Məktəblilərdə tədqiqatçılıq bacarıqlarının yüksəldilməsində fənn müəllimlərinin rolu və imkanlar | |
Şagirdlərə məktəb proqramı üzrə tələb olunan akademik biliklərin ötürülməsi ilə bərabər, onlarda bir sıra bacarıq və vərdişlərin formalaşdırılması da biz müəllimlərin qarşısında duran mühüm vəzifələrdəndir. Belə bacarıqlardan biri də şagirdlərin araşdırmalara düzgün yönəldilməsi və bunun inkişaf etdirilməsidir. Araşdırmaçı şagirdlər yetişdirmək müəllimlərdən xüsusi həvəs və ustalıq tələb edir. Fərdi maraqların nəzərə alınması, bu zəmində elmi araşdırmaların inkişaf etdirilməsinə nail olan müəllimlər şagirdlərin yaddaşında silinməz iz buraxır, onların gələcək həyatında təkanverici qüvvə kimi əhəmiyyətli rol oynayırlar.
Pedaqoji fəaliyyətim zamanı həm dərs əsnasında, həm də dərsdənkənar tədbirlər zamanı müxtəlif istiqamətdə işlər apararaq şagirdlərimdə elmi, bədii, texniki yaradıcılığın inkişafına təkan verə bilmişəm. Onları bu işə həvəsləndirmək üçün fərdi maraqlarının, ixtisas seçiminin nəzərə alınması daha yaxşı olar. Məsələn, hərbiçi olmaq istəyən şagirdimə “Müharibələr və ekologiya” mövzusunda elmi araşdırma aparmağı həvalə etdim. Bu məqsədlə ona plan-prospekt təyin edib, işə başladıq. Müharibələr haqqında KİV-dən, internet-axtarış şəbəkələrindən məlumat toplamaq mümkündür. Amma zənnimcə, müəllim-şagird bağının möhkəmlənməsi üçün planda elə bəndlər nəzərdə tutulmalıdır ki, müəllim elmi rəhbər kimi şagirdə heç yerdə rast gəlmədiyi daha dərin bilikləri də ötürə bilsin. Bizim situasiyada bu, “geofiziki müharibələr” və “bioloji müharibələr” oldu. Təəssüf ki, hadisələr elə gətirdi ki, qısa müddət sonra bütün dünya pandemiya şəraitinə düşüb, qapandı... və bioloji müharibəni əyani şəkildə gördük.
Memar olmaq istəyən digər şagirdimə isə Bakı şəhərinin timsalında “Şəhərsalma zamanı təbii şəraitin nəzərə alınması” mövzusunda araşdırma verdim. Planda nəzərdə tutduğum məqsədə çatmaq üçün şagird, Bakının iqlim və relyef xüsusiyyətlərinin şəhər planlaşdırılması zamanı nəzərə alınmamasının əhalidə hansı xəstəliklərə gətirib çıxaracağını aşkarlamış oldu. Bu cür yanaşmalar biz müəllimlərə savadlı, dünyagörüşlü, məsuliyyətli vətəndaşlar yetişdirməyə kömək edir. Təhsilin daha yüksək pillələrində belə “məktəb keçmiş” tələbələr yiyələndikləri təcrübələrdən aktiv şəkildə istifadə edirlər.
Araşdırmaları yarışmaya da çevirmək olar. Dünya ölkələrinin coğrafiyası, turizmi haqqında təqdimatlar hazırladır, “ən yaxşı təqdimat” müsabiqəsi elan edir və bu müsabiqəni dərs keçdiyim paralel siniflər arasında təşkil edirdim. Hər kəs təqdimatını vahid sosial qrupumuza yönəldir, beləcə, şəffaflıq gözlənilirdi. Qeyd edim ki, bu müsabiqəni də pandemiya şəraitində keçirdik. Odur ki, dünyanın “qapandığı” bir dövrdə biz virtual səyahətlər edir, öyrənir, yarışır, əylənirdik. Bu, həm də şagirdlərimin tədrisdən soyumasının qarşısını alırdı.
Daha aşağı siniflərdə (V-VIII) bu prosesi həyata keçirmək həssaslıq tələb edir. Mövzu verilir, şagirdlər qrup şəklində tədqiqata cəlb olunur. İlk vaxtlar onlarda belə təsəvvür olur ki, tədqiqat hazır materialları toplamaqdır. Lakin müəllim bunun məqsədimizə uyğun olmadığını ehtiyatla anlatmalıdır ki, şagirdlərdə ruh düşkünlüyü yaranmasın. Əlbəttə, əsas fəaliyyətdir. Doğru nəticəni müəllim tədricən diktə edəcək. Lakin qazanılmış təcrübə şagirdlərdə özgüvən yaradacaq. Təcrübəmdə belə şagirdlərimin tədricən təşkilatçılıq, müxtəlif növ yaradıcılıq qabiliyyətlərinin daha qabarıq üzə çıxdığını müşahidə etmişəm. Etimad hər zaman motivasiya verir.
Coğrafi tədqiqatlar şagirdlərdə geniş dünyagörüşü, fiziki-coğrafi və iqtisadi qanunauyğunluqlardan baş açmaq, ölkələrin xüsusiyyətləri, dövlətlərarası münasibətlər, dünya əhalisi, dünya turizmi, rekreasiya ehtiyatlarını dəyərləndirmək və s. kimi çoxşaxəli, maraqlı və əhəmiyyətli biliklərin toplanmasına, həmçinin şəxsi keyfiyyətlərin yüksəlməsinə səbəb ola bilər.
Vəfa SÜLEYMANOVA, Bakı şəhəri 53 nömrəli tam orta məktəbin coğrafiya müəllimi
|
|
09.12.2022 | 16:11 | |
|
|
|