“Biz birlikdə güclüyük”

Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi”ndə bəyənilən və icrasına vəsait ayrılan layihələrdən biri də  fərdi kateqoriya üzrə “Biz birlikdə güclüyük” layihəsidir. Layihənin müəllifi Qazax şəhər 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi  Tahirə Xasməmmədovadır. Yeri gəlmişkən qeyd edək ki, T.Xasməmmədova  2017-ci ildə keçirilən I qrant müsabiqəsinin də qalibi olub. Həmin  layihə ingilis dilinin tədrisinə həsr edilmişdi. İngilis dilinin qrammatikasına dair metodik vəsaitin, onlarla elmi məqalənin müəllifi olan T.Xasməmmədova  2013-cü ildə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub, ölkə Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

 

Müəllimin yeni - “Biz birlikdə güclüyük” layihəsi sağlamlıq imkanları məhdud olan şagirdlərə həsr edilib. Nəzərə alsaq ki, Qazax rayonu ölkəmizə və xalqımıza düşmən kəsilən Ermənistanla həmsərhəddir, bu, işin mahiyyətini bir qədər də artırır. Çünkı erməni təcavüzünə məruz qalmış sağlamlıq məhdudiyyəti olan sagirdlərə qayğı daha önəmlidir.

 

Layhənin məqsədi sağlamlıq imkanları məhdud  uşaqların cəmiyyətə inteqrasiyasına kömək göstərməkdir.

 

Layihənin icrası üçün nəzərdə tutulmuş vaxt ərzində rayonda yaşayan sağlamlıq imkanları məhdud uşaqların qısmən də olsa  cəmiyyətə inteqrasiyasını təmin etmək üçün müəyyən addımlar atılıb, sağlamlıq imkanları məhdud uşaqlara  normal insanlar kimi XXI əsrin xüsusiyyətləri və tələb olunan səriştələri aşılamaq, bilik və bacarıqlara yiyələnmələri zərurətini dərk etdirmək, peşə seçimlərinə uyğun dil bacarıqlarını formalaşdırmaq, müasir innovasiyalardan məqsədli və səmərəli istifadəni çevik mənimsətmək istiqamətində sistemli tədbirlər həyata  keçirilib.

 

Layihənin sonuna doğru normal uşaqların öz yaşıdları olan sağlamlıq imkanları məhdud uşaqlarla ünsiyyətini təmin etmək, onların birlikdə dil bacarıqlarını inkişaf etdirmək yönündə də işlər görülüb. Layihənin icrası zamanı ilkin olaraq Qazax Rayon Təhsil Şöbəsi ilə əməkdaşlıq edilib, şöbədən fiziki cəhətdən qüsurlu uşaqların siyahısı alınıb və kateqoriyaları müəyyənləşdirilib.

 

Layihə çərçivəsində Qazax rayonunda fəaliyyət göstərən psixoloqlar, xarici şirkətlər, sənaye müəssisələri ilə  əlaqə saxlanıb və şagirdlərin ora səfərləri təşkil olunub. Sağlamlıq imkanları məhdud uşaqlar üçün bu şirkətlər tərəfindən xeyriyyəçilik  işlərinin görülməsi istiqamətində lobbiçilik təmin edilib.

 

Layihə çərçivəsində Qazax rayonunda yerləşən bütün məktəblərə səfərlər edilib, fərdi təhsilə cəlb olunmuş şagirdlərlə görüşlər təşkil olunub. Layihə üzvləri onlarla əvvəlcədən keçirilən təlim əsasında düzgün ünsiyyət qura biliblər.

 

Belə səfərlərin birindən söz açan T.Xasməmmədova deyir: “Akkord” sement zavoduna səfərimiz xüsusilə maraqlı oldu. Uşaqlar orada  olan iş rejimi, çınqılın necə sementə çevrilməsini əyani olaraq gördülər. Onların üzlərinə qonan sevinci görmək  necə də xoş idi. Çünki biz son olaraq məhz buna nail olmaq istəyirdik. Bu layihəyə qoşulan Qazax rayonunda qonaq olmuş Amerika vətəndaşı Flip de Hoks da  uşaqlarla bərabər bu sevinci yaşadı. Sonda uşaqlar  Qazax rayonunda ilk dəfə olaraq fləşmob nümayiş etdirdilər. Bu tədbir layihə üzvlərinin - sağlamlıq məhdudiyyəti olan uşaqlar və buna şahid olan vətəndaşların uzun müddət yaddaşlarında yaşayacaq. Onlar üçün topladığımız  vəsaiti və onlara həsr etdiyim  “İmkanlar sərhəd tanımır” adlı kitabı bu günlərdə təqdim edəcəyik”.



21.09.2018 | 18:21