Miranda bir kilometrlik toz təbəqəsi ilə örtülüb

Uran planetinin peyklərindən biri olan Mirandanın diametri 500 kilometrdən az olsa da, çoxlu sayda qaya və uçurumlara malikdir. Eyni zamanda, səthi qalın tozla örtülüdür.

 

“The Planetary Science Journal” nəşri xəbər verir ki, SETI İnstitutunun (Kaliforniya) tədqiqatçıları Mirandanın reqolit təbəqəsinin qalınlığını foto əsasında hesablamağa çalışıblar. Bunu müəyyənləşdirmək üçün alimlər Mirandanın səthindəki meteorit kraterlərə diqqət yetiriblər. Bəzi kraterlərinin relyefi hamar vəziyyətdədir, digər kraterlər isə tozdan “təmizdir”. Tozlu və tozlu olmayan eyniölçülü kraterlərin görünüşü fərqli olduğu üçün toz qatının dərinliyini təxmin etmək olar: bunun 300 ilə 1200 metr arasında, orta hesabla bir kilometr olduğu ortaya çıxıb.

 

Reqolit təkcə kraterləri deyil, Miranda səthinin qalan hissəsini də qalın təbəqə ilə əhatə edir ki, bu da onu bəlkə də ən “tozlu” kosmik cismə çevirir. Ayda reqolit təbəqəsinin onlarca metr, cırtdan planet Sererada təxminən 300 metr, ən böyük asteroidlərdən biri olan Vestada isə bir kilometrə qədər olduğu güman edilir.

 

Alimlər Mirandanın qalın reqolit təbəqəsi üçün üç mənbə təklif etdilər. Birincisi, onun böyük kosmik cisimlə toqquşmasından sonra səthi tozla örtülə bilərdi. Lakin fotoda belə toqquşmanın izi yoxdur. İkincisi, Mirandanın geoloji cəhətdən daha aktiv olduğu dövrdə reqolitin mənbəyi kriovulkanlar ola bilərdi. Üçüncü versiya isə Mirandanın tozu ətrafdan “toplaması”dır. Tozun mənbəyi Uranın böyük bir kosmik cisimlə toqquşması ola bilər. Həmin toqquşma zamanı yaranan dağıntı və toz Mirandada toplanıb. Peykin səthi o zaman mövcud olan kraterlərlə birlikdə qalın reqolit təbəqəsi ilə örtülüb və sonradan yaranan yeni kraterlər artıq tozsuz olub. Bu, bəzi kraterlərin niyə “təmiz”, digərlərinin isə tozlu olduğunu izah edir.

 

Azərtac



26.12.2022 | 14:13