BMU-nun Kompüter laboratoriyasının maddi-texniki bazası gücləndirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Kompüter laboratoriyasının maddi-texniki bazası daha da gücləndirilib.

 

Universitetdən bildirilib ki, son illər bu istiqamətdə görülən işlərin davamı olaraq, laboratoriya proqramların effektiv işləməsi üçün prosessorları daha sürətli, yaddaşı yüksək, həmçinin ekran kartlarının yaddaşı çox olan kompüterlərlə təchiz edilib.

 

Laboratoriyaya 10-cu nəsil prossesorlar, 8Gb RAM, 256GB SDD, 1 TB-lıq HDD-si olan daha 33 ədəd kompüter yerləşdirilib. Eyni zamanda “Windows11” əməliyyat sistemi, eləcə də “Kompüter mühəndisliyi” ixtisası üzrə ehtiyac duyulan ən müasir proqramlar, o cümlədən “Visual Studio”, “Android Studio”, dizayn proqramları və s. yüklənib.

 

BMU-nun kompüter və informasiya texnologiyaları kafedrasının nəzdində ümumilikdə 5 kompüter laboratoriyası və 1 elektronika laboratoriyası fəaliyyət göstərir. Laborant və müəllimlər bütün laboratoriyalara quraşdırılmış xüsusi proqram təminatları vasitəsilə nəzarət etmək imkanına malikdirlər.  Bundan başqa, bu proqram vasitəsilə virtual siniflər yaratmaq və otaqlara görə sinif jurnalları tərtib etmək, tələbələri imtahan etmək, imtahan müddətində internet ilə əlaqəsini kəsmək və s. kimi işləri yerinə yetirmək mümkündür.

 

 



30.12.2022 | 10:27