Çağdaş pedaqogika elminin və musiqişünaslığın görkəmli nümayəndəsi

Qısa təqdimat

 

Bu il çağdaş pedaqogika elminin sayılıb-seçilən, dərin hörmət və nüfuz sahibi, çox önəmli natiqlik qabiliyyətinə malik olan pedaqogika elmləri doktoru, professor Fərahim Balakişi oğlu Sadıqov 75-ci baharını başa vurur.

 

Pedaqoji ictimaiyyət Fərahim müəllimi çox yaxşı tanıyır. Bir xeyirxah, gözəl xasiyyətli insan kimi,  bacarıqlı alim-pedaqoq kimi, yaxşı musiqişünas, yazıçı və dramaturq, ensiklopedik bilikli  müəllim, Vətənini və  xalqını dünyalar qədər sevən şəxs   və nəhayət, respublikamızda təhsil qurucusu kimi.

 

Uşaqlıq və ilk gənclik illəri

 

Dostumuz əslən Masallı rayonundandır. El ağsaqqalı Balakişi kişinin, Əfruz xanımım Abutalıbdan sonrakı övladıdır. Bədii ədəbiyyatın, hikmətli sözün, məntiqli deyilişin vurğunu olan Fərahim 1965-ci ildə Masallı şəhər Nəriman Nərimanov adına 2 nömrəli orta məktəbi başa vurandan sonra sənədlərini Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (hazırda ADPU) filologiya fakültəsinə verib və bu institutdakı təhsilini 1969-cu ildə bitirib doğma Masallıya qayıdıb.Əvvəlcə  rayonun Sərçuvar kənd, sonradan şəhər 4 nömrəli məktəbində sevib-sevdiyi müəllimlik peşəsi ilə məşğul olub. 

 

İndiki kimi yadındadır. Şagirdlər onun nitqinə heyran idilər. Ədəbiyyat dərsinin olacağı günü səbirsizliklə gözləyirdilər. Fərahim müəllim onları xalqımızın yüz illər ərzində sevə-sevə yaratdığı şifahi xalq yaradıcılığı nümunələri ilə tanış edir, məktəblilər də dastanlarımızın, nağıllarımızın, əsatir və rəvayətlərimizin qəhrəmanları ilə çiyin-çiyinə addımlayaraq xəyalən şər qüvvələrə qarşı vuruşur, xeyirxah işlər görür, kasıba əl tuturdular. Fərahim müəllim elə şirin, elə aydın və mənimsənilməsi gücçatan  qaydada söhbətini, nitqini qurur, nümunələr gətirirdi ki, anlaşılmayan, qaranlıq qalan bir məsələ qalmırdı.  Dərsdən dərsə Nizami, Füzuli, Nəsimi, Xətai, Vaqif, Sabir, Mirzə Cəlil, Nəriman Nərimanov, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Mirzə İbrahimov, Süleyman Rəhimov, Rəsul Rza və başqalarının həyat və yaradıcılığı, ədəbiyyatımızın inkişafında onların rolu şagirdlərə tam aydın olurdu.

 

Fərahim müəllim tez bir zamanda nəzəri və metodik hazırlığa malik usta müəllim kimi həm Masallıda, həm də respublikada tanındı. Qərara alındı ki, o, bir məktəb çərçivəsində qapanıb qala bilməz. Öz zəngin iş təcrübəsini yaymalı, o biri müəllimlərə də öyrətməlidir. Odur ki, onu rayon Maarif (təhsil) Şöbəsinə metodist vəzifəsinə gətirdilər.

 

Düzgün qərar idi. Bu qərardan tez bir zamanda rayonun digər məktəbləri, ədəbiyyat müəllimləri də faydalandılar. 

 

Elmin yolları, çətin və əzablıdır

 

Bu barədə Fərahim müəllim eşitmişdi. Lakin elmi işlə məşğul olmaq onun böyük arzusuna və zəruri tələbatına çevrildi. Bu elə ülvi arzu idi ki, bəlkə də “Elm Çində də olsa, onun dalınca gedəsi” (Məhəmməd peyğəmbər) idi.Allah üzünə baxdı. Çox da uzağa getmədi. 1975-ci il idi. Bakıya yola düşdü.  Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda (hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutu) yeni yaradılmış Tərbiyənin ümumi problemləri şöbəsini formalaşdırmaq üçün müsabiqə elan olunmuşdu. Fərahim müəllim müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etdi və müsabiqədən keçdi.

 

O zamanlar mən də Sabirabad rayonunun Şıxsalahlı və Qaragüney kənd məktəblərində ingilis dili müəllimi işləyirdim və elmi işlə məşğul olmaq böyük arzum idi. Mən də sənədlərimi həmin şöbəyə təqdim etmişdim. İşə götürüldüm. Bizim tanışlığımız belə başlandı. Kiçik elmi işçi vəzifəsini tuturduq. Hazırda hər ikimiz elmlər doktoru, professoruq.

 

Elmin enişli, yoxuşlu yollarında qazanılan uğurlar

 

Fərahim müəllim hələ Masallıda orta məktəbdə oxuduğu illərdə eyni zamanda musiqi məktəbində də təhsil alırdı. Musiqi qabiliyyəti böyük idi, bir çox musiqi alətlərində, xüsusən də qarmonda çox yaxşı ifa etməyi öyrənmişdi. Bu sahədə özündən böyük qardaşı Abutalıbın rolu böyük idi. Abutalıb respublikada mahir qarmonçu, qarmon ustası kimi məşhur idi. 

 

Musiqiyə bağlılıq Fərahim müəllimin elmi tədqiqatlarının seçiminə də öz təsirini göstərirdi. Onun tədqiqatları estetik tərbiyə, şagirdlərin bədii yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və s. problemlərə həsr olunurdu. Hətta qarmonçalmanın  və  nağaraçalmanın əsaslarına dair kitabları da çap olunmuşdu.

 

Dissertasiya mövzusu götürdü. Tədqiqatlarının səmərəliliyinə nail olmaq üçün Moskvada V.İ.Lenin adına Dövlət Kitabxanasında, M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasında araşdırdığı problem üzrə ədəbiyyatı, dissertasiyaları diqqətlə öyrəndi. Hansı məsələlərin tədqiq olunduğunu, hansıların araşdırmalara ehtiyac duyulduğunu bildi. Boşluqları doldurmaq üçün elmi-nəzəri və praktik dəyərə malik bir dissertasiya meydana gətirdi. Elmi işinin təcrübi məsələlərini təkmilləşdirmək, pedaqoji kollektivlərə metodik kömək göstərmək üçün respublikamızın məktəblərini birər-birər gəzdi, iş təcrübəsini - müsbət və çatışmayan cəhətləri öyrəndi.

 

1984-cü ildə  Gürcüstan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda “Məktəb bədii özfəaliyyət dərnəklərinin təşkili formaları” mövzusunda  namizədlik, 1992-ci ildə isə, “Uşaqların bədii yaradıcılıq qabiliyyətlərinin formalaşdırılması işinin elmi-pedaqoji əsasları” mövzusunda doktorluq  dissertasiyalarını müdafiə etdi. Elmlər doktoru elmi dərəcəsinə və bir müddət sonra professor elmi adına layiq görüldü.

 

Professor F.B.Sadıqov eyni zamanda Beynəlxalq Türk Akademiyasının həqiqi üzvüdür.

 

“Təhsil xəzinədir, əmək onun açarı”

 

Fərahim müəllim çox yaxşı bilirdi ki, “Təhsil xəzinədir, əmək onun açarı” (S.Ə.Şirvani). Bu həqiqətin işığında böyük əmək, zəhmət hesabına özəl ali məktəb açdı. XX əsrin sonlarında - 90-cı illərdə SSRİ dağılandan sonra ölkəmizdə bazar iqtisadiyyatının tələblərinə əsasən, özəl, qeyri-hökumət təşkilatları və  müəssisələrinin yaradılmasına və inkişaf etdirilməsinə icazə verildi.   Fərahim müəllim özəl ali təhsil müəssisəsinə “Naxçıvan Universiteti” adını verdi, özü də təsisçi və rektor kimi müxtəlif peşələr, ixtisaslar üzrə kadr hazırlığını həyata keçirməyə başladı. Bu universitetdə ibtidai sinif müəllimliyi, məktəbəqədər müəssisələr üçün  tərbiyəçi, hüquqşünas, iqtisadçı və b. sahələr üzrə hazırlanmış mütəxəssislər hazırda respublikamızın müxtəlif bölgələrində uğurla fəaliyyət göstərirlər.

 

Professor Fərahim Sadıqov “Naxçıvan  Universiteti”nə 1992-2001-ci illərdə  rəhbərlik etdi. Bu  qeyri-hökumət təşkilatı - universitet bağlandı. Fərahim müəllim daha sonra (2002-2007-ci illərdə) özəl Azərbaycan Universitetinin prorektoru və rektoru oldu. 

 

İllər ötüb keçdi. Təhsil sistemində, idarəetmə məsələlərində yeniliklər oldu. Fərahim müəllim 2005-ci ildən  Bakı Elm və  Təhsil Mərkəzinin prezidenti seçildi. İndi  həm də Bakı Biznes Universitetinin professorudur.  Pedaqogika elminin və təhsilimizin inkişaf etdirilməsi yolunda sidq ürəklə çalışır.

 

Musiqi dünyamızda yeri, rolu olan professor

 

Dedik ki, Fərahim müəllim musiqinin də vurğunudur. Nəinki muğamlarımızı, xalq mahnılarını və təsnifləri, bəstəkar mahnılarını, aşıq musiqisini sevir, onlara valehdir. Həm də musiqi dünyamızda özünün də yeri və rolu vardır. Piano, tar, nağara, qarmonla sirdaş olub. Fəqət mehrini daha çox qarmona salıb. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alarkən bədii özfəaliyyət ansamblına rəhbərlik edib. Eyni zamanda ətrafa qarmonundan yayılan xoş, ürək oxşayan musiqi, oyun havaları eşidilib,  rəqslər könülləri oxşayıb.

 

Rəhbərlik etdiyi ansambl yalnız ölkəmizdə deyil, onun hüdudlarından  kənarda da məşhurlaşıb. O, 1980-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda çalışmaqla yanaşı Bakıdakı 8 nömrəli musiqi təmayüllü internat məktəbinin (hazırda Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi gimnaziyası)  Xalq çalğı alətləri şöbəsinin müdiri vəzifəsində işləyib. 

 

Fərahim müəllim özü bir çox mahnıların, rəqslərin yaradıcısı, müəllifidir. Onlardan “İstəkanın sarısı”, “Yara qurban olum”, “Lirik rəqs”, “Məzəli rəqs”, “Masallı”, “Təbrizi”, “Miyanə”, “Tello”, “Rahimi”və s.  nümunə gətirə bilərik.

 

Professorun ifasında dörd musiqi nömrəsi respublika radiosunun qızıl fondunda saxlanmaqdadır.

 

İndi də  arada dostlar bir yerə yığışanda Fərahim müəllim xahişimizi nəzərə alaraq qarmonu sinəsinə sıxır, onu dilləndirir. Özü də necə! Yalnız “Afərin!” deyirsən, heyran qalırsan.

 

Televiziyada aparıcılıq missiyası

 

Təhsilimizin, musiqimizin, muğamlarımızın bu və ya digər problemlərinə aid radio və televiziyada Fərahim müəllimin çoxsaylı çıxışları olmuşdur. Fəqət onun aparıcılıq fəaliyyəti daha yaddaqalan və önəmlidir.

 

Professorun aparıcısı  olduğu verilişlərdən biri “Örnək”, digəri isə “Kamillik” idi. Burada “Şifahi xalq yaradıcılıq nümunələrində və klassiklərin əsərlərində təlim-tərbiyə məsələləri”, “Muğam dəstgahları və onların tərbiyəvi əhəmiyyətləri” adlı silsiləli verilişləri diqqətə çatdırılırdı.

 

Dərslikləri, monoqrafiyaları, kitabları və məqalələri

 

Professor Fərahim Sadıqov 100-dən çox monoqrafiya, dərslik və kitabın,  tədris proqramının, 500-dən çox elmi məqalənin müəllifidir.  Dərslik və dərs vəsaitlərinə  “Pedaqogika”, “Korreksiya pedaqogikası”, “Müqayisəli pedaqogika”, “Ali məktəb pedaqogikası”, “Ümumi pedaqogika” , “Ana dili” (III sinif), “Oxu” (zəif eşidən uşaqlar üçün, III sinif, prof. A.N. Abbasovla), “Pedaqogika tarixi” (prof. Ə.Ş. Həşimovla), “Qarmon ifaçılığında muğam”, “Tərbiyəşünaslıq” (O. Həsənli ilə), “Azərbaycan dili və nitq mədəniyyəti” və s. aid etmək mümkündür.

 

O, “Uşaqların bədii yaradıcılıq qabiliyyətlərinin formalaşdırılması işinin elmi-pedaqoji əsasları”, “Azərbaycan muğamları şagirdlərin vətənpərvərlik tərbiyəsi məktəbidir”  (Q.Abdulla və Q.Məmmədova ilə) və s. bu kimi  monoqrafiya və kitablar yazmışdır.

 

Jurnalistlik fəaliyyəti

 

Fərahim Sadıqov müəllimlik fəaliyyətinə başladığı ilk illərdən (bəlkə də bu illərdən daha tez) Masallıda çıxan “Çağırış” qəzetində, bir çox respublika qəzet (“Azərbaycan müəllimi”, “Azərbaycan gəncləri”, “Təhsil problemləri” və s.) və jurnallarında (“Azərbaycan məktəbi”, “Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi əsərləri və s.) təhsilimizin, təlim və tərbiyə prosesinin, o cümlədən estetik tərbiyə, bədii yaradıcılıq qabiliyyətlərinin formalaşdırılması və s. bu kimi problemlərə dair çoxlu məqalələr çap etdirmişdir.

 

Bundan başqa, bir müddət əvvəl “Milli pedaqogika” jurnalının baş redaktoru olmuş, hazırda isə, “Pedaqogika” jurnalının baş redaktorudur. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası bu jurnalı da dissertasiyalarının nəticələrinin çap etdirilməsi ilə bağlı nəzərdə tutulan jurnallar siyahısına daxil etmişdir.

 

“Pedaqogika” jurnalında əsasən pedaqogika, psixologiya, fənlərin tədrisi metodikası, filologiya üzrə məqalələr işıq üzü görür. Jurnalın ildə 4 nömrəsi çıxır.

 

Bədii yaradıcılığı

 

Fərahim müəllim eyni zamanda, qeyd etdiyimiz kimi, müxtəlif məzmunlu ssenariləri, pyesləri və başqa bədii yaradıcılıq nümunələrini işləyib hazırlamış və nəşrinə nail olmuşdur. “Masallı folkloru”nu, bir sıra hekayələri və  5 dram əsərini qeyd edə bilərik.

 

Doktorant və dissertantlara elmi rəhbərlik sahəsində uğurları

 

Fərahim müəllimin elmi rəhbərliyi ilə 30 nəfər elmlər doktoru və fəlsəfə doktoru yetişmişdir. Yetirmələrindən mərhum Oruc Qafar oğlu Həsənli pedaqogika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, Naxçıvan Ali Məclisinin üzvü və Naxçıvan Müəllimlər İnstitutunun rektoru idi.

 

50-yə yaxın iddiaçının dissertasiyasının müdafiəsi zamanı professor F.B. Sadıqov rəsmi opponent kimi çıxış etmiş, onların yetişməsinə öz töhfəsini vermişdir.

 

Professor F.B.Sadıqov eyni zamanda müxtəlif illərdə pedaqoji elmlər üzrə Azərbaycan Respublikasının Təhsil İnstitutunda, Naxçıvan Dövlət Universitetində və Azərbaycan Dövlət Pedaqoji Universitetdə fəaliyyət göstərən dissertasiya şuralarında üzv olmuş, gənc tədqiqatçılara dəstək durmuşdur.

 

Bundan başqa, bir müddət Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında ekspert şurasının üzvi kimi fəaliyyət göstərmişdir.

 

Əsərlərindən parçalar

 

* Azərbaycanda pedaqoji fikrin görkəmli nümayəndələri çoxdur. Onları bir ordu şəklində təsəvvür etsək, onda ən azı Məhəmməd peyğəmbərdən ulu Nizamiyədək, Nizami Gəncəvidən də hazırda fəaliyyət göstərən tanınmış pedaqoji elmlər doktorlarına qədər yüzlərlə şəxsiyyətin adını çəkmək və xidmətlərini qeyd etmək lazım gələr.

* Deviant davranış - sosial neqativ davranış olduğu üçün onun qarşısının alınması (profilaktikası) ilə, deviantlıq problemlərinin aradan qaldırılması ilə pedaqogikanın bir sahəsi olan preverentiv pedaqogika da məşğul olur.

Preverentiv pedaqogika - (latınca praeventus - “qarşısını alan”, “qabaqcadan qoruyan”) - insanın yayınan (deviant və delinkvent) davranışının formalaşması səbəblərini və onun qarşısının alınması, aradan qaldırılması və düzəldilməsi pedaqogikasıdır. Ona görə də “Korreksiya pedaqogikası”nın bir bölməsini həm də “Preverentiv pedaqogika” hesab edirlər.

* Qüsurlu uşaqların reabilitasiyasını onların gələcək uğurlarının yaranmasına səbəb olmaq kimi başa düşmək lazımdır. Tam reabilitasiya keçmiş belə uşaqlar yeniyetməlik dövrlərindəki ciddi məşqlər hesabına onlarda idmana sonsuz məhəbbət yaranır. Bu gün dünyanın inkişaf etmiş ölkələrində belə uşaqlar idman bölmələrində böyük nailiyyətlər qazanırlar. Onlar ölkə, Avropa, dünya və olimpiya çempionları kimi idman tarixinin qızıl səhifələrini yazırlar. Əlillərin futbol, voleybol, sərbəst güləş, Yunan-Roma güləşi, sambo, dzyudo yarışları onlara dünya şöhrəti qazandırır. Tiflopedaqogikanın canlı əfsanəsi İlham Zəkiyevin ölkə, Avropa, dünya və olimpiya çempionu kimi qazandığı titulları buna parlaq misaldır.

* Azərbaycanda vüsət alan elmi pedaqogikanın didaktika (təlim və təhsil nəzəriyyəsi), tərbiyə nəzəriyyəsi, məktəbşünaslıq, ali məktəbdə pedaqoji prosesə xidmət kimi bölmələri bir sıra səriştəli tədqiqatçı pedaqoqlar (Fərahim Sadıqov, Akif Abbasov, Əmrulla Paşayev, Fərrux Rüstəmov, Ağahüseyn Həsənov, Rəfiqə Mustafayeva, Nübar Muxtarova, Sürəyya Əliyeva, Sərdar Quliyev, Hikmət Əlizadə, Fikrət Seyidov, Balaş Abbaszadə, Vidadi Xəlilov, Oqtay Rəcəbov, Mircəfər Həsənov və b.) tərəfindən təkmilləşdirilir.

* Azərbaycanda yaranan milli pedaqogika öz milli və ümumbəşəri dəyərlərə əsaslanan məzmunu və strukturu ilə diqqəti cəlb edir. Milli pedaqogikadakı pedaqoji elm və pedaqoji proses, pedaqoji elmin kateqoriyaları, ziddiyyətləri, qanunauyğunluqları və digər struktur bölmələri milli və bəşəri ideyaları özündə əks etdirmək baxımından diqqəti cəlb edir.

* Son ədəbiyyatlarda pedaqoji elmin başlıca kateqoriyalarından biri olan təhsilin bilik, bacarıq, vərdişlər sistemini əhatə etməsi, müvafiq tədris müəssisələrində müəyyən müddətdə həyata keçirilməsi, təlimlə üzvü surətdə əlaqədə olması, tərbiyə və inkişaf imkanlarını özündə ehtiva etməsi öz əksini tapır.

 

Təltifləri

 

Təhsil və elm sahəsində səmərəli fəaliyyəti nəticəsində Fərahim müəllim  “Akademik Yusif Məmmədəliyev mükafatı”, “Müşfiq mükafatı” laureatı və “Qabaqcıl maarif xadimi” fəxri adına layiq görülmüş, “Musiqi mükafatı” almışdır.

 

O, 1996-cı ildən Amerika Birləşmiş Ştatların Knoksvel ştatının fəxri vətəndaşı; 2001-ci ildə Beynəlxalq Lütfi-Zadə Asossasiyasının Elmi Şurasına  üzv seçilmişdir.

 

Sədaqətli dost, yaxşı yoldaş

 

Fərahim müəllimin tədqiqatlarının bir istiqaməti də etnopedaqogikadır. Xalq yaradıcılıq nümunələrini təhsilin, tərbiyənin və inkişafın mühüm vasitələri kimi nəzərdən keçirir. Ona görə də Fərahim müəllim nə zamandır birisi ilə dostluq, yoldaşlıq edəndə atalarımızın  sözlərini, məsəllərini qulaqlarında sırğa edir: “Dost qazan, düşməni nənəm də doğar”, “Dost dost ilə tən gərək, Tən olmasa gen gərək”,  “Dost min isə azdır, düşmən bir isə çoxdur” və s.

 

Odur ki, o, dostluqda son dərəcə etibarlıdır, dosta, yoldaşa böyük dəyər verir. Nəinki dostları, habelə ehtiyacı olanlar onun üstünə gələndə, qapısını döyəndə onları naümid geri qaytarmayıb. Həmişə dostlara, yoldaşlara dayaq durub. Bu gözəl insanla dostluq edənlər özlərini xoşbəxt, bəxtiyar hesab edirlər.

 

Fərahim müəllim muğamlarımızın mahir bilicisidir. Muğamların hər birinin incəliklərinə bələddir. Onun “Azərbaycan muğamları” monoqrafiyası nəşr olunub. Hazırda həmin monoqrafiyadan   incəsənət təmayüllü universitet və kolleclərdə, orta ixtisas məktəblərində dərslik kimi istifadə olunur. 

 

Fərahim müəllim respublika televiziyasında muğamlarla bağlı bir neçə verilişi aparıb, yaxud verilişə cəlb olunub. Mən onların bir neçəsinə baxmış və heyran qalmışam. Bir verilişdə muğam ustaları, məşhur tarzən də vardı. Fərahim müəllim muğamların yaranması və inkişafı  tarixindən, təşəkkül tapıb formalaşması məsələlərindən, muğamların hissi-emosional, psixoloji təsir xüsusiyyətlərindən elə ustalıqla, elə aydın, məntiqli, elə şirin danışırdı ki, həmin muğam ustaları da mat-məəttəl qalmışdılar. Hətta Fərahim müəllimə suallar verir, nəyi isə öyrənmək istəyirdilər. Onda mən özümdən asılı olmayaraq ucadan səsləndim: “Halal olsun sənə, əziz dost”

 

Professor öz əsərlərində muğamların şagird şəxsiyyətinin, mənəvi zənginliyinin formalaşmasında, əxlaqının saflaşdırılmasında, ünsiyyət mədəniyyətinin təşəkkülündə böyük rol oynadığını diqqət mərkəzinə gətirməklə bu məsələyə fikir verilməsini məqsədəuyğun sayır.

 

“Oğul arxadırsa, qız yaraşıqdır”

 

Fərahim müəllim gözəl ailə başçısıdır. 3 övlad atasıdır. Oğlu Rahim - iqtisad üzrə fəlsəfə doktoru, Təranə - biologiya üzrə fəlsəfə doktorudur. Rasim Milli Təhlükəsizlik mayorudur.

 

Həyat yoldaşı Suriyəxanım Fərahim müəllimin qrup yoldaşıdır, dostu, dayağıdır. Bir yerdə Pedaqoji Universitetdə filologiya fakültəsində təhsil almış, ailə qurmuşlar. Fərahim müəllimlə Suriyə xanımın  kamil tərbiyəsi sahəsində gözəl, cəmiyyətimizə layiq, vətənsevər övladlar yetişmişdir. Təbii ki, bu nümunəvi bir ailənin göstəricisidir.  İndi Fərahim müəllimin neçə-neçə nəvəsi, hətta nəticəsi var. Burada deyirlər ki, tez evlənənlə, yuxudan tez duran uduzmaz.

 

Gözəl dostumuz, pedaqogika elmi sahəsində öz sözünü demiş, pedaqoji ictimaiyyətin hörmətini və nüfuzunu qazanmış pedaqogika elmləri doktoru, professor Fərahim Balakişi oğlu Sadıqov 75 yaşına çatdı. Əslində ona bu yaşı heç vermək olmur.  Fərahim müəllim həyatsevər, çevik, gümrah,  zarafatcıl, söhbətcil, mütaliəni sevən, xoş auralı, şən, nikbin və xoşbəxt bir insandır. Bu, bizi sevindirir! Həmişə onu belə əhvali-ruhiyyədə, sağam və nikbin görmək arzusu ilə ondan ayrılaraq deyirik: Əziz professor, təki bəzi insanlar da səndən ibrət götürə, xeyirxahlığı özlərinə borc bilələr, tolerant olalar! Şəxsiyyətlərarası münasibətləri uğurlu qurmağı bacaralar!

 

75 yaşın mübarək!!!

 

Akif ABBASOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi, pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim

 



24.12.2022 | 14:21