“Mən uşağı yetişdirmək üçün müəllimlik edirəm” | |
“Yeni çağırışlar” onlayn müzakirə proqramının budəfəki qonağı professor, “Maya” məktəblər şəbəkəsinin yaradıcısı Ziya Selçuk olub. Belə ki, Elm və Təhsil Nazirliyinin dəstəyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” proqramının 28 dekabr 2022-ci il tarixində yayımlanan bölümündə Türkiyənin ən tanınmış elm xadimlərindən olan professor ilə “Uşaqları məktəbə yox, məktəbi uşaqlara hazırlamaq” mövzusu ətrafında danışılıb. “T-Network”un rəhbəri,təhsilin idarə olunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında davam edən proqram Elm və Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən canlı yayımlanıb.
Uşağın ehtiyacları üzərindən təhsil
Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni ili nəzərə alaraq dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”sindən ibarət kitablardan qurulan “şam ağacı” fonunda qonağı salamlayan gorüşün aparıcısı Cəfər Mənsimi professoru izləyicilərə yaxından təqdim edib. Bildirilib ki, Ziya Selçuk 2018-2021-ci illərdə Türkiyənin milli təhsil naziri vəzifəsində çalışıb. “40 dəfə demişəm”, “Təhsil psixologiyası”, “Həyatın içindəki tədris proqramı “ və s. adlı kitabların müəllifidir.
Təhsildə təbliğ etdiyi əsas ideya haqqında danışarkən professor bildirib ki, min illər boyunca insanların təhsillə bağlı fikirləri, baxışları dəyişə bilər, lakin əsas olan insanı, uşağı mərkəzə almaq və uşağın ehtiyacları üzərindən təhsil verməkdir. Elm xadiminin fikrincə, uşaq anadan olan kimi sevgiyə, qayğıya ehtiyac duyur, bu, onun haqqıdır və böyüklər onun bütün ehtiyaclarını təmin etməlidir. Daha sonra uşaqların digər emosional ehtiyacları vardır və onları da təmin etmək lazımdır ki, uşaq emosional cəhətdən şəxsiyyət olaraq formalaşsın. Bu məqsədlə də uşaqların incəsənətlə maraqlanması şərtdir. Şagirdlərin fiziki intizama sahib olmasının da vacibliyindən danışan qonaq bildirib: “Şagirdin zehni, emosional və fiziki inkişafını əsasa alan bir təhsil sistemi hər zaman təbiəti də izah etmiş, uşağın şəxsiyyətinə də hörmət göstərmiş olur”.
Təhsil uşaqların gözü ilə
Aparıcının “Bildiyim qədərilə siz təhsilə uşaqların gözü ilə baxmağı tövsiyə edirsiniz. Təhsilə uşaqların gözü ilə baxdığımız zaman necə bir mənzərə ilə qarşılaşırıq?” sualına cavab olaraq professor diqqətə çatdırıb ki, uşaqlar dünyaya gəldiyi gündən hər şeyə maraq göstərir, ətrafı öyrənməyə, araşdırmağa cəhd edirlər. Önəmli olan uşağın ətrafındakı böyüklərin - valideynlərin, müəllimlərin uşağın təbii marağının qarşısını almamaq, ona əngəl olmamaqdan ibarətdir. Z.Selçukun sözlərinə görə, uşağın təbii marağının qarşısını alarkən təhsilinin də qarşısını almış oluruq. Uşaqların gözü ilə baxdıqda böyüklərin istəkləri, arzuları, onların dünyasındakı aktual olan mövzuları deyil, uşağın ehtiyacını görmək lazımdır. Yəni uşaqlar nəyisə öyrənmək istəyərkən onlara digər şeyləri, böyüklərin istədiyi, marağında olduğu məlumatları onlara vermək lazım deyil. Uşaqlar istədiklərini, nəyə gərək duyduqlarını böyüklərə mesaj olaraq bildirirlər, onlar isə işlə, diplomatiyayla bağlı aktual, populyar olan məsələləri uşağa ötürürlər.
“Sizin qurucusu olduğunuz “Maya” məktəblərinin fəlsəfəsində “ən yaxşı kurikulum uşağın içərisindəki yanaşmadır” söylənilir. Bu yanaşma “Maya” təcrübəsində necə nəzərdə tutulub, necə tətbiq olunmaqdadır? Ən yaxşı kurikulum uşağın içərisindədir fikrinin təhsil dünyasında təbliği haqqında nə söyləmək istərdiniz?” sualına cavabında professor bildirib: “Mənim təhsillə bağlı görüşlərim dünyadakı bütün uşaqlar üçün nəzərdə tutulub. Görüşlərimi tək bəlli bir təhsil müəssisəsinin uşaqları üçün ortaya qoymuram.
Bu hətta bir neçə aylıq körpələrin davranışlarında belə müşahidə edilə bilər. Misal olaraq, körpələr var ki, yad insanların qucağına getməz, ağlayar, bəziləri isə sosial təması çox sevər, hamının qucağına gedər, bəzi körpələr səs çıxaran əşyalarla oynamağı sevər və s. Bunların əsasında körpələrin nəyə meyilli olduğunu, nəyə ehtiyac duyduğunu içində gətirdiyi kurikulum göstərir. Bir uşağın potensialı nədədirsə, nəyə meyillidirsə, onu incələyib həmin ehtiyaclara görə uşağa təhsil verməyə çalışmaq lazımdır. Hər kəsə eyni proqram tədris edildiyi, eyni sualların verildiyi dünya təhsil sistemlərində uşağın şəxsi arzu və ehtiyaclarına məhəl qoyulmur. Bu, hər kəsə 40 ölçülü ayaqqabı geyindirməyə bənzəyir.
Həyat məktəbi və məktəb həyatı
Həyat məktəbinin məktəb həyatına çevrilməsi məsələsinə toxunan Ziya Selçuk həyat məktəbi anlayışını şagirdlərin lehinə olan bir məqam adlandırıb: “Bəzən həyat bizi istəmədiyimiz yerlərə götürə bilər, bu uşağın istəklərinə zidd və həmin həyata uyğunlaşmaq çox çətin ola bilər. Eyni zamanda həyata uyğunlaşmaq məcburiyyəti ilə yanaşı həyatın da uşağın təbiətinə uyğunlaşması gərəkdir, bu məqamı da diqqətə almaq lazımdır. Sadəcə uşağın həyata uyğunlaşması kifayət etməz. Həyat şərtlərinin də uşaq üçün nə mənaya gəlməsi diqqətə alınmalıdır.
Bunun üçün müəllimlər öncədən şagirdləri test etməli, bir il keçəcəklərini bu ön testdə cəmləşdirməli, uşaqların nəyi bilib-bilməməyini öyrənməli, daha çox hansı istiqamətə diqqət yetirilməli olduğunu özü üçün aydınlaşdırmalıdır. Uşaqları əvvəlcədən test etmədən birbaşa dərslərə keçmək onların həyatla əlaqəsini kəsmək anlamına gəlir. Bizim əsas məqsədimiz kurikulum, yoxsa uşağı yetişdirməkdir? Əsas olan məsələ budur. Mən uşağı yetişdirmək üçün müəllimlik edirəm. Bundan irəli gələrək sinfin durumuna görə tədris etmək, ehtiyaclara görə fərqli yönlərə də zaman ayırmaq gərəkdir. Əks təqdirdə uşaqların maraq göstərmədiyi məqamları öyrətməyə çalışacağıq və zorla öyrətməyə çalışdığımız mövzuların mənimsənilməsində ciddi problemlər yaranacaq”.
Şagird aktivliyi
Professorun fikrincə, şagirdlərə kənardan verilən məlumatlar əvəzinə onlara bilik təcrübəsi yaşatmaq lazımdır. Misal olaraq, israfçılıqla əlaqəli mövzunu uşaqların bir yerdə çalışaraq, layihə hazırlayaraq, bu problemi özününküləşdirərək aradan qaldırma yollarını düşünməsini tətbiq etmək lazımdır. Qonaq deyib: “Kənardan bunlar doğru, bunlar səhvdir deyib daha sonra da imtahan etmək və cavab almaq yetərli deyil. Şagirdlərin təcrübədən keçirmədiyi, sadəcə söylənilən, başa salınan, əzbərlətdirilən mövzular tez bir zamanda unudulur. Öyrədilən mövzunun içində olması üçün uşağın bir saat təcrübə etməsi gərəkdir. Bizim verəcəyimiz məlumatlar onsuz da axtarış saytlarında vardır və uşaq asanlıqla bu məlumatları oradan əldə edə bilər. Müəllim düşünməlidir ki, “Google”-da olmayan nədir ki, mən onu başa salım, uşaqlara onu yaşadım. Uşağın bir saata qədər araşdırması, nəyinsə üzərində düşünməsi, çözməyə çalışması onun əsl bilik qazanması ilə nəticələnər, qulaqla eşitdiyi isə onu həyata hazırlamaz”.
Z.Selçuk onu da qeyd edib ki, şagirdlərin hər hansı bir mövzuda öyrənəcəkləri bilikləri öncə onlara tapşırıq şəklində vermək lazımdır ki, onlar bu mövzunu araşdırıb bir layihə hazırlasınlar. Sonra şagirdlərə sual ünvanlanmalıdır ki, onlar burada nəyi problem gördülər və ya burada problem görməyənlər varmı? Qərarları alıb şagirdlərə posterlər hazırlatmaq olar. Uşaqları iki qrupa bölərək hazırladıqları posterləri müqayisə etmək gərəkdir. Mövzu ətrafında qruplar, müzakirə və mübahisə etməlidir, bunun nəticəsində də sinfin əldə etdiyi bilikləri nəzərdən keçirmək olar. Beləcə şagirdlər mövzunu yaşayaraq tam qavraya bilərlər. Professorun fikrincə, şagirdlərə “oturun başa saldıqlarımızı yaxşı dinləyin, dinlədiyinizi də yadınızda saxlayın” deyib daha sonra da şagirdləri imtahan etmək və “imtahanda yaxşı cavab versəniz həyata hazır olacaqsınız” demək heç doğru deyil. Şagirdlərin siniflə, qrupla, yoldaşları ilə bir yerdə müzakirə etdiyi, araşdırdığı, mübahisə etdiyi mövzu daha yaddaqalan olur. Əsas məqamlardan biri dərslərdə şagirdin və ya müəllimin nə qədər aktiv olmasındadır.
Şagirdin maraqlarına xidmət edən kurikulum
C.Mənsiminin “Bugünkü təhsil sistemimizi necə qiymətləndirərdiniz? Daha yüksək qiymət almaq üçün, təhsilimizi daha da inkişaf etdirmək üçün nələri etmək gərəkdir?” sualına cavab olaraq qonaq vurğulayıb: “Verdiyimiz təhsilin sonunda şagirdlər öz iradələrinə sahib çıxa bilirlərsə, intizamlıdırlarsa, emosional və fiziki cəhətdən sağlamdırlarsa, fəlsəfi və düşünmə anlamında səy göstərirlərsə, yeni şeyləri öyrənmək üçün maraqları davam edirsə, yaşamaqdan zövq alırlarsa, çalışmağı sevirlərsə, demək, üzərimizə düşəni layiqincə yerinə yetiririk. Lakin şagirdlər dərslərə zorla gedirlərsə, heç nəyə maraq göstərmirlərsə, ətraf mühiti nəzərə almırlarsa, çalışmağı sevmirlərsə, dərslərdən qaçırlarsa və dərsləri buraxırlarsa, imtahanları, kitab oxumağı sevmirlərsə biz öhdəmizə düşəni etmirik deməkdir”.
Aparıcı bildirib ki, proqramda qonaq olan bir çox şəxslər uşaqların məktəblərdə xoşbəxt olmadığını söyləyib və bu mövzuda professorun nə düşündüyünü soruşub. Bu suala cavab verən qonaq ilk növbədə “uşaqlar məktəbə niyə gəlir, məktəbi niyə sevir” suallarını verməyin önəmindən danışıb. O, bir çox şagirdin məktəbə yüksək qiymət almaq, dərslərdə bacarıqlı olmaq, imtahanlarda yüksək nəticə əldə etmək, attestat almaq üçün deyil, sadəcə dostları məktəbə getdiyi üçün getmələri fikrini səsləndirib. Yəni sadalanan nailiyyətlərin əldə olunması şagirdlərin deyil, daha çox valideynlərin və müəllimlərin məqsədidir.
Uşaqlara hazır olan məktəblər
“Siz “Maya”da uşaqlar məktəbə hazırdırmı deyil, məktəblər uşaqlara hazırdırmı sualını ön plana çəkirsiniz. Sizcə, məktəblərimiz uşaqlara nə qədər hazırdırlar? Məktəbin uşaqlara hazır ola bilməsi, bir uşağın marağının təmin edilməsi üçün təhsil verənlərə başqa hansı məsləhətləriniz vardır?”sualına cavabında professor vurğulayıb ki, məktəb uşağa hazırdırmı dedikdə, məktəbə gələn hər bir uşağın oxuma, yazma, riyazi biliklərinin nə səviyyədə olmasına baxıb ona uyğun olaraq tədris metodu qurulmalıdır. Məktəb uşağın nəyi bilib-bilməməyini nəzərə almayaraq proqram tərtib edirsə, burada uşaq məktəbə hazırdır prinsipi işləyir. Uşaqların bilik səviyyəsini nəzərdən keçirib onlara uyğun proqram tərtib edən məktəblərdə məktəb uşaqlara hazırdır prinsipi işləyir. Məktəbə gələn uşaqlar arasında əngəlli olanları varsa, onlar üçün məktəbdə şərait yaradılmalıdır. Elm xadiminin fikrincə, uşağın şəxsi özəlliyini diqqətə almaq çox önəmlidir. Uşaqları eyniləşdirmək çox böyük səhvdir.
Aparıcının “Gələcəyin təhsili ilə bağlı danışarkən bildirmisiniz ki, gələcəkdə məlumat cəmiyyətinin yerini xəyal cəmiyyəti tutacaq, hətta Şekspir suyu belə olacağını bildirmişdiniz. Belə bir fikirlərin nəticəsi olaraq təhsil dünyası necə bir nəticə çıxarmalıdır?” sualını cavablayan yazıçı bildirib ki, onun üçün xəyal maye kimidir. Qarşısında milyardlarla məlumat olduğu halda insan seçmə, bəzi şeyləri öyrənməmə haqqına sahib olmalıdır. İnsanın şəxsi ehtiyacı nədirsə onları öyrənməlidir, soruşulan hər şeyi öyrənmək məcburiyyətində deyil. Qonaq söyləyib: “Mənim üçün hazır məlumatlardansa xəyal bililklər daha önəmlidir. Yəni imkan verin mən də xəyal edim, təsəvvürümü genişləndirim, yeni təsəvvürlər ortaya qoyum. Əgər uşağa yalnız illər öncə hazırlanmış və donmuş biliklər verilərsə, o zaman həmin təhsil hazır paket qidasına bənzəyər”.
Əgər bir uşaq ancaq haqqları və azadlığı üzərindən yetişdirilərsə və məsuliyyət sahibi olmazsa evin damını tutan iki əsas dirəkdən biri olmaz. Uşaq məsuliyyət sahibi olmadıqda iradəsi də formalaşmaz, insanlığı da olmaz, çünki sərhəddini bilməz. Sərhəddini bilməyən uşaq şəxsiyyət kimi formalaşa bilməz. Bu səbəbdən uşağın tək haqqları, hüquqları deyil, bir tərəfdən də məsuliyyəti olmalıdır. 2 yaşından etibarən hər uşağı güclü bir şəkildə məsuliyyət qarşısında qoymaq lazımdır. Bu çiçəkləri sulamaq, otağını təmizləmək, oyuncaqlarını toplamaq, yatağını düzəltmək kimi öhdəliklər ola bilər. Əgər bu işləri onun yerinə hər zaman valideynləri edərsə gələcəkdə zəif bir insan yetişəcəkdir”.
8 guşəli yeni çağırışlar
Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?” sualının cavabında təhsil tədqiqatçısı aşağıdakı çağırışları qeyd edib: “1.Uşaqların təbii ehtiyaclarının qarşılanması; 2.Uşağın iradəsinin formalaşdırılması; 3.Emosional və estetik zövqünün inkişaf etdirilməsi, bunun üçün incəsənətlə məşğul olması; 4.Fiziki sağlamlığın, hərəkət qabiliyyətinin formalaşdırılması; 5.Ətraf mühit və canlılar qarşısında məsuliyyət sahibi olması; 6.Başqalarına yaxşılıq etməsi, uşaqlar ancaq özünü düşünərək yetişsə yenə bir əskiklik olacaq, təkqanadlı quş kimi olacaqlar; 7.Mədəniyyəti yenidən yaratmağa, mədəniyyətə töhfə verməyə can atması; 8.Şagirdlərin müəllimlərinə qarşı sevgi və hörmət bəsləməsi, əks halda təhsil inkişaf etməz”.
Görüşün sonunda “T-Network”un rəhbəri Cəfər Mənsimi qonağa dəyərli fikirləri, ətraflı cavabları üçün dərin minnətdarlığını bildirərək “yeni çağırışlardan birinin də həyatın bizim davranışlarımızın güzgüsü olduğunu qəbul etməkdir” fikri ilə proqramı yekunlaşdırıb.
Lamiyə ƏLİMƏRDANOVA
|
|
06.01.2023 | 13:23 | |
|
|
|