“İnklüziv təhsil: mahiyyəti və praktik əsasları”

Naxçıvan Müəllimlər İnstitutunun pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimləri üçün “İnklüziv təhsil: mahiyyəti və praktik əsasları”  mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda institutun professor-müəllim heyəti, tələbələri və muxtar respublika ümumtəhsil məktəblərindən 60 nəfər müəllim iştirak edib.

 

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov qeyd edib ki,  xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilalma səviyyəsi getdikcə yüksəlir, onların əksəriyyəti təhsilə cəlb edilir. Rektor vurğulayıb ki, müasir dövrdə təlim metodikasına müvafiq olaraq inklüziv təhsil uşaqlara qarşı hər hansı formada ayrı-seçkilik edilməsinin qarşısını alır, məhdud imkanlara malik uşaqlara mükəmməl şəkildə təhsil almaq, uğur qazanmaq imkanı verir:”Bu zaman həmin uşaqlar öz yoldaşlarının nailiyyətlərini təkrarlamağa çalışır, onlar kimi hərəkət etməyə, danışmağa, fəaliyyət göstərməyə özlərində güc tapırlar. Belə uşaqlar özlərini yararsız hesab etmir, gərəkli olduqlarını hiss edirlər. Bu baxımdan,  xüsusi qayğıya ehtiyacı olan uşaqların daha keyfiyyətli təhsilə yiyələnməsi, cəmiyyətə daha tez adaptasiyası üçün digər yaşıdları ilə bir yerdə olması daha məqsədəuyğundur”.

 

A.Novruzov bildirib ki, bu işdə məsuliyyət daha çox müəllim və valideynlərin, psixoloq və tərbiyəçilərin üzərinə düşür:”Tərbiyəçi müəllim həmişə qrupda sağlam şəraitin, hər bir uşaq üçün tələbatı ödəyəcək adaptiv təlim mühitinin yaradılmasına və xüsusi qayğıya ehtiyacı olan uşağın təlim prosesinə qoşulmasına dəstək olmalıdır”.

 

Sonra kafedranın müəllimi Aynurə Məmmədovanın “ İnklüziv təhsilin mahiyyəti və müasir dövrdə təşkilinə verilən tələblər”, Naxçıvan regional informasiya mərkəzinin direktoru Minurə Musayevanın “Xüsusi təhsil anlayışı, mahiyyəti, Muxtar Respublikada xüsusi təhsil üçün mövcud şərait, imkanlar və əldə olunmuş uğurlar”,  pedaqogika və psixologiya kafedrasının müəllimi, defektoloq, loqoped   Almaz Məmmədovanın “İnklüziv təhsilin metodiki və praktiki imkanları” mövzusunda çıxışları dinlənilib. Diqqətə çatdırılıb ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla təlim-tərbiyə prosesində aparılan işlərdə valideynlərin iştirakı və onların dəstəyinin zəruriliyi həlledici rol oynayır. Bu qarşılıqlı münasibətlərin formalaşmasında valideynlərə və uşaqlara məktəb psixoloqunun da yardım göstərməsi xüsusi əhəmiyyət daşıyır.

 

Məruzəçilər qeyd ediblər ki,  inklüziv təhsil sahəsində çalışan hər bir müəllim, tərbiyəçi xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası, təhsilə cəlb olunması, uşağın və ailənin psixoloji problemlərinin araşdırılması, onların maarifləndirilməsi, uşağın ünsiyyət və nitq bacarıqlarının qiymətləndirilib inkişaf etdirilməsi istiqamətlərində bacarıqlara qadir olmalıdır.

 

Konfransın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 



20.12.2022 | 17:17