Şəhid atası müəllim, Qəhrəman oğlunun həyat hekayəsini danışır | |
Şəhid Vidadi İsrəfilov 1987-ci ildə Daşkəsəndə anadan olub. 2005-2009-cu illərdə Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsində təhsil alıb. Təyinatla doğulduğu Gurbulaq kəndinə müəllim olaraq qayıdıb.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Vidadi İsrəfilov Füzuli, Cəbrayıl və Şuşa şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. 12 noyabr 2020-ci il tarixində Gəncədə Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Şəhid müəllim Vidadi İsrəfilovun atası Vaqif İsrəfilov hazırda Gurbulaq kənd ümumi orta məktəbin direktoru işləyir. Ata oğlu haqqında olan xatirələrini, onun necə nəcib insani keyfiyyətə malik olması barədə danışaraq, suallarımızı belə cavablandırdı.
- Vaqif müəllim, oğlunuz Vidadi İsrəfilov haqqında oxucularımıza nə deyə bilərsiniz? - Oğlum, şəhid İsrəfilov Vidadi uşaqlıqdan qeyri-adi bacarığı ilə seçilirdi. Birinci növbədə heç nədən qorxub çəkinməzdi. Mən onun cəsarətinə heyranlıqla baxardım. Hansı işi tapşırsan uğurla yerinə yetirər və səni sevindirərdi. 2005-ci ildə Gəncə Dövlət Universitetinin riyyaziyyat-informatika fakültəsinə qəbul olmuşdur, hansı ki, orada 25 yer dövlət hesabına idi. O mənə söz verdi ki, “ata, 25 yerdən biri mənim olacaqdır”. Bunun çox çətin olduğunu fikirləşdim. Amma o, buna baxmayaraq, verdiyi sözə əməl etdi. Bizi də çox sevindirdi. Bütün dostlar, qohumlar və müəllim yoldaşlarım, hamı məni təbrik etdi. Oğlumla qürur duydum.
- Siz onu bir müəllim kimi yetişdirdiniz, yoxsa, o özü bu peşəni seçdi? - Orta məktəbdə oxuduğu müddətdə riyaziyyat fənninə çox marağı var idi. Mən də bu sahədə ona dəstək oldum. Nəhayət, o öz sözünü dedi və böyük bir uğura imza atdı. İşlədiyi müddətdə şagirdlərin, müəllim yoldaşlarının, valideynlərin və kənd sakinlərinin böyük hörmətini qazandı. Onun onillik vicdanlı müəllimlik fəaliyyəti heç zaman unudulmayacaq. Dərsdən əlavə hazırlıq qrupları var idi. O, uşaqlarla təmənnasız məşğul olurdu. Bu gün də kənd sakinlərinin gözü Vidadi müəllimi axtarır.
- Müharibədə olanda Vidadi müəllim ilə əlaqə saxlaya bilirdinizmi? - Füzuli və Cəbrayıl istiqamətində olanda bir neçə dəfə evlə əlaqə saxladı, bəzi yerlərin azad olunduğunu bizə bildirdi. Hər dəfə zəng edəndə qızı Xatunu və oğlu Ataxanı soruşurdu. Onlara qarşı diqqətli olmağımızı xahiş edirdi. Çox xeyirxah və diqqətcil insan idi, istər ailəsinə, istərsə də digər insanlara qarşı hər zaman mərhəmətli idi.
- Oğlunuz müəllimlik fəaliyyətini yarımçıq qoyub, müharibəyə yollandı... Necə xatırlayırsınız? - 27 sentyabr 2020-ci ildə müharibə başladı. Həmin gün Vidadi bütün gecəni xəstəxanada 40-a yaxın yaralıya kömək etdi. Evə səhərə yaxın gəldi. Sonra 29 sentyabr 2020-ci ildə səhər saat 6-da könüllü olaraq müharibəyə yollandı. Həyat yoldaşı onun arxasınca ağlayanda, “ağlamaq vaxtı deyil” demişdir. Getməmişdən qabaq gizli bir məktub da yazmışdır. Məktub sonradan əlimizə keçdi. O, bu məktubda uşaqlardan nigaran olduğunu bildirmiş və onları mənə əmanət etmişdir.
- Torpaqlarımızın düşmən tapdağından azad olunduğunu eşidəndə hansı hissləri keçirdiniz? - Torpaqlarımız azad olunduqca cox sevinirdik. Sanki yenidən doğulurduq. Bu hissi yaşamaq özü bir şərəfdir. Oğlumun bir qəhrəman kimi müharibədə iştirakı isə bizə sevinc, qürur hissi yaşadırdı.
- Oğlunuzla son dəfə danışanda o sizə nə söylədi? - Sonuncu zəngi Şuşadan gəldi. Mənim telefonuma zəng etmişdir. “Ata, gözün aydın olsun, Şuşa işğaldan azad olundu, tezliklə Ali Baş Komandan bu haqda xalqa məlumat verəcək” - dedi. Çox az danışdı. Mən də ona ehtiyatlı olmağını xahiş etdim və bu, bizim son danışığımız oldu. Oğlumla həyatım boyu fəxr etmişəm və edirəm də...
- Qarabağa getmək, oğlunuzun döyüşdüyü yerlərə baş çəkmək bir ata kimi sizin müqəddəs arzunuzdur... - Bəli. Bir arzumuz var, oğlum Vidadinin şəhid olduğu o yerə bir dəstə qərənfil qoymaq.
Raminə MƏMMƏDOVA, Gəncə-Daşkəsən RTİ-nin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi
|
|
18.12.2022 | 12:10 | |
|
|
|