Rəqəmsal gələcəyə addım-addım

2017-2018-ci tədris ilindən etibarən ümumtəhsil məktəblərində informatika fənninin yeni formatda tədrisinə başlanılıb. “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində həyata keçirilən tədrisin məqsədi təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etməkdir. Layihə məqsədinə çatıb. Bunu “Kod saatı: rəqəmsal gələcəyə addım 2022-ci il” müsabiqəsinin nəticələri bir daha təsdiq edib. Təbii ki, qaliblər mükafatlandırılarkən. Belə ki, “Kod saatı” qlobal hərəkatı çərçivəsində Elm və Təhsil Nazirliyinin “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbi ilə birgə təşkil etdiyi müsabiqə ötən ilin dekabrında yekunlaşdı. 54 şəhər və rayondan 20 223 şagirdin qatıldığı respublika müsabiqəsinin nəticələrinə əsasən seçilən 300 şagird dekabrın 26-da finalda yarışdı. IV-IX sinif şagirdlərinin qatıldığı müsabiqədə regionlardan çoxlu məktəbli də vardı. Təkcə finalçıların 100 nəfəri ayrı-ayrı bölgələrdə fəaliyyət göstərən məktəblərdəki təhsilalanlar idi və bu yarış necə ağıllı, həllyönümlü nəslin yetişdiyini göstərdi. Onların bir neçəsini yaxından tanımaq imkanı qazandıq.

 

Asan olmayıb, amma yenə gələcək!

 

Məsələn, yarışın ən kiçik proqramçılarından biri Hüseyn Şıxəliyev müsabiqəyə Xaçmaz şəhərindən qatılıb. Buradakı Çingiz Abdullayev adına 2 nömrəli tam orta məktəbin IV sinif şagirdidir. Balaca boyunda o qədər böyük dünya yerləşib ki...

 

Kompüterlə maraqlanır. Balaca olduğuna baxmayın, yarışmağı, rəqabət aparmağı, qazanmağı indidən öyrənib. Məktəblərində çox yarışa qatılıb. Dediyinə görə, təkcə öz tay-tuşlarıyla yox, özündən böyüklərlə də yarışmaqdan çəkinmir və yarışa-yarışa öyrəndiklərindən çox məmnundur. Artıq birincilik qazanmaq nə deməkdir, yaxşı bilir: “Heydər Əliyev Mərkəzi çox xoşuma gəldi. Sertifikat qazanmaq isə daha çox xoşuma gəldi”.

 

Deyir yarışmaq və burada qalib olmaq çox da asan olmayıb, amma o, yenə gələcək və yenə qalib olacaq.

 

Hamı gördü ki, onun məktəbi necə informator hazırlayır

 

Ziya Bayramov isə Bakı məktəblisidir. 160 nömrəli klassik gimnaziyada VIII sinif şagirdidir. Çox həyəcanlıdır. “Çətin idi”, deyir: “İlk dəfədir belə müsabiqədə iştirak edirəm, ilk dəfədən də qalib oldum. Yer tutmaq istəyirdim, tutdum və vauçer qazandım”.

 

Müsabiqədə necə iştirak etdiyindən danişan Ziya buna görə müəlliminə minnətdardır:“Müsabiqə keçirildiyi barədə mənə müəllimim dedi, iştirakımı tövsiyə etdi. Mən də qatıldım və qazandım. Müəllimlərimə təşəkkür edirəm ki, məni belə hazırlayıb, yetişdiriblər”.

 

Z.Bayramov artıq özü ilə qürur duymağa başlayıb. Məktəbini öz ağlı, hazırlığı ilə ən yaxşı şəkildə təmsil edəcəyinə əminlik yaranıb: “Texniki fənləri sevirəm. Müsabiqələrdə iştirak etməyə davam edəcək, məktəbimizi ən yaxşı şəkildə təmsil edəcəyəm. Qoy hamı görsün ki, məktəbimizdə necə riyaziyyatçılar hazırlayırlar”.

 

Bakı məktəblisi sübut etdi ki, əngəllər qələbəyə mane olmur

 

Müsabiqə qalibi Əkbər Əbilov 309 nömrəli tam orta məktəbdə VI sinifdə oxuyur. Bu dəfə II yeri tutub: “Bu müsabiqədə bir dəfə də iştirak eləmişdim, onda yer tuta bilməmişdim. Amma bu dəfə yaxşı yer tutdum. İnsan səhv edə-edə öyrənir. Səhv edirik, ondan nəticə çıxardırıq və sonrakı cəhdlərdə uğur qazanırıq”.

 

Hesab edir ki, gələcək barədə danışmaq hələ tezdir: “Yəqin mühəndis olaram”.

 

Əkbər müsabiqədə əlil arabasında iştirak edib: “Ayağımda problem vardı, İllizarov aparatına qoyulub”.

 

Yarış öncəsi baş verən bu hadisədən qətiyyən məyus deyil. Ayağında olan problemin həllinə yönələn bu əməliyyatın yarışa təsadüf etməsi onun üçün narahatlıq yaratsa da, nə yarışmağına, nə də qazanmağına əngəl olub: “Düzdür, çətin hərəkət etdim, vəziyyətimə görə özümü pis hiss etdim, amma bu çətinlik düşünməyimə, qərar verməyimə, mənə verilən tapşırıqları həll etməyimə də mane olmadı”.

 

Humanitar fənlər təmayüllü gimnaziyanın rəqəmsal şagirdi

 

 

Səlimə Abduhəlimova Respublika humanitar fənlər gimnaziyasının VIII sinif şagirdidir. Birincilik hədəfi idi və bu hədəfinə çatdı. Üstəlik, ikinci dəfə: “Müsabiqəyə ikinci dəfədir ki, qatılıram. Hər ikisində I oldum. Gələcəkdə dizayner olmaq istəyirəm. Kompüterlə işləməyə çox marağım var. İnformatikanı həmişə sevirdim, amma rəqəmsal bacarıqlar layihəsi bu marağı daha da inkişaf etdirdi. Gələn il də bu müsabiqəyə qatılacağam. Çünki bu yarışlarda daha çox şey öyrənirik, hətta qələbə qazanmasaq da. Başqa məktəblərdən olan şagirdləri tanıyır, onların bəziləri ilə dostluq qurur, biri-birimizlə yarışır və əylənirik”.

 

 

 

Oynaya-oynaya kompüteri sevən Gəncə məktəblisi

 

 

Rəqəmsal bacarıqları ilə öyünən daha bir məktəblimiz - Mədinə Bayramova Gəncədə 32 nömrəli məkəbin V sinif şagirdidir. Əvvəlcə oyunlar oynayıb, oynaya-oynaya kompüteri sevib. Məktəbdə informatika keçməyə başlayandan sonra isə bu “oyuncağına” münasibəti dəyişib. Kompüter biliklərini inkişaf etdirib və rəqəmsal dünyaya daxil olub. İndi kompüterlə tapşırıq icra etmək onun üçün çətinlik yaratmır.

 

 

 

“Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişlənir: artıq 48 şəhər və regionda

 

“Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Nilufər Rəhimova hesab edir ki, layihənin əhatə dairəsi genişləndikcə uğurları da artır: “2017-2018-ci tədris ilindən başlayaraq həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişlənir: “Hazırda layihə 418 məktəbdə 300 min şagirdi əhatə edir. Bu tədris ilindən artıq 48 şəhər və region üzrə IV-IX sinif şagirdləri rəqəmsal bacarıqlara yiyələnirlər. 700-dən çox X-XI sinif şagirdi isə yeni yaradılan “Rəqəmsal bacarıqlar” təmayül siniflərində təhsil alaraq informatikayönümlü tədrisə cəlb olunub”.

 

Rəqəmsal dünyada qızlar bərabərliyə nail olub

 

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov ölkədə məktəblilərin rəqəmsal bacarıqlara uğurla yiyələndiyi qənaətindədir. Onun sözlərinə görə, məktəblərdə davam edən “Rəqəmsal bacarıqlar” layihəsi aktual və gələcəyə istiqamətlənmiş bir layihədir. Artıq dünyada hərəkata çevrilən “Kod saatı: rəqəmsal gələcəyə addım 2022-ci il” müsabiqəsi şagirdlərə alqoritmik, məntiqi bacarıqlarını nümayiş etdirmək imkanı verir. Yarışa qatılmaqla komandada işləmək, düzgün qərar vermək bacarıqlarını inkişaf etdirirlər: “Bu bacarıqlar gələcək nəslə çox lazım olacaq. Sevinirəm ki, çox ağıllı şagirdlərimiz var. Ən sevindiricisi də odur ki, müsabiqə iştirakçıları arasında oğlanların və qızların sayı demək olar ki, bərabər idi”.

 

Nazir müavini hesab edir ki, gələcək çağırışları öngörmək çətin olduğundan şagirdlərdə rəqəmsal bacarıqların formalaşdırılmasının böyük əhəmiyyəti var.

 

Ruhiyyə DAŞSALAHLI

 



06.01.2023 | 10:21