Həmrəyliyimiz sarsılmaz, birliyimiz əbədidir

Azərbaycan xalqı, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Gününü  böyük sevinc və həvəslə  qeyd edir. Hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Harada olmasından asılı olmayaraq qanında, canında azərbaycanlı kodunu daşıyan bu insanların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var- müstəqil, suveren Azərbaycan Respublikası. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi çox qürurverici və təqdirəlayiq hadisədir. Qədim və zəngin tarixə malik Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır.

 

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi təsadüfi deyildir. Ötən əsrin 80-ci illərinin axırlarında keçmiş sovet ittifaqı məkanında gedən proseslər Azərbaycanda milli oyanış hərəkatının geniş vüsət almasına şərait yaratdı. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin separatçılıq hərəkatı, Qərbi Azərbaycanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurd-yuvalarından qaçqın və köçkün düşməsi, “Meydan hərəkatı”nın başlanması xalqın milli birliyinin vacibliyini ortaya qoydu. 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması isə artıq bu tarixin önəmli gün kimi qeyd edilməsinə zərurət yaratdı.  Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. 1991-ci ilin 16 dekabrında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsinə qərar verildi.

 

Bu hadisədən sonra artıq dünyanın müxtəlif yerlərinə səpələnmiş azərbaycanlıları bir araya toplayacaq, mütəşəkkil fikir mübadilələri aparılacaq digər tədbirlər reallaşdı.   2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Bu mötəbər tədbir dünya azərbaycanlılarının birləşdirilməsi, mövcud  problemlərin aradan qaldırılması, milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi istiqamətində mühüm hadisəyə çevrildi. Artıq illər sonra  növbəti qurultayların keçirilməsi davamlı hal aldı.

 

Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyev böyük səylər göstərmiş, bu birliyi, bu həmrəyliyi tarixi zərurət hesab etmişdir. Ulu Öndər 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".

 

Bu gün dünyanın 70-dən artıq ölkəsində 50 milyondan çox azərbaycanlı yaşayır. Onların hər biri yaxşı başa düşür ki, həmrəylik, ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illər bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının birliyinə təkan verən güclü bir amilə çevrilib. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu sayır. 

 

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan millətinin birlik rəmzidir. Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib. Vətən  müharibəsində  qazandığımız  Zəfər həmrəyliyimizin, bir yumruq ətrafında birləşməyimizin bariz nümunəsidir. Bu qələbə Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirdi, nüfuzunun yüksəlməsində mühüm rol oynadı. İkinci Qarabağ müharibəsindəki tarixi ədalətin zəfər çalmasında soydaşlarımız əlindən gələni əsirgəmədən yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində yorulmadan fəaliyyət göstərdilər. Dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların vahid, doğma bir ana Vətəni var və onun mənafeyinin qorunması hər birimizin borcudur.

 

Dilrubə İSMAYILOVA

 



31.12.2022 | 12:02