Naxçıvanda maarifçilik ideyalarının təşəkkülündə İrəvan Müəllimlər Seminariyası məzunlarının xidmətləri

XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvanda maarifçilik ideyalarının təşəkkülündə İrəvan Müəllimlər Seminariyasının böyük rolu olmuşdur. İrəvan şəhərində 1881-ci il noyabr ayının 3-də əsası qoyulmuş bu tədris müəssisəsi 1885-ci ildə ilk buraxılışını vermişdir. Akademik Hüseyn Əhmədovun “Azərbaycanda məktəb və pedaqoji fikir tarixi” kitabının yeni nəşrində isə seminariyanın 1880-ci il noyabr ayının 25-də açıldığı göstərilmişdir. Qeyd edək ki, həmin ildə (1885-ci il) seminariyanı bitirmiş məzunların 25 nəfəri azərbaycanlı, 2 nəfəri isə dağıstanlı olmuşdur. Bu məzunlar Azərbaycanın digər bölgələrində oluğu kimi, Naxçıvan bölgəsində də fəaliyyət göstərən bir çox məktəblərdə dərs demişlər.

 

Mənbələrin məlumatlarından aydın olur ki, seminariyada Qasım Qənbərov Azərbaycan dilini, Məmmədbağır Qazızadə ədəbiyyatı, Mixail Klopov isə rus dili fənnini tədris etmişdir.

 

Azərbaycan Respublikası Dövlət Tarix Arxivində saxlanılan sənədlərin araşdırılmasından məlum olur ki, İrəvan Müəllimlər Seminariyasının ən çox azərbaycanlı məzunu 1890-cı ildə olmuşdur. Belə ki, həmin ildə bu seminariyanı 69 azərbaycanlı gənc bitirmişdir. Bu məzunlar İrəvan və Yelizavetpol quberniyalarında, Bakıda, Dağıstanda, Kutaisidə və Stavropolda pedaqoji fəaliyyətlə məşğul olmuşlar.

 

İrəvan Müəllimlər Seminariyasının məzunlarından bir çoxları təyinatlarına uyğun işlə təmin oluna bilmədikləri üçün müəllimlik sənətini ataraq qeyri-pedaqoji peşələrdə də işləmişlər. Bu haqda görkəmli pedaqoq Firidun bəy Köçərli yazırdı: “1888-ci ildə qızıl medal ilə institut kursunu tamam edən cavanlarımızdan cənab Hacı Rəhimbəy Qayıbova şəhərdə yer verilməyib, İrəvan uyezdində Uluxanlı qəryəsinə müəllim təyin olundu. O da bir-iki sənə kənd müəllimliyi edib özü üçün tərəqqi yolu görməyib, okrujnoy sud (dairə məhkəməsi-T.X) məhkəməsində qulluğa girdi”.

 

Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində saxlanılan sənəddən məlum olur ki, 1902-ci ildə İrəvan Müəllimlər Seminariyasının tərkibində xəzinə hesabına 6 ibtidai məktəb də fəaliyyət göstərmişdir. Həmin məktəblərin 2-si şəhər, 4-ü isə kənd məktəbi olmuşdur.

 

Tədqiqatçı Cəlal Allahverdiyev yazır: “1882-ci ildə İrəvanda 64 nəfər şagirdi olan daha bir Müəllimlər Seminariyası da fəaliyyət göstərmişdir”.

 

Qeyd edək ki, İrəvan şəhərində 1920-ci ildən sonra elmin və mədəniyyətin inkişafı üçün Pedaqoji texnikum da yaradılmışdır. Məktəbin tanınmış müəllimlərindən Əsəd Məmmədov, Əjdər Kazımov, Qadir Məmmədov, Məmmədəli Məhərrəmov, Əli Həsənov, Tağı Məhərrəmov, İsmayıl İsmayılov, Qulam Namazov və başqaları İrəvan Pedaqoji Texnikumun məzunları olmuşdur.

 

XIX əsrin sonu, XX əsrin əvvəllərində Naxçıvanda maarifçilik ideyalarının təşəkkülündə İrəvan Müəllimlər Seminariyasının məzunlarından Məmmədqulubəy Kəngərlinin, Rəhim Xəlilovun, Axund Məmmədbağır Kazımzadənin, Məmməd Axundovun, Hacı Məmmədəli oğlunun, Məmmədbəy Qazıyevin, Tağı bəy Səfiyevin, Sadıq Xəlilovun, Mirzə Cəlil Şürbinin, Qasım bəy Camalbəyovun, Eynəli bəy Sultanovun və başqalarının adlarını qürur hissi ilə çəkə bilərik.

 

Bu dövrdə Naxçıvanda maarifçilik ideyalarının təşəkkülündə Məmmədqulubəy Kəngərlinin misilsiz xidmətləri olmuşdur. O, 1864-cü ildə Naxçıvan şəhərində anadan olmuş, 1905-ci il avqust ayının 29-da Batumi şəhərində erməni komitəsi tərəfindən 41 yaşında faciəvi şəkildə qətlə yetirilmişdir.

 

Akademik İsa Həbibbəyli Məmmədqulubəy Kəngərlinin maarifçilik fəaliyyəti haqqında yazır: “Məmmədqulubəy Kəngərli birbaşa mənsub olduğu xalqa xidmət göstərmək niyyəti ilə hərbi işi buraxıb maarifçilik cəbhəsinə keçmək qərarına gəlmişdi”.

 

Məmmədqulubəy Kəngərli 1893-cü ildə istefa verdikdən sonra aşağıdakı iki istiqamətdə maarifçilik fəaliyyətini davam etdirmək qərarına gəlmişdi:

 

1. Vəkil-hüquqşünas; 2. Məktəbdarlıq. Məhz onun nə üçün vəkil peşəsini seçdiyi “Həyat” qəzetində çap olunmuş məqalədə daha açıq şəkildə ifadə edilirdi: “Candan əziz sevdiyi millətinin ən ziyadə nəyə möhtac olduğunu təhqiq etdi. Bildi ki, İrəvan quberniyasının müsəlmanları əməlsizlikdən, dövlətin qanunu, məmurların ixtiyarını bilməmələrindən hər an bir müsibətdən digər bir bəlaya düçar olurlar. Bildi ki, ən əvvəl müqtədir bir vəkil olub millətə xidmətə buradan başlamaq lazımdı”.

 

Qeyd edək ki, Məmmədqulubəy Kəngərli müəllimlik fəaliyyəti ilə də məşğul olmuşdur. O, Qafqazda ilk dəfə olaraq “Leyli” qız məktəbini açmışdır. “Həyat” qəzetində Məmmədqulubəy Kəngərlinin müəllimlik fəaliyyəti haqqında deyilirdi: “Şəhi-ali-məqam belə ciddi, əhəmiyyətli bir xidmət ilə məşğul ola-ola, övladi-millətin tərbiyə və təhsilini əsla yaddan çıxarmazdı. Millətin səlamət və tərəqqisi üçün ən birinci qapı, ən birinci vasitə zəmanənin təqazasına görə açılacaq məktəb olduğunu çox yaxşı bilirdi. Axırda vəkilliyin ağırlığına baxmayaraq, Qafqazda birinci müsəlman “milli” məktəbi açdı. Ömürlərini müəllimlikdə çürüdüb, Qafqazda bu qədər böyük şəhərlərində bir müsəlman məktəbi aça bilməyən müəllimlərə ən ibrət bəxş bir nümunə, bir müəllim oldu. Məktəbi az vaxtda dərəceyi-tərəqqinin ən üst mərtəbəsinə çıxardı”.

 

İrəvan Müəllimlər Seminariyasının məzunlarından Məmmədbəy Qazıyevin də Naxçıvanda maarifçilik ideyalarının təşəkkülündə böyük rolu olmuşdur. O, 1867-ci il yanvar ayının 18-də Naxçıvan şəhərində anadan olmuş, 1909-cu il mart ayının 30-da Uluxanlı stansiyasında sərnişin qatarının altına düşərək faciəli şəkildə vəfat etmişdir. Məmmədbəy Qazıyev İrəvan Müəllimlər Seminariyasındakı təhsilini başa vurduqdan sonra (1886-cı ildə-T.X) elə həmin ilin avqust ayının 1-də təyinatla Uluxanlı normal məktəbinə ikinci müəllim vəzifəsinə göndərilmişdir. O, bu məktəbdə cəmi bir il işləyə bilmişdir. Buna səbəb onun 1887-ci il avqust ayının 7-də qəflətən ağır xəstələnməsi idi. Bir müddət müalicə aldıqdan sonra yenidən pedaqoji fəaliyyətə başlamış, 1888-ci il iyun ayının 1-də Xalq Məktəbləri Direktorluğunun (XTD) 895 nömrəli əmri ilə Baş Noraşen ikisinifli məktəbinə müdir əvəzi vəzifəsinə təyin olunmuşdur. O, Baş Noraşen məktəbindən sonra Uluxanlı məktəbinə getmiş, 1896-1909-cu illərdə bu məktəbdə nəzarətçi müəllim vəzifəsində çalışmışdır. Onun məktəbdarlıq sahəsindəki uğurlu fəaliyyətini Xalq Məktəbləri Direktorluğu daim diqqət mərkəzində saxlamışdır.

 

Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində saxlanılan bir sənəddə Məmmədbəy Qazıyevin III dərəcəli “Müqəddəs Anna” ordeni ilə təltif olunduğu da göstərilmişdir.

 

XIX əsrin sonu, XX əsrin əvvəllərində Naxçıvanda maarif nurunun yayılmasında İrəvan Müəllimlər Seminariyasında 1889-1893-cü illərdə təhsil almış naxçıvanlı maarifpərvər ziyalı Tağı bəy Səfiyevin də çox böyük rolu olmuşdur. O, bu seminariyadakı təhsilini başa vurduqdan sonra təyinatı üzrə Baş Noraşen məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. “Molla Nəsrəddin” jurnalında dərc olunmuş məqalədən aydın olur ki, Tağı bəy Səfiyev 1895-1896-cı illərdə Nehrəm kənd məktəbində ikinci müəllim vəzifəsində də işləmişdir. Onun Nehrəm kəndində fəaliyyət göstərən məktəbdə ikinci müəllim vəzifəsinə təyin olunmasında böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin böyük rolu olmuşdur.

 

Qeyd edək ki, Tağı bəy Səfiyev Nehrəm məktəbində rus dili fənnindən dərs demişdir. O, bu fənnin məktəblərdə tədrisinin təkmilləşdirilməsinin yeni metod və yolları haqqında Rusiya Maarif Komissarlığına (RMK) özünün hazırladığı xüsusi bir layihə də təqdim etmişdir. Onun bu layihəsi Rusiya Maarif Komissarlığı tərəfindən bəyənilmişdir. Bu münasibətlə Tağı bəy Səfiyevi Rusiya Maarif Komissarlığı “Maarif zərbəçisi” döş nişanı ilə təltif etmişdir.

 

Tağı bəy Səfiyev eyni zamanda bir ictimai xadim kimi də fəaliyyət göstərmişdir. O, Türkiyə – Rusiya və Azərbaycan arasında bağlanmış Qars müqaviləsinin imzalanma mərasimində Naxçıvan nümayəndəliyinin tərkibində iştirak etmişdir.

 

Tağı bəy Səfiyevin o dövrdə bir ictimai xadim kimi tanınması, mövcud hakimiyyət orqanlarının bir çox məmurlarını narahat etməsi, onun 1937-ci il repressiya qurbanlarının siyahısına daxil olmasına səbəb olmuşdur. O, 1937-ci ildə həbsdə olmuş, 1939-cu ildə Baş Noraşendə ürək tutmasından qəflətən vəfat etmişdir.

 

XIX əsrin sonu, XX əsrin əvvəllərində Naxçıvanda maarifçilik ideyalarının inkişafında seminariyanın nümunəvi məzunlarından Sadıq Xəlilovun da danılmaz xidmətləri olmuşdur. O, 1864-cü il dekabr ayının 20-də Naxçıvan şəhərində dünyaya göz açmış, 1905-ci il noyabr ayının 3-də isə Naxçıvan şəhərində faciəli şəkildə qətlə yetirilmişdir.

 

Sadıq Xəlilov ilk təhsilini 1877-1882-ci illərdə Naxçıvan şəhər ibtidai məktəbində almış, 1882-ci ildə İrəvan Müəllimlər Seminariyasına qəbul olmuş, 1886-cı ildə isə seminariya təhsilini başa vurmuşdur. Xalq Məktəbləri Direktorluğu (XMD) 1886-cı il 01 iyul tarixli 284 saylı sərəncamı ilə Sadıq Xəlilovu Yengicə məktəbinə ikinci müəllim vəzifəsinə təyin etmişdir.

 

Sadıq Xəlilov bir il Yengicə məktəbində müəllim işlədikdən sonra 1888-ci il iyul ayının 14-də Nehrəm kənd məktəbinə eyni vəzifəyə (ikinci müəllim vəzifəsinə-T.X) dəyişdirilmişdir. O, bu məktəbdə də uzun müddət qalmamış, Xalq Məktəbləri Direktorluğunun (XMD) 1892-ci il 14 sentyabrında imzaladığı 1666 nömrəli əmri ilə yenidən Yengicə məktəbinə qaytarılmışdır.

 

Akademik İsa Həbibbəyli “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” adlı tədqiqat əsərində yazır: “Sadıq Xəlilov 1901-ci ildən etibarən Naxçıvan şəhər məktəbində ana dili və şəriət müəllimi işləmişdir. 22 aprel 1902-ci ildə isə Azərbaycan və rus dillərini mükəmməl bilən savadlı ziyalı kimi Naxçıvan şəhər rəisi Cəfərqulu Naxçıvanskinin köməkçisi vəzifəsinə dəyişdirilmişdir”.

 

XIX əsrin sonu, XX əsrin əvvəllərində İrəvan Müəllimlər Seminariyasının tanınmış naxçıvanlı məzunlarından Mirzə Cəlil Şürbi (Mirzəyev) Naxçıvanda maarifçilik ideyalarının təşəkkülündə öndə gedənlərdən biri olmuşdur. O, 1874-cü il fevral ayının 12-də Naxçıvan şəhərində anadan olmuş, 1915-ci il sentyabr ayının 4-də isə Naxçıvan şəhərində dünyasını dəyişmişdir. Başqa bir mənbədə isə onun 1865-ci ildə doğulduğu göstərilmişdi.

 

Əli Şamilovun “Sovet Naxçıvanı” qəzetində dərc olunmuş “İkinci Mirzə Cəlil” başlıqlı məqaləsində deyilirdi: “M.C.Şürbi (Mirzəyev) Naxçıvan şəhər məktəbini bitirdikdən sonra 1888-ci ildə İrəvan Müəllimlər Seminariyasına daxil olmuş, 1892-ci ildə seminariyadan məzun olmuşdur”.

 

Mirzə Cəlil Şürbi (Mirzəyev) seminariyadakı təhsilini başa vurduqdan sonra (1892-ci ildə) təyinatı üzrə Şərur-Dərələyəz qəzasının Aralıq ibtidai məktəbində müəllimlik fəaliyyətinə başlamışdı. İki il burada işlədikdən sonra 1894-cü ildə Nehrəm kənd məktəbinə dəyişdirilmişdir. Lakin onun Nehrəm kənd məktəbindəki müəllimlik fəaliyyəti çox çəkmədi. Çünki, o yenidən Naxçıvan şəhər məktəbinə göndərildi. Yazıçı Məmməd Səid Ordubadi xatirələrində Mirzə Cəlil Şürbi ilə ilk tanışlığından yazırdı: “Yay aylarının birində... Naxçıvana gəlmişdi... Şair bala Əşrəf məni Şürbi Mirzə Cəlil ilə tanış etdi. Bu tanışlıq mənim Mirzə Cəlil Məmmədquluzadə ilə birinci kərə görüşməyim üçün zəman yaratdı”.

 

Mənbələrdə Mirzə Cəlil Şürbinin 1903-1908-ci illərdə Ordubad qəzasının Vənənd kənd ibtidai məktəbində nəzarətçi vəzifəsində işlədiyi də göstərilmişdir. Mirzə Cəlil Şürbi bir müddət Vənənd kənd ibtidai məktəbində nəzarətçi işlədikdən sonra geri çağırılmış, Naxçıvan şəhər rus-tatar məktəbinə müdir vəzifəsinə təyin edilmişdir. O, bu vəzifədə 1913-cü ilin əvvəllərinədək çalışmışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində saxlanılan bir sənəddə Mirzə Cəlil Şürbinin pedaqoji fəaliyyətinə görə 1909-cu ildə “Kollec reqistratoru” rütbəsi verildiyi göstərilmişdir.

 

Qeyd edək ki, Mirzə Cəlil Şürbi 1914-cü il avqust ayının 27-də Xalq Məktəbləri Direktorluğunun xüsusi bir sərəncamı ilə Şahbuz məktəbinə dəyişdirilmişdir. Bunun əsas səbəbi onun Naxçıvan mühitindən uzaqlaşdırılması idi. Bu dəyişiklik heç də Mirzə Cəlil Şürbinin razılığı ilə olmamışdı. Ona görə də o, bir müddət Şahbuz məktəbinə getmək istəməmişdir. Lakin maddi vəziyyəti ilə əlaqədar olaraq getməyə məcbur olmuşdur.

 

XX əsrin əvvəllərində İrəvan Müəllimlər Seminariyasının bacarıqlı naxçıvanlı məzunlarından Qasım bəy Camalbəyovun da adını çəkə bilərik. Siyasi və diplomatiya tarixində özünəməxsus xidmətləri olan Qasım bəy Camalbəyov 1881-ci ildə Naxçıvan şəhərində dünyaya göz açmış, 1938-ci ildə isə Bakı şəhərində qətlə yetirilmişdir.

 

Qasım bəy Camalbəyovun atası Abbasqulu bəy 7 yaşında olarkən oğlunu mədrəsəyə oxumağa göndərmişdir. Mədrəsə təhsilini yarıda kəsən Qasım bəy Camalbəyov daha sonra təhsilini “Məktəbi-tərbiyə” (“Tərbiyə”) məktəbində davam etdirmişdir. O, iki il bu məktəbdə təhsil aldıqdan sonra şəhər dördillik məktəbinə daxil olmuşdur.  Pedaqogika üzrə elmlər doktoru professor Rüfət Hüseynzadə yazır: “Qasım bəy Camalbəyov 1901-ci ildə İrəvan Müəllimlər Seminariyasında imtahan vermiş, xalq müəllimi rütbəsi almış, 1901-ci ildən 1911-ci ilədək İrəvan quberniyasının müxtəlif kəndlərində müəllimlik etmiş, 1912-ci ildən isə tərcüməçi işləməyə başlamışdır”.

 

XIX əsrin sonu, XX əsrin əvvəllərində Naxçıvanda maarifçilik ideyalarının təşəkkülündə İrəvan Müəllimlər Seminariyasının tanınmış naxçıvanlı məzunlarından biri də Eynəli bəy Sultanov olmuşdu. O, Naxçıvan qəza məktəbində ibtidai təhsilini 1879-cu ildə başa vurmuş, bir il sonra, yəni 1880-ci ildə İrəvan Müəllimlər Seminariyasına daxil olmuşdur.

 

Eynəli bəy Sultanovun yüksək hazırlığına, mənəvi yetkinliyinə, ədəbi istedadına görə İrəvan Müəllimlər Seminariyasında axıradək oxuyub tam kursu bitirməsinə ehtiyac qalmamışdı. O, 1886-cı il iyun ayının 5-də seminariyanın yeddinci sinfindən çıxmışdır. Elə həmin ildə İrəvan Müəllimlər Seminariyasının Pedaqoji Şurasının qərarı ilə 538 nömrəli müəllimlik şahadətnaməsinə əsasən ona şəhər ibtidai məktəblərində müəllimlik etmək hüququ verilmişdir.

 

Eynəli bəy Sultanov İrəvan Müəllimlər Seminariyasında oxuduğu müddətdə mükəmməl təhsil almış, xüsusən Avropa dövlətlərini və Qərb maarifçiliyini dərindən öyrənə bilmişdir. O, rus, latın, yunan və fransız dillərini, fənlərdən isə riyaziyyat, fizika, tarix, coğrafiya, ilahiyyat və hüsnxət kimi fənləri öyrənməyə həvəs göstərmişdir. Onu da qeyd edək ki, mənbələrdə Eynəli bəy Sultanovun 1881-1882-ci tədris ilinin imtahanlarında yunan dili və ədəbiyyatı, latın dili və tarixi fənlərindən “əla” qiymətlər aldığı, tərcümə məşğələləri zamanı xüsusi qabiliyyət nümayiş etdirdiyi göstərilmişdir.

 

Pedaqogika üzrə elmlər doktoru professor Rüfət Hüseynzadənin araşdırmalarına nəzər saldıqda İrəvan Müəllimlər Seminariyasının daha bir naxçıvanlı məzunu Axund Məmmədbağır Kazımzadənin adının çəkildiyini görərik.

 

Naxçıvan şəhər ibtidai məktəbində tatar dili (Azərbaycan dili-T.X) müəllimi işləmiş Axund Məmmədbağır Kazımzadə Naxçıvanda maarifçilik ideyalarının təşəkkülündə mühüm işlər görmüşdür.

 

XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvanda maarifçilik ideyalarının təşəkkülündə İrəvan Müəllimlər Seminariyasının naxçıvanlı məzunlarından Məmməd Axundovun, Hacı Məmmədəli oğlunun və Rəhim Xəlilovun da unudulmaz xidmətləri olmuşdur. “Kavkazskiy kalendar”ın 1900-cü il məcmuəsinin 235-ci səhifəsində Rəhim Xəlilovun Uluxanlı məktəbinə, daha sonra isə İrəvan Müəllimlər Seminariyasına dəvət olunduğu göstərilmişdir.

 

Təəssüf hissi ilə bir məsələni də vurğulamaq lazımdır ki, 37 ilə qədər fəaliyyət göstərən bu təhsil ocağı (İrəvan Müəllimlər Seminariyası) 1918-ci ilin avqust ayının 6-da, İrəvan gimnaziyası isə Uluxanlı məktəbi ilə eyni vaxtda fəaliyyətini dayandırmışdır. Uluxanlı məktəbi 1920-ci ildə yenidən açılsa da İrəvan Müəllimlər Seminariyası və İrəvan gimnaziyası bir daha fəaliyyət göstərməmişdir.

 

Beləliklə, XIX əsrin sonu, XX əsrin əvvəllərində Naxçıvanda maarifçilik ideyalarının təşəkkülündə İrəvan Müəllimlər Seminariyasının böyük rolu olmuşdur. Burada dərs deyən müəllimlər təkcə tədrislə məşğul olmamış, həm də böyük ictimai-siyasi, elmi-pedaqoji və metodiki işlər həyata keçirmişlər. İrəvan Müəllimlər Seminariyasının məzunları Azərbaycanın bir çox bölgələrində, o cümlədən Naxçıvan bölgəsində uğurla pedaqoji işlə məşğul olmuş, xalqın, millətin tərəqqisində və  irəli getməsində mühüm işlər görmüşlər.

 

Taleh XƏLİLOV,

Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin dekan müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent

 



09.12.2022 | 15:18