Elvin Abdullayev: “Muğamımızı bütün dünya tamaşaçılarına sevdirmək ən böyük arzumdur” | |
Hər bir musiqi janrında ifaçılıq sənətinə yiyələnmək arzusunda olanlardan ilk növbədə fitri istedada sahib olmaq tələb olunur. Kompassız gəminin fırtınalı dənizdə üzə bimədiyi qədər çətin və mürəkkəb, eyni zamanda məsuliyyətli bir sahədir musiqi. Musiqi janrlarının şahı sayılan muğam ifaçılığı isə səsdən və zövqdən öncə ifaçıdan ilahi hisslərlə cilalanmağı bacarmağı tələb edir. Bu, olduqca mühüm bir amildir. Xoşbəxtlikdən uşaq və yeniyetmələrimiz erkən yaşlarından musiqinin bütün janrlarına, eləcə də muğam ifaçılığı sənətinə meyil göstərirlər. Belə yeniyetmələrdən biri ilə bu gün tanış olacağıq, musiqi sahəsində qazandığı uğurlar barədə öz dilindən eşidəcəyik.
“Mənə mane olmayın”
Elvin Abdullayev 2006-cı ildə Bakıda anadan olub. Anası uşaqlıqdan onun istedad sahibi olacağını və balaca Elvinin ürəyincə olan bir musiqi parçası eşidən kimi qəribə hisslər keçirdiyini duyub. Həmin anlarda o, heç kimin çağırışına cavab vermirmiş və totuq əlləri ilə “mənə mane olmayın” işarəsini verirmiş. İlahi varlıq olan ana ürəyi həmişə olduğu kimi bu dəfə də yanılmayıb. Valideyinləri 5 yaşında olarkən onda olan ritm suluğunu kəşf ediblər. Sevincək halda olan atası həyat yoldaşının məsləhəti ilə Elvinə kiçik nağara da alıb və o, bir ilə yaxın müddətdə nağaranı öz ruhuna uyğun tərzdə dınqıldatmaqla məşğul olub.
“Gələcəkdə böyük xanəndə olacaqsan”
Nəhayət, günlərin bir günü anası ilə musiqi məktəblərindən birinə üz tutan Elvinin ritm və suluğunu yoxlayarkən ona, “istedadlı oğlansan”, deyiblər. Bir mahnı ifası səsləndirməyi təklif edərkən isə balaca Elvin sözlərini yaxşı əzbərlədiyi “Ay dili-dili” mahnısını ifa edib. Musiqi müəllimləri onun səsinin, musiqi duyumunun qənaətbəxş olduğunu müəyyən etdikdən sonra, “sən gələcəkdə böyük xanəndə olacaqsan” ifadəsini işlədiblər. Elvin sevincək halda anasına sarılıb, əlbəttə, “olacaqsan”, deyərək anası ona qol-qanad verib. Bəli, Elvini Respublika İncəsənət Gimnaziyasına aparan bu işıqlı yollar onu sonradan musiqi sahəsində imza atacağı çoxlu uğurlara bax, beləcə qovuşdurub.
“Sən müsabiqəyə qatılacaqsan”
Bu təhsil ocağında oxumağa başladığı gündən Elvinin həyatında dəyişikliklər baş verib və bar verən bir budaq kimi o, saatbasaat inkişaf edib. Bütün bu uğurlarına görə o, sevimli musiqi müəllimi Akademik Opera və Balet Teatrının solisti Aytən Məhərrəmovaya borclu olduğunu israrla ifadə edir. Onunla söhbətimiz də olduqca maraqlı keçdi. Dərsə başladığım ilk 10 gündən sonra Aytən müəllim mənə başqa şagirdlərlə birlikdə müsabiqəyə qatılacağımı israrla söylədi. Mən nə gözlərimə, nə də qulaqlarıma inanmadım. Bu, mənim üçün olduqca gözlənilməz idi. Müəllimim isə qərarında qəti olduğunu bildirdi və üstəlik dedi: - “Sən müsabiqəyə qatılacaqsan və qələbə də qazanacaqsan”. Mənə elə gəlirdi ki, həmin anlar mənim yaşadığım hisslərə göydə uçan quşlar da sevinirlər. Çünki həmin anda onlar da həmişəkindən daha şaqraq səslər çıxarır, budaqdan-budağa tullanaraq rəqs edirdilər. Hansı müsabiqəyə qatılacağımı biləndə isə sevinc hisslərimi məsuliyyət hissləri əvəzlədi. Bu, ölkə səviyyəsində ən möhtəşəm bir müsabiqə olacaqdı, “XI Beynəlxalq Muğam Müsabiqəsi”. Müsabiqə iştirakçılarının sadəcə öz ölkəmizdən deyil, həm də xarici ölkələrdən olan iştirakçılar olacağını eşidəndə isə lap çox həyəcanlandım.
“Nəhayət, gözlənilən an”
Demək olar ki, bütün günlər tam olaraq məşğələlərə həsr olunurdu. Aytən müəllim mənə rahatlıq vermirdi. Qalib olandan sonra doyunca dincələrsən, deyirdi. Və nəhayət gözlənilən an yetişdi və mən səhnəyə çıxıb çox sevdiyim “Qatar” muğamını ifa etdim. Həmin ərəfədə sevimli müəllimim məni öz məşhur sənət dostları ilə də tanış etmişdi. Onlar da mənim ifalarımı bəyənmişdilər.
Aparıcının dilindən, “Azərbaycandan olan 13 yaşlı son ifaçı “Qatar” muğamını səsləndirəcək” sözlərini eşidilən kimi zaldan gurultulu alqış səsləri eşidildi. Xoşbəxtlikdən zalda bütün diqqətlərin mənə yönəldiyini ani olaraq unuda bildim və sanki məşq edirəm kimi səhnəyə doğru sevinc hissləri ilə addımladım.
“Qatar” muğamı I yer
Muğamı və təsnifi çox ürəklə ifa etdim və ifam sona yetəndə zaldan eşitdiyim alqış səsləri ürəyimə yağ kimi yayıldı. Anamın, sevimli müəllimim Aytən Məhərrəmovanın və direktorumuz Aytən Əhmədovanın üzlərində xoş təbəssümü gördüm. Həmin anda mən sevimli müəllimimin ana məhəbbətini duydum. Bizi, böyük sənətkar, ustad tarzən Ağasəlim Abdullayev mükafatlandırdı. Birinci yer mənim ifa etdiyim “Qatar” muğamına verildi. Tamaşaçıların gurultulu alqışları ilə mənə diplom və digər hədiyyələr təqdim olundu. Həmin anlar keçirdiyim hissləri, inanın ki, ifadə edə bilmirəm. Bir o yadımdadır ki, qeyri-ixtiyari, “mən indi artıq Elvin Abdullayevəm”, sözlərini qışqıra-qışqıra dedim.
...Təbii olaraq Elvinin özünün dilindən eşitdiklərimiz onun ruhumuza mənəvi qida verən, insanı haldan-hala salmağa qadir olan, qanımıza hopan bal kimi muğam ifaçılığı sahəsində qazandığı ilk möhtəşəm uğuru idi. Sənətdə ilk uğuru isə onun gələcəkdə qazanacağı nailiyyətlərə işıq salan nurlu bir yol oldu. Belə ki, Elvin Abdullayev dəfələrlə Beynəlxalq və Azərbaycan bölgələri üzrə olan “World of Harmony” müsabiqəsinin qalibi olub. 10 dekabr 2020-ci ildən etibarən isə ustadı Aytən Məhərrəmova və sənət dostları ilə birlikdə televiziya verilişlərinə dəvətlər almağa başlayıb. Çox keçmədi ki, ən müqəddəs arzularından biri də gerçəkləşdi və Elvin sevimli müəllimi Aytən Məhərrəmovanın rəhbərliyi və sənət dostlarının iştirakı ilə Qarabağ torpağında, Cəbrayılda və Xudafərin körpüsündə verilən konsert proqramlarının iştirakçısı oldu. Həmin konsertlər lentə alınaraq Azərbaycan tamaşaçılarına təqdim olundu.
Elvin, arzularım çoxdur, söyləyir. Gələcəkdə müxtəlif ölkələrdə müsabiqə və festivallara qatılmaq, muğamımızı bütün dünya tamaşaçılarına sevdirmək ən böyük arzumdur-deyir.
Sifai SƏFƏROVA
|
|
09.12.2022 | 17:12 | |
|
|
|