“Kod saatı: rəqəmsal gələcəyə addım 2022-ci il” müsabiqəsinin qalibləri mükafatlandırılıb | |
Dekabrın 26-da "Kod saatı" qlobal hərəkatı çərçivəsində Elm və Təhsil Nazirliyinin “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbi ilə birgə IV-IX sinif şagirdləri üçün təşkil etdiyi “Kod saatı: rəqəmsal gələcəyə addım 2022-ci il” respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tədbir Dövlət Himninin səsləndirilməsi və vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov müsabiqənin əhəmiyyətindən danışıb və əlavə edib ki, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir zamanda gənclərin rəqəmsal bacarıqlara yiyələnməsi olduqca vacibdir. “Rəqəmsal bacarıqlar”ın gələcəyə istiqamətlənmiş bir layihə olduğunu vurğulayan nazir müavini bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd qlobal “Kod saatı” hərəkatının davamı olaraq məktəblilər arasında kompüter elmləri və proqramlaşdırmanın təbliği, eləcə də gənc nəslin bu sahəyə olan marağının artırılmasıdır.
Firudin Qurbanov çıxışının sonunda qalibləri təbrik edib və uğurlar arzulayıb.
Bildirilib ki, 54 şəhər və rayondan 20 000-ə yaxın şagird qeydiyyatdan keçməklə müsabiqənin I mərhələsində iştirak edib. Seçim mərhələsinin nəticələrinə əsasən 300 şagird finalda yarışıb. Onlardan 100 nəfəri isə regionları təmsil edir.
Sonra müsabiqənin bölgələr üzrə aparılmış seçim mərhələsini əks etdirən videoçarx nümayiş etdirilib, eləcə də şagirdlər və onların əl işləri ilə tanışlıq olub. Sonda müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.
|
|
26.12.2022 | 18:03 | |
|
|
|