Rusiyada Uşaq universiteti açıldı

Rusiya Federasiyasında Uşaq universiteti açılıb. Universitet Kalmıkiya Dövlət Universiteti nəzdində fəaliyyətə başlayıb. Universitetin rektoru Badma Salayevin sözlərinə görə, təhsil ocağının yaradılmasının əsasında "istedadların orta məktəbdən ali təhsil müəssisələrinə qədər müşayiət olunması" sisteminin formalaşması haqqında Rusiya Federasiyası prezidenti Vladimir Putinin irəli sürdüyü ideya götürülüb. Rektorun sözlərinə görə, universitetdə üç hazırlıq səviyyəsi - birinci, 5 yaşdan 7 yaşa qədər uşaqlar üçün hazırlıq, ikinci, 7 yaşdan 11 yaşa qədər, üçüncü  11 yaşdan  17-yə qədər olacaq.

 

Təhsilin birinci səviyyəsində uşaqlar məktəbə hazırlanacaq, həmçinin intellektual qabiliyyətlərin inkişafına yönəldilmiş məşğələlərə qatılacaqlar. Bundan başqa, Uşaq universitetinin şagirdləri ilə loqopedlər, defektoloqlar və psixoloqlar işləyəcəklər. İkinci səviyyədə tədris prosesinin məzmunu özündə olimpiadalara hazırlığı və robot texnikası kurslarını birləşdirir. Üçüncü səviyyə məktəb fənlərinin dərindən öyrənilməsini, vahid dövlət buraxılış imtahanlarına hazırlığı, texniki əmək məşğələlərini, daha mürəkkəb robototexnika kurslarını nəzərdə tutur. Tədris fənlərinin  siyahısı valideynlərin arzusundan və tələbatdan asılı olaraq genişləndirilə bilər.

 

Oruc MUSTAFAYEV



24.09.2018 | 15:26