci il noyabrın 28-də “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Düşünürük ki, ümumtəhsil məktəblərində “Heydər Əliyev dərsləri”nin keçirilməsində və Ümummilli Liderin ölməz irsinin ümumtəhsil məktəblərində aşılanması işində Lalə Allahverdiyevanın uzunmüddətli səmərəli elmi axtarışlarının nəticəsi olan “İbtidai sinif şagirdlərinin ideya inamının formalaşmasında Heydər Əliyev irsindən istifadə” adlı monoqrafiyası Heydər Əliyevşünaslığa dəyərli töhfədir.
Hümeyir ƏHMƏDOV, pedaqogika üzrə elmlər doktoru, professor, Təhsilin İnformatlaşdırılması Akademiyasının həqiqi üzvü, Rusiya Təhsil Akademiyasının xarici üzvü, RTA-nın əməkdar elm və təhsil xadimi
|
|
07.01.2023 | 10:39 | |
|
|
|