2022-ci il – nailiyyətlərimizin simaları

Başa vurmaqda olduğumuz 2022-ci tədris ili ölkəmizin elm və  təhsil sistemində bir sıra uğurlarla yadda qaldı. Ölkəmizdə istedadlı uşaqların aşkara çıxarılması, bilik və bacarıqlarının stimullaşdırılması, onlarda elmi tədqiqatçılıq səriştələri və yaradıcılığın inkişaf etdirilməsi istiqamətində  məqsədyönlü tədbirlərin təşkili nəticəsində bir sıra bilik yarışlarında, beynəlxalq əhəmiyyətli  olimpiadalarda uğur qazanan gənclər ayrı-ayrı ölkələrdə ali təhsil həyatlarına başlayıblar.

 

Bundan əlavə, dünyanın müxtəlif nüfuzlu universitetlərindən məzun olan, eləcə də ölkəmizdə elm və təhsil sahəsində uğurları ilə seçilən gənclərimiz də öz nailiyyətləri ilə diqqəti cəlb ediblər. Cari tədris ilində uğurları ilə yadda qalan gənclərimizi oxuculara təqdim edirik.

 

Hüseyn Abdulla,
ABŞ Tennesi Universiteti  Haslam Biznes Kollecinin dosenti

2022-ci ildə ABŞ-ın Texas A&M Universiteti Məzunları Assosiasiyasının "Tədqiqatda fərqlənməyə görə" mükafatına layiq görülüb. Texas A&M Universitetində doktorantura təhsilini başa vuraraq fəlsəfə doktoru elmi dərəcəsi alıb. H.Abdulla Texas A&M Universiteti Mays Biznes Məktəbinin 57 illik tarixində  “Tədqiqatda fərqlənməyə görə”  mükafatına layiq görülən ilk PhD tələbəsidir. Bu elit mükafat görkəmli aspirantlara tədqiqat və ya tədris sahələrində müstəsna nailiyyətlərinə, hər il universitetin akademik uğurları ilə fərqlənən bir qrup aspirantına  verilir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində  ABŞ-da Berkli Kaliforniya Universitetini  “Sənaye mühəndisliyi və əməliyyatlar tədqiqi”  üzrə magistr ixtisası üzrə bitirib. Hazırda Tennesi Universitetinin Haslam Biznes Kollecində  tədarük zəncirinin idarə olunması kafedrasının dosentidir, istehsal və xidmət əməliyyatlarının idarə edilməsi fənnindən dərs deyir.

 

Lalə Axundova,

Gənclər üçün Prezident mükafatçısı
 

2014-cü ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini “Genetika” ixtisası üzrə bitirib. 2015-ci ildə Hollandiyanın Wageningen Universitetinin “Tibbi biologiya” ixtisası üzrə magistr proqramına, 2018-ci ildə isə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) doktoranturasına qəbul olunub. 2020-ci ildə Prezident yanında Elmin İnkişafı Fondunun elan etdiyi gənc alim və tədqiqatçıların 5-ci qrant müsabiqəsində iştirak edib. 2021-ci ildə MBBİ-nin yaradılmasının 5 illiyi münasibətilə 30 yaşa kimi gənc alim və mütəxəssislər arasında keçirilən müsabiqədə I yerə layiq görülüb. 2022-ci ildə təhsil sahəsində Gənclər üçün Prezident mükafatına layiq görülüb.

 

 

Əliqənbər  Xəlilli,
Gənclər üçün Prezident mükafatçısı

 

2011- 2015-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Kompüter mühəndisliyi” ixtisası üzrə təhsil alıb. 2016-cı ildən etibarən dünyaca məşhur kompüter elmləri bloqlarında faydalı kontentin yaradılması ilə məşğuldur. 2017-2021-ci illərdə “Azercell Telecom” şirkətində proqramçı mühəndis, məhsul və servislərin idarəolunması qrupunun texniki koordinatoru və həmin qrupun rəhbəri vəzifəsində çalışıb. 2020-ci ildə Vətən müharibəsi dövründə “Azercell Telecom” şirkətində məhsul və servislərin idarəolunması qrupunun rəhbəri olaraq 5 milyondan çox abunəçiyə telekommunikasiya xidmətlərinin fasiləsiz və keyfiyyətli təmin edilməsində aktiv rolu olub.  2022-ci ildə elm və təhsil sahəsində Gənclər üçün Prezident mükafatına layiq görülüb.

 

 

İlqar Ramazanlı,  

Facebook şirkətinin  tədqiqatçı alimi

Bakalavr təhsilini Türkiyənin  Orta Doğu Texnik Universitetinin kompüter mühəndisliyi və riyaziyyat fakültələrində alıb. 2009-cu ildə Almaniyada keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında bürünc, 2009-cu ilin mayında Serbiyada təşkil olunan Balkan Riyaziyyat Olimpiadasında gümüş, 2009-cu ilin yanvarında Qazaxıstanda Beynəlxalq Jautıkov Olimpiadasında qızıl, 2012-ci ildə Bolqarıstanda tələbələr arasında start götürən Beynəlxalq Riyaziyyat Müsabiqəsində qızıl medallara layiq görülüb. “Azərbaycan gənclərinin 2007-2015-ci illərdə xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində İsveçrənin Lozanna Federal Texnologiya Məktəbində riyaziyyat üzrə magistr təhsili alıb. Daha sonra, 2015-2020-ci illərdə ABŞ-ın Karneqi Mellon Universitetində tətbiqi riyaziyyat və nəzəri süni intellekt/maşın öyrənməsi sahəsində doktorantura təhsilini davam etdirib. 2022-ci ildə Facebook şirkətində  tədqiqatçı alim kimi fəaliyyətə başlayıb.

 

 

 

 


Cavad İsmayılzadə ,
Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun tələbəsi

 

Bakıdakı  Fikrət Tağıyev adına 72 nömrəli məktəb-liseyi bitirib. VIII sinfin əvvəllərindən olimpiada  hazırlıqlarına başlayıb. Respublika fənn, eləcə də Beynəlxalq Riyaziyyat, Balkan riyaziyyat,  Beynəlxalq Jautıkov olimpiadalarında iştirak edib, bürünc, gümüş, qızıl  medallara layiq görülüb. Hazırda Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunda (KAIST) “Kompüter elmləri” ixtisası üzrə təhsil alır.
 

 

 

 

Salman Hüseynov,

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun tələbəsi

 

2019-2020-ci tədris ilində keçirilən Respublika fənn olimpiadalarında kimya fənni üzrə II,  2020-2021-ci tədris ilində keçirilən Respublika fənn olimpiadalarında isə I yerin qalibi olub. Həmçinin 2021-ci ildə Yaponiyada təşkil edilən ICHO - Beynəlxalq Kimya Olimpiadasında (distant) III yeri əldə edərək bürünc medal qazanıb. 2022-ci ildə dünyada ən tanınmış universitetlərdən ABŞ-ın Massaçusets Texnologiya İnstitutundan (MIT) qəbul alıb. Hazırda MIT-in tələbəsidir. 

 

Nəriman Şirinli,
Sinqapur Milli Universitetinin tələbəsi

Kimya fənni üzrə yerli və beynəlxalq olimpiadalarda iştirak edib. Azərbaycanın qatıldığı 3 beynəlxalq kimya olimpiadasının hər birindən 2 medal olmaqla, toplam 6 medal qazanaraq ölkəmizi uğurla təmsil edib. 2018-ci ildə IV Respublika Fənn müsabiqəsində  gümüş, 2019-cu ildə Respublika fənn olimpiadasında  gümüş,  2020-ci ildə Respublika fənn olimpiadasında  qızıl,  2021-ci ildə  “Sabahın alimləri” Respublika müsabiqəsində qızıl,  2021-ci ildə Respublika fənn olimpiadasında qızıl medallar almış, 2022-ci ildə isə Respublika fənn olimpiadasında  qızıl medalla yanaşı,  “Birincilərin birincisi” nominasiyasının qaliblərindən olub. Bundan əlavə, 2020-ci ildə Beynəlxalq Meqapolislər olimpiadasında bürünc,  2021-ci ildə Beynəlxalq Mendeleyev Kimya olimpiadasında bürünc, 2021-ci il Dünya Kimya olimpiadasında bürünc, 2021-ci ildə Beynəlxalq Meqapolislər olimpiadasında gümüş, 2022-ci ildə Beynəlxalq Mendeleyev Kimya olimpiadasında  gümüş  və nəhayət, 2022-ci ildə  Dünya Kimya olimpiadasında gümüş medala layiq görülüb.

 

Məshəti Piriyeva,

Sinqapurun Nanyanq Texnologiya İnstitutunun tələbəsi

 

Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunudur.  Orta təhsilini xüsusi nailiyyətlərlə başa vurduğuna görə qızıl nişanla təltif olunub. Məktəb illərində kimya fənni üzrə respublika və bir neçə beynəlxalq olimpiadalarda iştirak edib. Respublika fənn olimpiadalarından 1 gümüş, 2 qızıl, beynəlxalq fənn olimpiadalarından isə 3 bürünc medal qazanıb.  “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2022-2023-cü tədris ilindən Sinqapurun Nanyanq Texnologiyalar Universitetində “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alır.

 

Rəfsan Həbibullayev,
Cənubi Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun tələbəsi

 

BDU  nəzdində "Gənc istedadlar” liseyinin məzunudur. İlk dəfə 2018-ci ildə IV Respublika fənn olimpiadasında  iştirak edərək  bürünc medala layiq görülüb. 2019-cu ildə IX  sinifdə oxuyarkən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasından (İJSO) ilk olimpiada mükafatı olaraq bürünc medal qazanıb. Daha sonra 9,10 və 11-ci siniflərdə oxuyarkən Respublika fənn olimpiadarından fizika fənni üzrə 3 qızıl medal əldə edib. 2021-ci ildə "Sabahın alimləri" müsabiqəsində qızıl, 2022-ci ildə bürünc medallara layiq görülüb. Beynəlxalq Jautikov Olimpiadasında bürünc, Beynəlxalq Avropa Olimpiadasında bürünc, Beynəlxalq Fizika olimpiadasında  “Həvəsləndirici”  medallara,  Beynəlxalq  “İSEF sərgisi”ndə “Finalçı” mükafatına layiq görülüb.

 

 

Fərid Rəhimli,
Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun tələbəsi

 

Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanı bitirib. Olimpiada həyatı boyunca ölkə səviyyəli müxtəlif yarışlarda riyaziyyat və fizika fənləri üzrə 2 qızıl, 2 gümüş, 3 bürünc, Respublika fənn olimpiadalarından isə riyaziyyat fənni üzrə 2 bürünc medal qazanıb (2019 və 2021-ci illərdə). Tam orta təhsilini qızıl nişanla və xüsusi nümunəli attestatla bitirib.

 

 

 

Kamran Mehdiyev,

Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun tələbəsi

 

Kimya-biologiya təmayüllü Respublika liseyinin məzunudur. 2021-ci ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək Bakı Ali Neft Məktəbinin kompüter mühəndisliyi fakültəsinə daxil olub. Bu ali təhsil müəssisəsində bir il təhsil aldıqdan sonra  Respublika fənn olimpiadasının qızıl medalçısı kimi Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunda (KAIST) təhsilini davam etdirmək hüququ qazanıb.

 

 

Hüseyn İsmayılov,

Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun tələbəsi

 

2022-ci ildə akademik Zərifə Əliyeva adına liseyi bitirib.   2021 və 2022 -ci illərdə riyaziyyat üzrə Respublika fənn olimpiadalarında iştirak edib. 2021-ci ildə riyaziyyat üzrə gümüş medal qazanıb. Beynəlxalq olimpiadalar arasında isə Beynəlxalq Jautikov Olimpiadasının  (IZHO 2022)  ştirakçısı olub.  Olimpiada qalibi kimi Hüseyn İsmayılov dünyanın ən yaxşı universitetlərindən olan Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutundan  (KAIST) qəbul alıb. Hazırda adıçəkilən ali təhsil müəssisəsində “Kompüter elmləri” ixtisasında təhsil alır.

 

 

Vaqif Əliyev,

Sinqapurun Nanyanq Texnologiya Universitetinin tələbəsi

 

2022-ci ildə 147 nömrəli Texniki-humanitar liseyi bitirib.  Qazaxıstanın Almatı şəhərində keçirilən 18-ci Beynəlxalq Jautikov Olimpiadası (IZhO 2022) və Sloveniyanın paytaxtı Lyublana şəhərində keçirilən 6-cı Avropa Fizika Olimpiadasından (EuPhO 2022) bürünc, Gürcüstanın Kutaisi şəhərində keçirilən 15-ci Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2022) həvəsləndirici mükafat qazanıb.  Ümumilikdə, orta  məktəbi Respublika fənn olimpiadalarından 2 qızıl, 1 gümüş, beynəlxalq olimpiadalardan 3 bürünc, 1 həvəsləndirici mükafatla bitirib.

 

Toğrul Abbasov,

Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun tələbəsi

 

2022-ci ildə Fizika-riyaziyyat və informatika təmayüllü Respublika liseyini bitirib.  2021 və 2022 -ci illərdə  “Birincilər birincisi”  olub. Beynəlxalq olimpiadalardan ən prestijlisi sayılan İMO-dan (İnternational Mathematical Olympiad) gümüş və bürünc olmaqla 2 medal qazanıb.  Balkan Riyaziyyat Olimpiadasından gümüş və bürünc (BMO), Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasından qızıl və gümüş (JBMO), Qafqaz Riyaziyyat Olimpiadasından 2 qızıl, daha bir neçə beynəlxalq olimpiadalardan medallar qazanıb. İMO-dan qazandığı gümüş medal ölkəmizə 11 ildən sonra gətirilən 9-cu gümüş medaldır. JBMO - dan 6 il sonra ölkəmizə 2-ci qızıl medalı qazandırıb.

Bütövlükdə Olimpiada karyerası boyunca beynəlxalq olimpiadalardan 4 qızıl, 6 gümüş, 4 bürünc olmaqla 14, respublika səviyyəli olimpiadalardan isə 3 qızıl və 1 gümüş medal qazanıb.

 

 

Elçin Musazadə ,

Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun tələbəsi

 

Bakıdakı 2  nömrəli texniki humanitar liseyin məzunudur. Beynəlxalq və yerli olimpiadalardan müxtəlif əyarlı medallar və həvəsləndirici mükafatlar qazanıb. Beynəlxalq Riyaziyyat Olimpiadasından 1 bürünc, 2 həvəsləndirici, Balkan Riyaziyyat Olimpiadasından 2 bürünc, Yeniyetmələrin Balkan Olimpiadasından 1 gümüş, 1 bürünc medal qazanıb. Beynəlxalq Lütfi Zadə riyaziyyat və informatika olimpiadasında isə riyaziyyat fənni üzrə 1-ci yeri tutub və qızıl medala layiq görülüb.


 

 

 

Fidan Qarayeva,
Təhsil Nazirliyinin tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi

 

2022-ci ildə 57 ölkədən 222 məktəblinin iştirak etdiyi  Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO2022) ölkəmizi layiqincə təmsil edərək qızıl medala layiq görülüb. 

İlk dəfə beynəlxalq olimpiadada 2019-cu ildə iştirak edib. Həmin il Avropa Qızlar Riyaziyyat Olimpiadasında (qısa EGMO yazılır) bürünc medal qazanıb.  2022-ci il tarixlərində 39-cu Balkan Riyaziyyat Olimpiadasında,  63-cü Beynəlxalq Riyaziyyat Olimpiadasında,  Türkiyənin Antalya şəhərində təşkil olunan Avropa Qızlar İnformatika Olimpiadasında bürünc medallara layiq görülüb. Ümumilikdə beynəlxalq tipli olimpiadalarda  3 qızıl, 4 gümüş və 5 bürünc medal qazanıb. 

 

Oruc MUSTAFAYEV

 



30.12.2022 | 12:06