Professor Vidadi Xəlilov dünyası

Ön söz əvəzi

 

Kiçik yaşlarında  bir də görürsən ki,  uşaqdan soruşurlar:

- Atanı, ananı nə qədər çox istəyirsən?

 

O da qollarını yanlara geniş açaraq, sevinclə:

- Bax, bu boyda!!! - deyir.

 

Valideyn də öz növbəsində:

- Mən də səni dünyalar qədər istəyirəm.

 

Hərənin öz dünyası var. Kimisinin kiçik, kimisinin böyük, kimisinin daha böyük. Bu mənada Vidadi Xəlilov dünyası da önəmlidir,  geniş idi, geniş olaraq qalır. Fəqət arzuları bu gen dünyaya sığmayıb. Uğur qazanmaq, mənalı yaşamaq, yazıb-yaratmaq üçün.  Xeyirxahlıq göstərmək,  kömək, yardım əlini uzatmaq üçün.

 

Bu yolda gecəsini gündüzünə qatıb, yuxusuz gecələr, narahat gündüzlər keçirib. Rahatlığını itirsə də, əziyyət çəksə də, xoşməramlı əməllərindən qalmayıb, uğurları da bol olub. Bu onu yaşadıb, qanadlandırıb, sevindirib, fərəhləndirib. Günləri, həftələri, ayları, illəri, on illəri yola salıb gəlib çatıb səksən yaşına!

 

İllərə nə var ki, illər tələsmir

 

Vidadi Xəlilov 1942-ci il dekabrın 25-də Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olub. Uşaqlıqda,  orta məktəb və tələbəlik illərində adama elə gəlir ki, günlər keçmək bilmir. Müəyyən vaxt ötdükdən, yaşa dolduqdan sonra isə, görürsən ki, illər sanki tələsir, vaxt çatdıra bilmirsən, bu günün işini sabaha qoyursan. Atalar isə deyib: “Bu günün işini sabaha qoyma!” Necə qoymayasan? Çatdırmaq olmur axı.

 

Başqa uşaqlar kimi, Vidadi də balaca olanda məktəbə getməyə tələsirdi. Bəziləri tələssə də, məktəbə getdikdən bir müddət sonra həvəsləri sönür. Bunun müxtəlif səbəbləri var. Vidadi isə, həvəslə, dərin maraqla ümumi təhsilinə davam edir, amma bu qənaətdə idi ki, yenə tələsir. 1959-cu ildə orta təhsili başa vurub ali məktəbə getmək üçün tələsirdi.

 

Nəhayət, ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna qəbul olundu. Yaxşı müəllim olmaq üçün cani-dildən çalışır, mühazirə və seminar məşğələlərinə hazırlaşır, imtahanlardan yaxşı və əla qiymətlər almağa səy göstərirdi. Yenə tələsirdi. İllər isə, tələsmək bilmirdi. Bu dəfə müəllim olmaq, əlinə jurnal alıb sinif otağına girmək üçün tələsirdi. Səbri çatmadı. Ali təhsil ala-ala Bakı şəhərinin 7 və 132 nömrəli məktəblərində bədii rəhbər və musiqi müəllimi vəzifəsində işləməyə başladı (1963). 

 

1964-cü il. Vidadi ali təhsilini də başa vurmuşdu. Müəllimlik peşəsi, ixtisası ilə yanaşı onda elmi işə maraq oyanmışdı. Arzularının qanadında o zamankı Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutuna (hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutu) gəldi, sənədlərini aspiranturaya (hazırda doktorantura) verdi və aspirantların cərgəsinə qoşuldu. 1971-ci ildə aspirantura təhsilini uğurla tamamladı. Artıq dissertasiyasını yazıb tamamlamışdı.

 

Mən 1975-ci ildə müsabiqə yolu ilə bu institutda Tərbiyənin ümumi problemləri şöbəsində kiçik elmi işçi kimi fəaliyyətə başlayanda Vidadi Xəlilovla tanış oldum. O, artıq dissertasiya müdafiə edib, pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdı.

 

Xoş simalı insan

 

Vidadi müəllimi həmişə şən, xoş simalı, nikbin ovqatlı, gülərüzlü,  səmimi... görmüşəm. Öz sözü, öz fikri olan insan və alim idi, indi də belədir. Auditoriyada, televiziyada çıxış edəndə də, insanlarla qarşılıqlı münasibətlərdə də  sifətində xoş təbəssüm olur. Bu, onu insanlara sevdirir, onunla səmimi, açıq söhbət etməyə ruhlandırır. Vidadi müəllim xeyirxah adamdır,  insanlara yaxşılıq etməkdən, onlara kömək əlini uzatmaqdan hədsiz zövq alır. Ali təhsil müəssisələrində dərs dediyi tələblərlə, elmi rəhbəri olduğu doktorant və dissertantlara münasibətdə səmimidir, onlara hörmət və nəzakətlə yanaşır, nüfuzlarını gözləyir, qayğıları ilə maraqlanır. Şəxsiyyətlərarası münasibətlərdə, həmkarları ilə ünsiyyətdə tolerant olmağa çalışır.  İntolerantlığı xoşlamır.

 

Vidadi müəllimin tədqiqatları əsasən ümumtəhsil məktəbi şagirdlərinin estetik tərbiyəsi problemləri ilə bağlıdır. Onun doktorant və dissertantlarının əksəriyyəti də böyüməkdə olan nəslin estetik tərbiyəsi məsələləri üzrə tədqiqatlar aparmışlar. Bir estetik kimi Vidadi müəllim oturuşuna-duruşuna, geyiminə xüsusi diqqət yetirir. Geyim estetikasının tələblərinə ciddi əməl edir, bir çoxları da ondan nümunə götürür.

 

Elm yollarında inamlı addımlar

 

Vidadi Xəlilovun namizədlik dissertasiyası   “İbtidai siniflərdə Azərbaycan xalq yaradıcılıq nümunələrinin öyrədilməsi estetik tərbiyə vasitəsi kimi” mövzusunda idi. 1975-ci ildə  professor Bayram Hüseynlinin elmi rəhbərliyi ilə müdafiə etmişdi.  Məktəbəqədər  və ibtidai təhsil şöbəsində elmi işçi, aparıcı elmi işçi vəzifələrində işlədi. Estetik tərbiyə şöbəsinin, sonralar isə, əvvəlcə  İbtidai təhsil şöbəsinin,  bir müddət keçmiş Məktəbəqədər  və ibtidai təhsil şöbəsinin müdiri oldu. Hazırda o,  institutun böyük elmi məsləhətçisidir.

 

Professor 23 il Estetik tərbiyə şöbəsinə rəhbərlik etmişdir. Fəaliyyəti   dövründə müdiri olduğu şöbə keçmiş SSRİ Pedaqoji Elmlər Akademiyası və onun sahə institutları, həmçinin Ukrayna, Belarus, Latviya, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Gürcüstan, Moldova və digər respublikaların Elmi-Tədqiqat Pedaqoji Elmlər institutları ilə  əlaqələr qurdu.  Bunlar şöbənin səmərəli fəaliyyətinə müstəsna dərəcədə böyük   təsir  göstərmişdi.    

 

V.C.Xəlilov doktorluq dissertasiyasını 1994-cü ildə müdafiə etdi. Dissertasiya “Azərbaycan ümumtəhsil məktəblərində estetik tərbiyənin nəzəriyyəsi və təcrübəsi” adlanırdı. Xüsusən həmin zamanlarda (təxminən 30 il əvvəl) dissertasiyanın mövzusu son dərəcə aktual, işlənmə səviyyəsi yüksək idi.

 

Dissertasiyada estetik tərbiyənin sosial funksiyasının artması və müasir ümumtəhsil məktəblərində nəzərə alınması məsələləri; Azərbaycan mütəfəkkirlərinin estetik sərvətlər, estetik mədəniyyət haqqında fikirləri şagirdlərin estetik tərbiyəsinin vasitəsi kimi; estetik tərbiyənin mahiyyəti, vəzifələri, prinsipləri, vasitə və yolları; təlim prosesində, sinifdənxaric, məktəbdənkənar tədbirlərdə şagirdlərin estetik tərbiyəsinin formaları, yolları, estetik tərbiyənin  səmərəliliyini artıran başlıca tələblər; mühit, şərait və geyim mədəniyyəti vasitəsilə şagirdlərin estetik zövqünün formalaşdırılması imkanları və yolları və s. bu kimi məsələlər diqqət mərkəzinə gətirilirdi.

 

Dissertasiyanın müdafiəsi müvəffəqiyyətlə keçdi, tanınmış sahə mütəxəssisi tərəfindən yüksək qiymətləndirildi və tezliklə təsdiq olundu. Bir müddət sonra, 1997-ci ildə səmərəli elmi fəaliyyəti nəzərə alınaraq ona professor elmi adı da verildi.   

 

Vidadi Xəlilov  eyni zamanda Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvüdür.

 

Elmi rəhbərlik

 

Professor Vidadi Xəlilov elmi kadrların hazırlanmasında mühüm rol oynamışdır və oynamaqdadır. Onun elmi rəhbərliyi ilə 16 nəfər elmlər namizədi (fəlsəfə doktoru) yetişmişdir.  Eyni zamanda fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsi ilə bağlı 25 nəfər iddiaçıya rəsmi opponentlik etmişdir.

Yetirmələrindən Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov hazırda Azərbaycan Musiqi Konservatoriyasının nəzdindəki Musiqi Kollecinin direktorudur. Səmərəli fəaliyyəti, diqqəti çəkən uğurları ilə tanınır.

 

Monoqrafiya, dərslik, kitab, məqalə və tədris proqramlarının müəllifi

 

Vidadi Xəlilov bir sıra monoqrafiyalar qələmə almışdır. Həmin monoqrafiyalar, kitablar, elmi məqalələri professorun “Nərgiz” nəşriyyatında nəşr olunmuş 10 cildlik “Seçilmiş əsərləri”ndə özünə yer almışdır. Onlardan  “Ümumtəhsil məktəblərində estetik tərbiyənin inkişaf yolları”,  “Muğamların tədrisinə dair metodik tövsiyələr”, “Ustanın pedaqoji mədəniyyəti, “Müəllimin estetik mədəniyyətinin yüksəldilməsi istiqamətləri”, “Tələbələrin fəallıq mədəniyyəti”, “Məktəbli mədəniyyəti”, “Televizor və uşaqlar”, “Məktəblinin etik-estetik aləmi” və s. nümunə göstərmək mümkündür.

 

Professor V.C.Xəlilov pedaqogikanın müxtəlif məsələlərinə, estetikaya, estetik tərbiyə və təsviri incəsənət məsələlərinə həsr olunmuş 50-yə yaxın monoqrafiya, dərslik, kitab və tədris proqramlarının, 200-dən artıq elmi məqalənin müəllifidir. Məqalələri məktəblilərin estetik mədəniyyətinin inkişafı; musiqi təhsilinin, musiqi ifaçılığının və musiqi mədəniyyətinin inkişafı; ifaçılıq mədəniyyəti; ədəbiyyat və təsviri incəsənət vasitəsi ilə estetik tərbiyə imkanları və s. bu kimi məsələlərə həsr edilmişdir.

 

Vidadi müəllim uzun illər V-VI siniflər üçün “Musiqi”, II-IV siniflər üçün “Təsviri incəsənət” dərsliklərinin müəllifi, həmmüəllifi olmuşdur. O,  eyni zamanda  İlyas Əfəndiyev adına Elitar gimnaziya üçün “Estetika”,“Etika və etiket” tədris proqramlarının müəllifidir.

 

Ümumpedaqoji problemlərə aid bir sıra məqalələri vardır. “Dərs müəllimin şah əsəridir”, “Əxlaq tərbiyəsinin problemləri”, “Televizor və uşaqlar”, “İstedadlı şagirdlərlə işin sistemi”, “Ziyalılıq mənbəyi - mütaliə, - əgər o da yoxdursa”, “Mənəviyyat olmasa, mədəniyyət də olmaz”, “Uşaq evdə tək qalanda”, “Elm-təhsil məbədinin şərəfli yolu” və s. məqalələrini qeyd etmək yerinə düşər.

 

Professor Vidadi Xəlilovun tədqiqatları sırasında pedaqoji texnologiyaları problemi özünəməxsus yer tutur.

 

Görkəmli alimlərin və bəstəkarların həyatına və fəaliyyətinə aid monoqrafiyalar

 

Professor V.C.Xəlilovun yaradıcılığının bir istiqaməti də  elm və incəsənət xadimlərinə həsr etdiyi monoqrafiyalardan ibarətdir. Həmin  monoqrafiyalar bunlardır: “Akademik Mehdi Mehdizadə”, “Bəstəkar Süleyman Ələsgərov”, “Bəstəkar Qənbər Hüseynli (B.Hüseynli ilə), “Bəstəkar Oqtay Zülfüqarov”,  “Sadiqlik nümunəsi” (professor Nazim Kazımov haqqında), “Şirin səsin sədası” (Əməkdar artist Təhmiraz Şirinov haqqında), “Ustad məhəbbəti, ustad sənəti” (Xalq artisti Səkinə İsmayılova haqqında), “Dolanaram başına”nın heyrət aləmi” (musiqi xadimi  Qulu Əsgərov haqqında). 

 

Vidadi Xəlilov tərəfindən qələmə alınmış və ekran həyatı yaşamış  bəzi sənədli filmlərin ssenariləri Azərbaycan Televiziyasının qızıl fondunda saxlanılır. Həmin filmlər bunlardır: “Əsrə bərabər ömür” (akademik Mehdi Mehdizadəyə həsr edilmişdir), “Bəstəkar Süleyman Ələsgərov (Ə.Kamaloğlunun həmmüəllifliyi ilə).

 

Bayramlara və tarixi günlərə həsr olunan ədəbi-bədii kompozisiyaların ssenariləri

 

Professorun yaradıcılıq istiqamətləri çoxcəhətlidir. Bayramlara və tarixi günlərə aid ədəbi-bədii kompozisiyaların ssenarilərini hazırlamaqdan xoşlanar, vaxtilə çalışdığı ali təhsil müəssisəsində (Bakı Qızlar Universitetində) bədii rəhbər kimi onları canlandırardı. Həmin ssenarilərlə tanış olaq:   “Elimizə bahar gəlir, Novruz gəlir, yaz gəlir”, “Həyata anadır, dünyaya bəzək”, Ömrü bahar müəllimim”, “Müstəqilliyimiz əbədidir”,  “Oxu, tar”, “Xocalı harayı, Xocalı fəryadı” və s.

 

Elm-sənət adamlarının, gənc şairlərin yaradıcılığına həsr olunan ədəbi-bədii kompozisiyalar

 

Professor bu seriyadan da bir sıra ədəbi-bədii kompozisiyalar hazırlamışdır. “Akademik Teymur Bünyadovun “Əsrlərdən gələn səslər” əsəri əsasında hazırlanan “Əsrlərdən gələn səslər əsrlərə səda verər”; “Anarın sənət dünyası” və s.

 

Mənəvi-estetik tərbiyə problemlərinə aid kitablara yazdığı rəylər

 

Vidadi müəllim mühüm əhəmiyyət kəsb edən bir sıra monoqrafiyaya, kitab və kitabçaya, metodik vəsaitə və tədris proqramına rəy vermişdir. Yaradıcılığının bir istiqaməti də  budur.  “Bu səpgidə “Nağıllar yalan olmur,  “Əkil-bəkilin nağıllı dünyası”, “Ramil dastanı”,  “Professor Zahid Qaralovun “Tərbiyə” trilogiyası milli tərbiyə sisteminin formalaşmasında mənbədir”, “Anam birdir, Vətən tək...”, “Başı çalmalı dağlar”  və s. resenziyalarını nümunə gətirmək mümkündür.

 

Təltifləri

 

Professorun səmərəli fəaliyyəti dövlət, Elm və Təhsil Nazirliyi və institut tərəfindən yüksək qiymətləndirilmişdir. O,  III dərəcəli “Əmək” ordeninə, nazirliyin  “Qabaqcıl maarif xadimi” döş nişanına, Fəxri fərmanlarına layiq görülmüşdür. Respublikanın “Əməkdar müəllim”i fəxri adını şərəflə daşıyır. SSRİ maarif əlaçısı, akademik Mehdi Mehdizadə mükafatı laureatı, respublika Lenin Komsomolu Mükafatı laureatıdır.

 

Əsərlərindən seçmələr

 

* Prosesin  texnologiyasının şərti təsviri texnoloji sxem adlanır. Texnoloji sxemdə prosesin ayrı-ayrı elementləri ayırd edilir, onların arasındakı məntiqi əlaqə  işarə olunur. Texnoloji xəritə də tərtib olunur: sxemdən fərqli olaraq xəritədə proses əməliyyatları  mərhələlər üzrə  ardıcıllığı ilə  çox vaxt qrafık formada təsvir olunur və bu zaman zəruri vasitələrdən necə istifadə olunacağı göstərilir... Bütün bunlar “pedaqoji texnologiya” anlayışını mahiyyət dolğunluğu ilə mənimsəmək baxımından mühüm əhəmiyyətə malikdir.

* Müəllimlər çalışmalıdır ki,  musiqi məşğələlərində uşaq heç bir səs gərginliyi hiss etmədən, qışqırmadan oxumağı bacarsın. Mahnı oxuma zamanı uşağa musiqi cümləsini, habelə ayrı-ayrı bəndlərin sonunadək nəfəsdən qənaətlə istifadə etmək bacarığı da aşılanmalıdır.

* Şagirdlərin milli və bəşəri dəyərlər əsasında tərbiyə olunmasında, tariximizin, mədəniyyətimizin, adət-ənənələrimizin daha ətraflı öyrənilməsində, onların maraq və meyillərinin uyğun qabiliyyətlərinin inkişaf etdirilməsində sinifdənxaric işlərin rolu,  təsir imkanları çox böyükdür.

 

Ailənin fəxri

 

Vidadi müəllim həyat yoldaşı Əminə xanımla dörd gözəl övlad böyüdüb. Üçü qız, biri oğlan. Qızı Gülnarə Xəlilova hamısından zirək çıxıb. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Respublikamızda və bəzi xarici ölkələrdə onu yaxşı tanıyırlar. O,  Gülnarə Xəlilova Moda Evinin və respublika Milli Geyim Mərkəzinin rəhbəri kimi milli geyim ənənələrinin  əsas mahiyyətini, dəyərli cəhətlərini sənətsevərlərə çatdırır.

 

Son söz əvəzinə

 

Pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim Vidadi Cəmil oğlu Xəlilovun bu il dekabrın 25-də anadan olmasının 80 illiyi tamam olur. Lakin o özü buna heç də sevinmir.  Qüssəlidir. Həmişə gülümsər olan sifətinin rəngi heç açılmaq bilmir. Bu,  səbəbsiz deyildir. 80 illiyinə hazırlaşırdı. Lakin necə deyiblər: “Sən saydığını say, gör əcəl nə sayır”.

 

Bu il amansız əcəl oğlu Vüqarı onun, ailəsinin, əzizlərinin əlindən vaxtsız aldı. Vidadi necə sevinsin 80 yaşına?

 

Ataların belə məsəli  də var: “Xeyirlə şər bağrıbadaşdır”. Həm də dost dosta arxa gərək, dəstək  gərək! Razılığını aldım ki, onun haqqında bir məqalə yazım və ürək sözlərimi, olanları-keçənləri qələmə aldım.

 

Əziz dostumuzun, pedaqogika elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi, akademik Mehdi Mehdizadə mükafatı laureatı Vidadi Cəmil oğlu Xəlilovun 80 yaşı mübarək olsun!!!

 

Akif ABBASOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi, pedaqogika elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi

 

 

 



16.12.2022 | 14:44