Pedaqoji fikir tariximizə dəyərli töhfə | |
Azərbaycanda pedaqoji fikrin çox qədim tarixi vardır. İlk pedaqoji təsəvvürlərin təşəkkülü xalqın qədim adət və ənənələri, mərasim və ayinləri, əyləncə və oyunları ilə bağlı olmuşdur. Xalqın həyat müşahidələrinə və empirik təcrübəsinə əsasən əldə edilən pedaqoji biliklər, ilk növbədə, şifahi xalq yaradıcılığında və bədii ədəbiyyat nümunələrində əks olunmuşdur. Təlim-tərbiyə ilə bağlı Azərbaycan xalqının tarix boyu gündəlik müşahidələrinin, əməli fəaliyyətlərinin nəticəsi kimi qazandığı, folklor nümunələrində, adət-ənənələrdə, etnoqrafik materiallarda, tarixi sənədlərdə, maddi mədəniyyət abidələrində, pedaqoji yönümlü əsərlərdə və akademik pedaqogikada sistemə salınıb inkişaf etdirilən pedaqoji ideyaların hamısı əvvəlcə xalq pedaqogikasında mövcud olmuşdur.
Azərbaycan xalqının mədəni-mənəvi abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanları xalq pedaqogikasının ən dəyərli nümunəsidir. Burada xalqımızın tarixi, dünyagörüşü, mənəvi dünyası, adət-ənənəsi, tərbiyə sistemi öz əksini tapıb. Ruhumuzun qidası, millətimizin yaddaş kitabı hesab olunan bu dastanlar zaman-zaman xarici ölkə tədqiqatçılarının, türk və Azərbaycan araşdırıcılarının tədqiqat predmetinə çevrilmiş, onunla bağlı dəyərli əsərlər meydana gəlmişdir.
Müasir dövrdə böyüyən nəsildə mərdlik və mübarizlik ruhunun aşılanmasında “Kitabi-Dədə Qorqud” dastanları mühüm rol oynayır. Belə ki, xalqımızın minillik tarixinin salnaməsi olan bu dastanların əsas qayəsini oğuzların qəhrəmanlıq ruhu təşkil edir. Azərbaycan xalqının bədii təfəkkürünün ən möhtəşəm abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanları millətimizin tarixini, mədəniyyətini, adət-ənənəsini, qəhrəmanlıq ruhunu, böyüyən nəsillə bağlı təcrübəsini öyrənmək baxımından zəngin mənbədir. Bu qiymətli mənbənin araşdırılmasında, tədqiq və təbliğ olunmasında azərbaycanlı filosoflar, ədəbiyyatşünaslar, tarixçilər, pedaqoq və psixoloqlar diqqətəlayiq araşdırmalar aparmışlar.
Son illərdə pedaqogika üzrə elmlər doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Yusif Qazıyev tərəfindən “Kitabi-Dədə Qorqud” dastanlarının pedaqoji siqlətinin aşkarlanması istiqamətində xeyli uğurlu işlər görülmüş, elmi-pedaqoji və publisistik yazılar nəşr edilmişdir. Onun 312 səhifədən ibarət olan “Kitabi-Dədə Qorqud” abidəsində təlim-tərbiyə məsələləri Azərbaycan milli dövlətçiliyinin, maarif və mədəniyyətinin təməl daşıdır” (2022) adlı monoqrafiyası nəzəri və praktik əhəmiyyəti ilə diqqəti cəlb edir. Əsərdə millətimizin dövlətçilik və maarifçilik mədəniyyəti kompleks şəkildə araşdırılmış, zəngin mənbələr əsasında xeyli fakt və hadisələr tədqiq və təhlil edilmişdir. Çoxşaxəli struktura malik olan əsər ön söz, giriş,14 fəsil, nəticə, ədəbiyyat və əlavələrdən ibarətdir. Həm ön sözdə, həm də girişdə kitabın məqsədi, məramı və problemin tarixşünaslığı haqqında geniş bilgi almaq mümkündür.
Kitabın “Kitabi-Dədə Qorqud” abidəsində Oğuz elinin dini tərbiyəsi” adlı ilk fəslində türklərin ilk dini təsəvvürləri və fəlsəfi dünyagörüşləri izah edilir, Oğuz elində islamın bərqərar olmasından, ilk müsəlmanların adət-ənənələrindən, islamın qəbulunun türk xalqlarının mədəniyyətində yeni istiqamətlərin formalaşdırılmasına təsirindən danışılır.
Kitabın “Kitabi-Dədə Qorqud” abidəsində ailə tərbiyəsi” adlı ikinci fəslində oğuzlarda ailə münasibətlərinin təşəkkülü və inkişafı araşdırılır, ailə üzvlərinin qarşılıqlı münasibətləri və ailə idarəçiliyi öyrənilir, ailə üzvlərinin vəzifələri, ər-arvad, qardaş-bacı və qohumluq münasibətləri şərh edilir. Humanistlik, dostluq, qarşılıqlı hörmət və ehtiram Oğuz ailələrinin təməl prinsipləri kimi şərh edilir.
“Kitabi-Dədə Qorqud” abidəsində əxlaq tərbiyəsi və onun motivləri” adlı üçüncü fəsil Oğuz elinin əxlaqi keyfiyyətlərinə və onun humanist xarakterinə həsr olunub. Burada xalqın adət-ənənəsini mənimsəmək və onu yaşatmaq, ədəb-ərkan və ictimai nəzarət qaydalarına əməl etmək, türk şərəfini qorumaq, ləyaqətli, dostcanlı, inadkar, qətiyyətli, cəsarətli, təvazökar və humanist olmaq, dini rituallara əməl etmək hər bir Oğuz gəncinin müqəddəs vəzifəsi və fəaliyyət istiqaməti kimi təhlil edilir.
Oğuz ellərinin adət-ənənələri, onların ailədə və ictimai həyatdakı yeri kitabın dördüncü fəslində əhatəli şəkildə araşdırılır, oğuzların adqoyma və varislik ənənələri, ailə qurmaq qaydaları (nişan, cehiz, toy, başlıq və s.), yas, and və muştuluq mərasimləri ilə bağlı fikirlər sistemləşdirilir, xeyriyyəçilik fəaliyyətləri tədqiq olunur, valideyn və ağsaqqal məsləhətləri tərbiyə metodları kimi araşdırılır.
Kitabın irihəcmli hissəsindən biri də “Kitabi-Dədə Qorqud” abidəsində dövlətçilik və vətənpərvərlik tərbiyəsi” adlı beşinci fəsildir. Burada oğuz dövlətçiliyinin mənşəyi, əsas atributları (dil, bayraq və s.), etnik özünüdərketmə, dövlətçiliyin parçalanma təhlükəsinin obyektiv və subyektiv səbəbləri araşdırılır, vətənpərvərlik tərbiyəsinin meyarları, prinsip və metodları ümumiləşdirilir.
Qədim türklərdə böyüyən nəslin fiziki sağlamlığına, onlarda fiziki keyfiyyətlərin formalaşdırılmasına mühüm əhəmiyyət verilirdi. Böyüyən nəslin vətənpərvərlik və hərbi-vətənpərvərlik tərbiyəsi onların fiziki sağlamlığı və fiziki keyfiyyətləri ilə sıx bağlıdır. Onlar arasındakı üzvi əlaqə, daxili bağlılıq və vəhdət kitabın altıncı fəslində geniş təhlil və tədqiq edilmişdir. ““Kitabi-Dədə Qorqud” abidəsində hərbi-vətənpərvərlik tərbiyəsi” adlı həmin fəsildə oğuzların sağlam yaşamaq qaydaları araşdırılmış, vətənpərvərlik və hərbi-vətənpərvərlik tərbiyəsinə verdikləri önəmin əhəmiyyəti aydınlaşdırılmış, hərbi-vətənpərvərlik tərbiyəsinin məzmunu, təşkili formaları, prinsip və metodları dastanın materialları əsasında şərh edilmişdir.
Kitabın yeddinci fəslində böyüyən nəslin fiziki tərbiyəsinin, səkkizinci fəsildə ekoloji tərbiyəsinin, doqquzuncu fəsildə əmək tərbiyəsinin, onuncu fəsildə estetik tərbiyəsinin (bədii tərbiyəsinin) məzmunu, təşkili formaları və üsulları ilə bağlı oğuz türklərinin fikirləri tədqiq və təhlil edilir.
Kitabın ““Kitabi-Dədə Qorqud” abidəsində xalqlar dostluğu, Oğuz-Alban-Gürcü münasibətləri” adlanan son fəslində oğuz-gürcü münasibətləri iqtisadi-siyasi münasibətlər müstəvisində araşdırılır, oğuz-alban münasibətlərinin genişlənməsindən və vahid bir millətə çevrilməsindən danışılır.
Kitabın son fəsillərində oğuzların müdrik söz və ifadələri, atalar sözləri, zərbi məsəlləri, alqışları, qarğışları, arxaik söz və ifadələrin izahlı lüğəti verilmişdir.
Pedaqogika üzrə elmlər doktoru, Əməkdar müəllimi Yusif Qazıyevin məqsədi, məzmunu, şərh üslubu, ümumiləşdirmə səviyyəsi ilə seçilən ““Kitabi-Dədə Qorqud” abidəsində təlim-tərbiyə məsələləri Azərbaycan milli dövlətçiliyinin, maarif və mədəniyyətinin təməl daşıdır” (2022) adlı monoqrafiyasını Azərbaycan pedaqoji fikir tarixinə dəyərli töhfə hesab edir, müəllifə yaradıcılıq uğurları arzulayıram.
Fərrux RÜSTƏMOV, ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi
|
|
16.12.2022 | 17:05 | |
|
|
|