Uğurların davamlı olması kollektivin səyindən asılıdır | |
Hər il olduğu kimi, bu il də Qəbələ rayonu İ.Abdulkərimov adına Nohurqışlaq kənd tam orta məktəbi yeni dərs ilinə sanballı uğurlarla başlayıb. Məktəbimizin 2006-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olaraq istifadəyə verilmiş üçmərtəbəli geniş binasında 2018-2019-cu tədris ilində 550 nəfər şagird təhsil alacaq. Onların təlim-tərbiyəsi ilə 65 müəllim məşğul olacaq. Ötən dərs ilində məktəbin 11-ci sinfini 38 nəfər bitirib, onlardan 28 nəfəri ali məktəblərə ərizə verib, 22 nəfər tələbə adını qazanıb. 22 nəfərdən 4-ü 600-dən yuxarı bal toplayıb. 9 və 11-ci buraxılış sinifləri şagirdlərindən 7 nəfəri fərqlənmə attestatı alıb.
Doqquzuncu sinif şagirdi Məleykə Abuşova fənn olimpiadalarında respublika üzrə coğrafiyadan 3-cü yeri tutaraq bürünc medal və diplom alıb.
Məleykə Abuşova, həmçinin, rayon üzrə “Ədəbiyyat biliciləri” yarışmasında da qalib gəlib, respublika turunda iştirak edərək diplom alıb.
Ötən il Oğuz rayonunun məktəbləri ilə təcrübə mübadiləsi aparmaq üçün seçilmiş tədris ocaqlarından biri də bizim məktəbimiz idi. Biz mayın 4-də Oğuz rayonu Yaqublu kənd tam orta məktəbinin nümayəndələrini məktəbimizə dəvət etdik. Onlar bizim “açıq dərs”lərdə, AXC-nin 100 illiyinə həsr etdiyimiz tədbirdə oldular. Dərslərdə və tədbirdə Qəbələ Rayon Təhsil Şöbəsinin müdiri Arifə Bayramova, məktəbimizin direktoru Yaqub Tahirov, qonaqlar, müəllimlərimiz iştirak etdilər və çox məmnun qaldılar. Mayın 15-də isə bizim məktəbin nümayəndə heyəti Yaqublu kənd tam orta məktəbində oldu, təcrübə mübadiləsi aparıldı. Düşünürük ki, belə qarşılıqlı təcrübə mübadilələri tədrisin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərir.
Ötən dərs ili təhsildə keyfiyyət ili olduğu kimi bu il də əsas məqsəd şagirdlərdə azərbaycançılıq ideyasını aşılamaqdır. Biz işlərimizi məhz bu istiqamətdə quracağıq.
Yeni dərs ilinin ilk günündə 1-4-cü siniflərdə ilk dərs “Vətənim Azərbaycan”, 5-9-cu siniflərdə “Dövlət rəmzləri-müstəqilliyimizin simvolu”, 10-11-ci siniflərdə isə “Azərbaycan Xalq Cümhuriyyəti - dövlətçiliyimizin bayraqdarı” mövzularında oldu və yüksək səviyyədə keçdi.
Qeyd edim ki, ötən il olduğu kimi, 2018-2019-cu tədris ilində də buraxılış sinifləri olan 9-11-ci siniflərdə istedadlı şagirdlərimiz kifayət qədərdir. Onlardan gözləntilərimiz çoxdur. Bunun üçün məktəbimizdə tədbirlər planı hazırlanıb. “Açıq qapı” günü elan etmişik. Çalışacağıq ki, qarşıda qoyulan vəzifələri şərəf və ləyaqətlə yerinə yetirək.
Şəfəq HAQVERDİYEVA, Qəbələ rayonu İ.Abdulkərimov adına Nohurqışlaq kənd tam orta məktəbinin müəllimi |
|
22.09.2018 | 13:54 | |
|
|
|