“Müasir mərhələdə müəllim hazırlığının aktual məsələləri”

Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Respublikası Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə “Müasir mərhələdə müəllim hazırlığının aktual məsələləri: Uğurlar və çağırışlar” mövzusunda əyani və videobağlantı formatında beynəlxalq elmi konfrans keçirilib.

 

Konfransın keçirilməsində əsas məqsəd pedaqoji kadr hazırlığı sahəsində yerli və xarici ölkələrdə fəaliyyət göstərən tədqiqatçıların əldə etdikləri təcrübələri paylaşmaq, müəllim hazırlığı sahəsində son yeniliklərdən xəbərdar olmaq, bu sahədə aparılan işləri günün tələbləri səviyyəsində təkmilləşdirməkdir.

 

Konfransın açılışında Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Rusiya Cənub Universitetinin rektoru İmran Əkbərov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, bu gün müəllim hazırlığının qarşısında duran ən mühüm məsələlərdən biri onların həm intellektual, həm də emosional intellektlərinin formalaşdırılması, müasir müəllimin yeni çağırışlara cavab verəcək səriştələrə yiyələnməsinin təmin olunmasıdır.

 

Plenar müzakirələrdə Naxçıvan Müəllimlər İnstitutunun professoru İsmayıl Əliyev, dosent Çapay Quliyev əyani formatda, Makedoniya Beynəlxalq Balkan Universitetinin professoru Ana Kechan və Rusiya Cənub Universitetinin professoru Boris Martınov onlayn formatda məruzələrlə çıxış ediblər. Məruzəçilər müəllim hazırlığının müxtəlif aspektlərinə toxunaraq bu sahədə aparılan tədqiqatların əhəmiyyətini və gələcək perspektivlərini şərh ediblər.

 

Qeyd edək ki, konfransa müxtəlif ölkələrdən olmaqla, ümumilikdə 200-dən artıq məqalə və tezis daxil olub.

 

Konfrans 2 gün müddətində 18 bölmədə öz işini davam etdirəcək.

 



16.12.2022 | 16:12