Rektor “Açıq mikrofon” layihəsində

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev “Açıq mikrofon” layihəsi çərçivəsində tələbələrlə görüşüb.

 

Ali təhsil müəssisəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı, komitənin sədri Hüseyn İmanovun moderatorluğu ilə keçirilən görüşdə rektor universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının işini yüksək qiymətləndirib. Qeyd edilib ki, tələbələrin ictimai layihə və tədbirlərdə fəallığının artırılması, tələbələrdə elmi tədqiqata maraq oyadılması, onlar arasında maarifləndirmə işinin aparılması istiqamətində davamlı addımlar atılır. Bildirilib ki, tələbə təşkilatlarının fəaliyyəti nəticəsində tələbələr respublikada keçirilən idman yarışları, intellektual oyunlar, olimpiadalar, seminarlar, müxtəlif istiqamətli müsabiqələr, beynəlxalq əhəmiyyətli yarışlarda universiteti layiqincə təmsil edir və nailiyyətlər qazanırlar.

 

Tələbələrlə dərslərdə, auditoriyalarda, müxtəlif tədbirlərdə mütəmadi olaraq görüşlərin keçirildiyini deyən Elbrus İsayev universitetin rəsmi internet saytında “Rektora müraciət” bölməsi üzərindən də şikayət və təkliflərin qəbul edildiyini diqqətə çatdırıb.

 

Sonra hər fakültə üzrə tələbələr imtahan, seminar və mühazirələrin keçirilməsi, kredit sistemi, dərs vəsaitləri və onları maraqlandıran digər mövzularda təklif və şikayətlərini rektora ünvanlayıblar.

 

Rektor verilən sualları ətraflı cavablandırıb.

 

 



28.12.2022 | 12:36