TKTA tərəfindən növbəti beynəlxalq forum keçirilib | |
15 dekabr tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə “Xarici kvalifikasiyalar, qeyri-formal və informal təhsilin tanınması” mövzusunda beynəlxalq forum təşkil olunub.
Agentliyin İdarə Heyətinin sədri Ülkər Səttarova açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb və əlaqəli sahədə bu günə kimi görülmüş işlər barədə məlumatı auditoriyanın diqqətinə çatdırıb.
Proqram daha sonra elm və təhsil nazirinin müavini İdris İsayevin çıxışı ilə davam edib. Nazir müavini istər xarici ali təhsil, istər qeyri-formal və informal təhsil sahəsində mövcud çətinliklərə toxunub, müasir dövrün tələbinə uyğun yeni çağırışlar və onların həlli istiqamətində diqqət yetirilməli məqamları vurğulayıb.
Ardınca müvafiq olaraq Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Almaniya və Fransadan olan spikerlər növbə ilə çıxış edərək əlaqəli mövzuda təmsil etdikləri ölkələrin təcrübələrini paylaşıblar.
Tədbirin ikinci hissəsi, əsasən, mövzu ətrafında geniş panel müzakirəsinin təşkilindən ibarət olub. Qeyd edək ki, sözügedən forum kvalifikasiyaların tanınması sahəsində keyfiyyətli mühitin formalaşdırılmasına öz töhfəsini verəcək, habelə ölkəmizdə qeyri-formal və informal təhsilin tanınması ilə bağlı Azərbaycan təcrübəsini geniş auditoriyaya çatdıracaq.
|
|
15.12.2022 | 17:49 | |
|
|
|