Sofiya Universitetində “Azərbaycan multikulturalizmi” tədris olunub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Kliment Oxridski adına Sofiya Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi tərəfindən birgə keçirilən “Azərbaycan multikulturalizmi” kursunun tədrisi yekunlaşıb.

 

Tədris prosesində dünya ölkələrində multikulturalizm modelləri, Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində tolerantlıq və multikulturalizm ideyaları, Azərbaycan Respublikasının multikulturalizm siyasəti, çoxkonfessiyalılıq, etnik-milli müxtəliflik və digər mövzularda mühazirələr oxunub, müzakirələr aparılıb. Dərslərdə Sofiya Universitetinin və Bolqarıstandakı digər ali məktəblərin tələbə və magistrantları, eləcə də Azərbaycan multikulturalizmi ilə maraqlanan şəxslər iştirak ediblər. Kursu Kliment Oxridski adına Sofiya Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri Sofiya Şıqayeva-Mitreskaya tədris edib. Eyni zamanda, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Tədris şöbəsinin müdiri İrina Kunina tələbələrə “Azərbaycan Respublikasının xarici siyasəti və multikulturalizm” mövzusunda online mühazirə oxuyub. Tələbələr kursun əvvəlində seçilmiş mövzu üzrə təqdimatlar hazırlayaraq təqdim ediblər. Kurs çərçivəsində 18 oktyabr – Azərbaycanın müstəqilliyinin bərpası və 8 noyabr – Zəfər Günü ilə bağlı xüsusi dərslər də təşkil olunub. 

 

Sonda kurs iştirakçılarına sertifikatlar təqdim edilib.



04.01.2023 | 10:56